Bilik nədir? - Sevinc Nəcəfli

Elmin əsas anlayışlarından biri bilik anlayışıdır. Bilik cəmiyyətin mənəvi və praktiki inkişafı prosesində həyata keçirilən fəaliyyətin   mühüm tərkib hissəsi olan idrak prosesində maddi və mənəvi aləm, yaxud onların müəyyən bir fraqmeti haqqında yaradılan ideal modeldir.  Bilik -insanın özü və onu əhatə edən aləm
və bu aləmin amilləri haqqında öyrəndiklərimizdir. Biliklər bu günkü sistemlərin əsas elementlərindən biridir və başa düşülmə vasitəsi olaraq bu sistemlərin intellektual funksiyasını təmin edir.
Mövcud cəmiyyətimizdə insanlar üç növ biliklərə istinad edirlər:
1. Kitablardan əldə olunan biliklər;
2. İnsaların qarşılıqlı elmi mübahisələrindən əldə olunan biliklər;
3. Noosferdən əldə olunan biliklər.
Bilik inkişaf edən dinamik sistem olub, öz inkişafında üç mərhələdən keçir:
1. Bilirəm: bu səviyyəsində mövcud olan bilik sadəcə informasiyadır;
2. Başa düşürəm: bu səviyyəsində mövcud olan bilik idrak vahididir. Bu fikrin cismin mahiyyətinə nüfuz etməsidir.
3. Biliyin həqiqiliyinə inanıram: inanıram səviyyəsindəki bilik,əqidə həqiqət adlanır.
İdrak fəaliyyətinin nəticəsi olan biliyin müxtəlif növləri vardır. Bu səbəbdən biliyn konkret bir növü ilə kifayətlənmək onun mahiyyətini hərtərəfli dərk etməyə imkan vermir. Müasir elmdə bəzi hallarda idrakı yalnız elmi  bilikdən ibarət olduğu fikirlərinə də rast gəlinir. Lakin bu cür fikirlər  yalnışdır, onları həqiqət kimi əsaslandırmaq olmaz. Əlbəttə elmi bilik idrakın ən mühüm növüdür. Bununla yanaşı biliyi onun bir növü olan elm ilə eyniləşdirmək yalnışdır. Bu məqamı ona görə qeyd etmək vacibdir ki, indi ayrıca insan və bütövlükdə cəmiyyət qarşısında elə problemlər durur ki, onların həlli yollarını tapmaq üçün mütləq şəkildə elmə müraciət etmək məcburi deyildir.
Biliyin bütün növləri maddi obyektlər dünyası ilə bu və ya digər münasibətdədirlər, lakin bu münasibət birbaşa deyil, bilavasitə xaraketerlidir. Biliyin başlıca mənbələrindən biri də cəmiyyətin inkişafı prosesində formalaşan tələbatdır. Bilik məhz insanın praktiki fəaliyyətinə və cəmiyyətə qovuşuq haldadır.
Əldə olunan biliklərin həqiqət və idrak prosesinin uğuru kimi yalnız o zaman qəbul etmək olar ki, onlar praktikadan doğan problemlərin həlinə yönəlsin, alınan nəticələr isə gözlənilənlərə uyğun olsun. Bu uyğunluğun dərcəsi isə praktikada verifikasiya prinsipi vasitəsilə yoxlanılır. Alman riyaziyyatçısı və filosofu Karl Popper tərəfindən irəli sürülən verifikasiya prinsipinə görə yalnız o bilik, o mühakimə, o anlayış həqiqət sayıla bilər ki, biliyin təcrübi bazası olmuş olsun. Yəni bu bilik təcrübi olaraq təsdiq oluna bilsin. Əgər biliyin həqiqiliyini təsdiq edə biləcək təcrübə yoxdursa, o bilik yalan və ya tavtalogiya elan edilməlidir. 
Göründüyü kimi, verifikasiya prinsipi elmi biliyi psevdoelmi bilikdən fərqləndirməyə imkan verir. Lakin mümkün emprik faktların mövcud ideyanınn xeyrinə şərh olunduğu bütün hallarda (məsələ, din, ideologiya, astrologiya vəs.) bu prinsip öz qüvvəsini itirir. Belə olduqda elmi biliyi qeyri - elmi bilikdən fərqləndirmək üçün XX əsrin görkəmli filosofu Karl Popperin təklif etdiyi falsifikasiya prinsipində istifadə etmək lazım gəlir. Bu prinsipə görə irəli sürülmüş biliyi həqiqiliyini yoxlamaq üçün aşağıdakı əməliyyat həyata keçrilir:
1.Verilmiş bilik tezis kimi qəbul edilir və onun antitezisi axtarılır;
2.Tezisin həqiqiliyini yoxlamaq əvəzinə onun antitezisinin həqiqiliyi yoxlanılır. Əgər bu halda antitezis doğrudursa, deməli tezis yalandır, əksinə, əgər antitezis yalandırsa, deməli tezis həqiqidir. Göründüyü kimi, bu prinsipdə Popper təsdiq və təkzibin assimetriyasına söykənir. O, verilmiş biliyi təsdiq edə biləcək faktları deyil, onu təkzib edə biləcək faktları axtarır.
Yeni dövrdə biliyin mahiyyəti, mənbəyi, inkişafı ilə bağlı problemlərin müzakirəsi bu dövrün görkəmli nümayəndələr - Kopernikin, Keplerin, Nyutonun, Hyügensin, Qalileyin və b. xidmətləri sayəsində daha da intensivləşdi. Buna səbəb Qalileyin fizikaya eksperimenti gətirməsi, həmçinin ingilis filosofu F.Bekonun eksperimenti təkcə fizikaya deyil, bütün təbiət elmlərinə tətbiq etməklə onun coğrafi sərhədlərini genişləndirməsi nəticəsində alimlərin idraki fəaliyyəti eksperimentə söykənməyə və idrakın nəticələri isə riyazi formalarda ifadə olunmağa başladı. Bu da öz növbəsində, bilik probleminə yanaşmada, ilk baxışda bir - birinə zidd görünən, əslində isə bir - birini tamamlayan iki fəlsəfi cərəyanın meydana gəlməsini şərtləndirir. Bu cərəyanlar rasionalizim və emprizim adlanırdı. Rasionalizm cərəyanının nümayəndələri idrakda təcrübənin, müşahidənin, eksperimentin rolunu heçə endirənlər, zəkanın, təfəkkürün rolunu isə mütləqləşdirənlər kimi; empriklər isə təfəkkürün, zəkanın idrakdakı rolnu inkar edənlər, müşahidəni, təcrübəni isə biliyin yeganə mənbəyi, təcrübədən əld edilən biliyi əsil bilik hesab edənlər kimi xarakterizə olunurlar. Həm empriklər, həm də rasionalistlər öz fikirlərində ifratçılığa varırlar. Lakin burada nə “xalis emprizimdən”, nə də “xalis rasionalizimdən” danışıla bilər. Empriklər idrak prosesində aparıcı rolu hissi biliklərə, təcrübi məlumatlara ayırdıqları, zəkanın, təfəkkürün tabe mövqeyə keçirdikləri halda, rasionalistlər idrakda təfəkkürə, zəkaya üstünlük verir, təcrübəni, müşahidəni, eksperimenti tabe rollara ötürürlər. İdrak prosesində zəka, təfəkkür ilə təcrübə, eksperiment arasında kəskin sərhəd qoymaq yalnışdır. Buna səbəb idrakda təcrübə və zəka bir birilə qarşılıqlı vəhdətdədirlər, onlar bir - birini tamamlayır, biri digəri üçün zəruri şərt olur.

Sevinc Nəcəfli
Bakı Dövlət Universiteti, magistr
Gəncə Dövlət Universiteti, fəlsəfə müəllimi

Yorumlar