"Metod haqqında düşüncələr" - Sevinc Nəcəfli


Elmi idrakın məqsədi yalnız predmet ve hadisələr haqqında empirik və nəzəri biliklər əldə etmək olmayıb, həmçinin biliyin alınmasına imkan verən metodların yaradılması ilə bağlıdır. Müasir təbii - elmi idrakı səciyyələndirən ən qabarıq cəhətlərdən biri onun bütün sahələrində metodlardan geniş istifadə edilməsidir. Gündəlik həyatda olduğu kimi elmdə də
hər cür bilik yalnız metodlar əsasında qazanılır. Müasir dövrdə elmi biliklərin həcminin artması ilə əlaqədar olaraq metod və üsulların hərtərəfli və miqyaslı təhlili mühüm əhəmiyyət kəsb edir.
İnsanın  nəzəri və əməli fəaliyyətinin müxtəlif sahələrində müəyyən metodlardan  istifadə etməsi onun məqsədyönlü fəaliyyətinin, həmçinin həyat tərzinin mühüm xüsusiyyətlərindən biridir. Öz hərəkətlərini şərti və şərtsiz reflekslər əsasında instiktiv  şəkildə quran ali heyvanlardan fərqli olaraq, insan şüurlu fəaliyyət göstərir. İnsan fəaliyyətə başlamazdan əvvəl mövcud şəraiti hərtərəfli təhlil edir, qarşısına müəyyən məqsədlər qoyur və bu məqsədləri reallaşdırılmağın müxtəlif yollarını, üsulların müəyyənləşdirdikdən sonra ətraf aləmə məqsədə uyğun şəkildə təsir göstərməyə başlayır. Məqsədyönlü insan fəaliyyəti qarşıya qoyulmuş məqsədin həyata keçrilməsinə imkan verən yolların, üsulların əvvəlcədən müəyyənləşdrilməsini tələb edir.
Nəticədə insan fəaliyyətini idarə edən, bu fəaliyyətin gedişində meydana çıxan bir sıra praktiki və nəzəri problemlərin həllinə imkan verən bu üsullar müəyyən normalar, qaydalar, prinsiplər şəklində ümumiləşdirilərək metoda çevrilir.
Metod yunan sözü olub, etimoloji cəhətdən yol, şərh, tədqiqat, üsul mənasına uyğun gəlir. Bir çox fəlsfi ədəbiyyatlarda metoda yalnız yanaşma üsulu, yaxud ona praktiki və ya nəzəri təsir üsulu kimi baxılması yalnışdır. Çünki metod gerçəkliyin təkcə xarici cəhətlərinin dərk olunması ilə kifayətlənməyib, həm də təbiət və cəmiyyətin əlaqə və münasibətlərinin, inkişafının adekvat inikası ilə bağlıdır. Metod materiyanın hərəkət və inkişafının ümumi qanunauyğunluqları, gerçəkliyin ən ümumi əlaqə və xassələrinin inikası olan təfəkkürün qanun və kateqoriyaları ilə sıx şəkildə bağlıdır.
Metod məqsədə çatmaq, gerçəkliyin dərk olunmasına və onun praktiki dəyişdirilməsinə nail olmaq üçün müəyyə üsullar ilə  insanların nəzəri və praktiki fəaliyyətini tənzimləyən prinsiplərin dialektik məcmusudur. Metod həmişə bir - birilə bağlı olan tərəflərin - obyektiv və subyektiv tərəflərin sintezindən ibarətdir. Metodun obyektiv tərəfini dərk olunmuş qanunauyğunluqlar, prinsiplər və bu prinsiplər əsasında işləyib hazırladıqları üsullar isə metodun subyektiv tərəfini təşkil edir.
Məntiq və metodoloji problemlər, o cümlədən müasir elmin istifadə etdiyi metod və üsulların tətbiqi mühüm əhəmiyyət kəsb edir. Lakin metodoloji problemlərin öyrənilməsi elmdə yeni məsələ deyildir. Bu məsələnin qoyuluşu və inkişaf etdrilməsi qədim tarixə malik olub, müxtəlif dövrlərdə filisofların və təbii - elmi bilik sahiblərinin irəli sürdükləri müxtəlif metodların varlığı ilə bağlıdır. Tarixin müxtəlif dövrlərində yaşamış filisoflar elmi idrakda metodların istifadə edilməsini fərqli şəkildə dəyərləndirmişlər. Məsələn,Yeni dövr fəlsəfəsinin yaradıcısı F.Bekon "Yeni orqanon" adlı əsərində metodu qaranlıq gecədə yolçunun yolunu işıqlandıran fənərə bənzədərək yazırdı: "Hətta  düz yolla gedən çolaq belə daşlı - kəsəkli gedən sağlam admı ötə bilər". F. Bekon metodu düz yola bənzədərək göstərirdi ki, metod məqsədə çatmağın ən dəyərli vasitəsidir. XVIII əsir fransız riyaziyyatçısı və filosofu Laplas qeyd edirdi ki, hər hansı bir metod əsasında böyük bir kəşf etmiş alimin istifadə etdiyi metod onun kəşfindən heç də az əhəmiyyət kəsb etmir. Alman riyaziyyatçısı və filisofu Lixtenberq yazırdı: "İnsanları nə barədə öyrətməkdənsə, necə düşünməyi öyrətmək daha əhəmiyyətlidir".
Metodun öyrənilməsi öz başlanğıcını qədim yunan fəlsəfəsindən götürmüş və ilk metodoloji proqramlar Yeni dövrdə formalaşdrılmışdır. Yunan elmində Sokrat müsahibə adı ilə dialektik metod formulə etmiş, qədim Yunanıstanda isə Aristotel sillogizm və induktiv metod irəli sürmüşdü. Qədim yunan elmində digər bir metod Evkilid tərəfindən təklif edilmişdir. Evklid həndəsəni yaradarkən aksiomatik metodu irəli sürüb.
Metodologiyanın inkişafının ən intensiv dövrü Avropada Yeni dövr fəlsəfəsi olub. Bu dövrdə iki filisof - F. Bekon və R.Dekart Qalileyin kəşflərinə söykənərək misilsiz metodoloji proqram yaratmışlar. F.Bekonun yaratdığı metodoloji proqram emprik proqram, onun istifadə etdiyi məntiqi metod induktiv metod, R. Dekartın yaratdığı metodoloji proqram ratsional proqram, onun məntiqi metodu isə deduktiv metod olub.Sonraki dövrlərdə fəlsəfədə metafizik metod, Hegelin idealist metodu, K.Marksın materialist - dialektik metodu özünə yer alıb.
Metod təkcə fəafiyyət üsulu olmayıb, həmçinin biliyin xüsusi formasıdır. Bu biliyin xüsusiyyəti bundan ibarətdir ki, o tədqiqat obyekti haqqında informasiya mənbəyi olmaqla yanaşı, subyektin idrak obyektinə məqsədyönlü təsirinin norması kimi də çıxış edir. Elmi idrak adi idrakdan təkcə tədqiqt obyektinə görə deyil, həm də istifadə etdiyi metodlara görə fərqlənir. Adi idrakdan fərqli olaraq elmi idrak yalnız dərk edilmiş metodlardan istifadə etdiyi üçün o hadisə və proseslərin mahiyyətinə nüfuz etmək, onları nəzəri cəhətdən mənimsəmək imkanı qazanır. Elmi idrak metodu alimin fəaliyyətinə düzgün istiqamət verməklə öz tədqiqiat sahəsində həqiqi biliklər əldə etmək üçün ən optimal və qısa yolu seçməkdə köməklik edir. Elmi idrak metodu idrakın yolunu nizama salır, elmi tədqiqtda düzgün istiqamət göstərməyə, həqiqətə daha rasional yolla çatmağa, vaxta və enerjiyə qənaət etməyə imkan verir. Metod insan təfəkküründə mövcud olan bilikdir, məntiqi idrakın formasıdır.


Metod haqqında danışarkən belə bir məsələ xüsusui maraq kəsb edir. Metodun seçilməsi mütləq ixtiyari xarakter daşıyır, yoxsa bu seçim müəyyən obyektiv amillərdən asılıdır?  Arşdırmalar göstərir ki, metodun seçilməsi əvvəla idrak obyektinin xarakterindən asılıdır. Lakin bu o demək deyildir ki, biliyin hər hansı bir sahəsinə tətbiq olunan metod onun başqa sahələrinə nüfuz edə bilməz. Müasir elmin inkişafı ilə bağlı olaraq elimlərin diferensiasiyası (elimlərin şaxələnməsi) və inteqrasiyasının (elimlərin birləşməsi) həyata keçrilməsi nəticəsində metodların bir elm sahəsindən digər elm sahəsinə  keçməsi prosesi baş verir. Hazırda fizikanın metodları riyaziyyata (riyazi fizika), kimyanın metodları geologiyaya (geokimya), biologiyaya (biokimya), riyazi metodlar linqivistikaya (riyazi linqivistika) və s. tətbiq edilməsi nəticəsində yeni elm sahələri yaranır.
Beləliklə, metodun seçilməsi iki obyektiv amildən asılıdır:
1. Metodun seçilməsi idrak obyektindən, yəni öyrənilən predmet və hadisədən, əlamət və münasibətdən asılıdır. Bu baxımda hər bir idrak obyektinin özünəməxsus idrak metodu var. Məsələn; spektral analiz metodu ancaq şüalandıran cisimlərə, hibridləşdərmə metodu isə anaq canlı orqanizimlərə tətbiq olunur.
2. Metodun seçilməsi idrak vasitələrindən asılıdır. İdrak vasitəsi dedikdə dərk edən subyektlə obyekt arasında yerləşən və onların qarşılıqlı təsirini təmin edən maddi və ideal sistemlər nəzərdə tutulur. İdrak vasitələri tərkibcə cihaz və modellərə bölünür. Cihaz  insanların hiss orqanlarının inkişafını təmin edən və bu orqanların davamə kimi çıxış edən vasitədir. Model isə obrazdır, surətdir. İdrak obyektini öyrənmək çətin olduqda onu modellə əvəz edirlər. Məsələn, qlobus və xəritə Yer kürəsinin modelidir.
Nəticədə , elmi tədqiqatda tətbiq edilən idrak metodunun seçilməsi mütləq ixtiyarı olmayıb, bir tərəfdən idrak obyektinin xassə və xüsusiyyətləri, digər tərəfdən idrak vasitəsinin xüsusiyyətlərindən asılıdır.
Müasir elmin sərəncamında çoxlu metodlar var. Bu metodları müxtəlif  bölgü prinsiplərinə görə təsnif etmək olar. Metodların ümumilik dərəcəsinə görə  şərti olaraq üç qrupa bölünür:
1. Gerçəkliyi bütün sahələrində tətbiq oluna bilən,elmi idrakın universal, ən ümumi metodları. Dialektik metod , riyazi və məntiqi metodlar, sistem yanaşma metodu və s.
2. Elmi idrakın ümumi metodları.  Bu metodlar eyni zamanda bir neçə elimdə tətbiq olunurlar.Ən ümumi metodlardan fərqli olaraq elmi idrakın ümumi metodları idrak prosesinin bütün mərhələlərində deyil, yalnız idrak obyektinin müəyyən aspektlərini, xüsusiyyətlərini, xassələrini öyrənən bu və ya digər mərhələlərində tətbiq olunur. Məsəslən ,analogiya və modelləşdirmə , induksiya və deduksiya, ekspermemt, müşahidə və s.
3. Məhdud təsir dairəsinə malik olub , adətən bir elm  çərçivəsində istifadə olunan elmi idrakın xüsusi metodları. Məsələn, biologiyada hibridləşmə metodu, kosmoqoniyada radioaktiv parçalanma metodu, radiotexnikada çevrilən tezlik metodu və s.
Elmi idrakın metodları içərisində ümumi metodlar xüsusi yer tutur. Müasir metodologiyanın ən fundamental problemlərindən biri elmi idrakın ümumi metodlarının təsnifatını verməkdir. Elmi idrakın ümumi metodları biliyin formalarına görə təsnif edilir. Bizə məlumdur ki, biliyin iki forması - emprik və nəzəri bilik var. Biliyin empirik və nəzəri formalarının dialektik vəhdətinə uyğun olaraq elmi idrakın ümumi metodları üç qrupa ayrılır.
1. Elmi idrakın yalnız emprik səviyyəsində tətbiq olunan  emprik metodlar: müşahidə,müqayisə, analogiya, ölçmə, eksperiment;
2. Elmi idrakın yalnız nəzəri səviyyəsində tətbiq olunan nəzəri tədqiqat metodları: formalaşdırma , aksiomatik metod , ideallaşdırma , abstraktdan konkretə yüksəlmə metodu.
3. Elmi idrakın həm empirik, həm də nəzəri səviyyələrində tətbiq olunan empirik - nəzəri metodlar: modelləşdirmə , abstraklaşdırma , induksiya və deduksiya, analiz və sintez, tarixi və məntiqi metod.
Metod anlayışı ilə yanaşı metodologiya anlayışı da vardır. Həm fəlsəfi , həm də xüsusi elmi ədəbiyyatlarda metodologiya anlayışının birmənalı tərifinə rast gəlinmir. Metodologiya qədim tarixə malikdir. Müxtəlif dövrlərdə, hətta eyni bir dövürdə metodologiyanı fərqli mənalarda işlətmişlər. Hələ antik mədəniyyətdə fəlsəfə elmlər içərisində üstünlük təşkil edib. Buna səbəb elimlərin zəif inkişaf etməsi və fəlsəfədən ayrılması olub. Hətta XVI - XVII əsrlərdə yeni təbiətşünasləğın yaranması ilə əlaqədar elmlər inkişaf yoluna qədəm qoysalar da metodologiya ilə yalnəz fəlsəfə məşğul olub. XIX əsrin ikinci yarısı , xüsusilə əsrin sonunda elimlərin diferensiasiyası və inteqrasiyası ilə əlaqədar təbiətşünaslıqda metodologiyaya maraq artmış və ayrı - ayrı təbiət elmləri öz metodlarını yaratmışlar.  Konkret elmlər istifadə etdikləri xüsusi metodlar əsasında elmi biliyin müxtəlif tərəflərini təhlil etməyə başlamışlar. Metodologiya anlayışı müxtəlif mənalarda işlədilir. Bəzən onu bir mənada fəlsəfə ilə eyniləşdirirlər. Digər mənada isə elmin fəlsəfəsi ilə qarışıq salırlar. Lakin bu yalnışdır. Metodologiya fəlsəfənin tərkib hissəsidir. Fəlsəfə  təbiətin, cəmiyyətin, idrakın və təfəkkürün ən ümumi inkişaf qanunları haqqında elmdir. Elmin fəlsəfəsi isə elmin elə bir tərkib hissəsidir ki, o baxılan elm ilə fəlsəfə arasında yaranan əlaqələrin törətdiyi müştərək problemlərin həllinə imkan verir, fəlsəfənin inkişaf yollarını işıqlandırır, onun gələcək inkişafını praqnozlaşdırır.
Mövcud fəlsəfi ədəbiyyatlarda metodologiya anlayışı əsasən aşağıdakı mənalarda işlədilir:
1. Təbiət və cəmiyyət hadisələrinə yanaşma üsuludur;
2. Tədqiqit üsulları haqqında təlim, başqa sözlə metodikadır;
3. Müəyyən məsələni həll etmək, məqsədə çatmaq üçün istifadə olunan yol və üsullar haqqında təlim və ya nəzəriyyədir;
4. Elmin müxtəlif sahələrində tətbiq olunan tədqiqat üsullarının, prinsiplərinin, metodlarının məcmusudur.
Bir qisim müəlliflərə görə metodologiya gerçəkliyin dərki və dəyişdirilməsi prosesində istifadə olunan metodların məcmusudur.
Deyilənləri yekunlaşdırb, metodologiyanın predmeti haqqında belə nəticəyə gələ bilərik. Metodologiya idrak prosesində tətbiq olunan metodlar haqqında fəlsəfi təlimdir. Metodologiya elmi idrakın müxtəlif sahələrində tətbiq olunan xüsusi, ümumi və ən ümumi metodların ümumi qanunauyğunluqlarını öyrənən bilik sahəsidir.

Sevinc Nəcəfli

Bakı Dövlət Universiteti, magistr

Gəncə Dövlət Universiteti, fəlsəfə müəllimi


Ədəbiyyat:
1.             Qəhrəmanov N.F., Məmmədov Ə.B., İsmayılov V.İ. Təbii - elmi biliyin fəlsəfi əsasları: Bakı; Elm, 2014, 584s.
2.             Məmmədov Ə. B., İsmayılov V. İ., Məmmədov F. Ə. Rasionallıq və qeyri rasionallıq: fəlsəfi - metodoloji kontekst. Bakı; Elm, 2010, 880s.
3.             Məmmədov Ə.B. Dialektik idrak və ümumelmi tədqiqit metodları. Bakı; Elm , 1997, 300s.
4.             Məmmədov Ə.B. Elmi idrak və onun inkişaf dialektikası. Bakı; Renessans, 1998, 108s.
5.             Мамедова С.Г. Роль метода идеализации в научном познании. Баку;Азернешр , 1980.
6.             Рузвин Г.И. Методология научного познания. М.; Юнити , 2005, 287 с.
7.             Рузфвин Г.И. Методы научного исследования. М.; Мысль ,  1974.
8.             Рузфвин Г.И. Методология научного исследования. М.; Юнити , 1999.

Yorumlar