Film analizi: “Biz” filmi və müasir “biz”-lər


 Öncəliklə onu qeyd etməliyəm ki, “insanların kopiylarının ortaya çıxması və insanlarla mübarizə aparması” fikri yetəri qədər işlənilmiş və bir sıra filmlərdə də rast gəldiyimiz bir mövzudur (məsələn, “Coherence” oxşar mövzulu bir filmdir). Lakin mövzusu hər nə qədər təkrarçılığa yer vermiş olsa və filmin bəzi hissələrin daha öncə görmüş olduğumuz məşhur səhnələrdən tez-tez istifadə olunsa da, filmin mahiyyəti, verdiyi mesaj düşünürəm ki, eyni janrdakı
 digər filmlərin verdiyindən olduqca fərqli formada işlənilmişdir. “Biz” bir qorxu filmidir və son dönəmlərin Amerikan həyatındakı iblis, şeytan və pis ruhların üstünlük təşkil etdiyi digər qorxu filmlərindən kəskin fərqlənir. Hardasa Hollyvood sayağı cinayət motivli qorxu filmləri ilə, iblis, ruh motivli qorxu filmlərinin birləşdirilməsi baxımından yanaşmaq da mümkündür. Son dövrlərdə çəkimiş filmlərin səthi xarakterini nəzərə aldığımızda, “Biz” yenidən bizdə XX əsrin “kult” filmlərinə dönmüş kimi abu-hava yaradır.
Filmin rejissoru Jordan Peele “Biz” dən əvvəlki filmi olan “Get out”-da oxşar ssenaridən istifadə edərək fərqli məzmunda qorxu filmi təqdim etmiş bir rejissordur. Bu səbəbədən də bəzi yerlədə Jordan Peele haqqında “yeni Hitçkok” olması ilə bağlı fikirlər yer alır. Hər nə qədər Hitçkok olaraq qəbul etməyin bir qədər şişirdilmiş bir ifadə olduğunu düşünsəm də, Jordan Peele-yə hər iki filmindən dolayı gərəkli hörmətin göstərilməsinin tərəfdarıyam.
İndi isə keçək filmə...
Film 1986-cı ildə baş vermiş bir sıra hadisələrlə başlayır. İlk öncə valideynlərinin əhatəsində lunparkda əylənən balaca qızın valideynlərinin ehtiyyatsızlığından dolayı nəzarətsiz qalması əks olunur. Nəzarətsiz qalan balaca qız öncə sahilə, daha sonra da parkdakı qəribə məkana daxil olur. Bunu çox vaxt bir qorxu tuneli olaraq tanıyırıq. Yeri gəlmişkən elə filmin əvvəlində də Amerikada çoxlu tərk edilmiş tunellərin olduğundan söhbət açılır. Balaca qız qorxu tunelindəki aynalar olan otağa daxil olur və qəribə şəkildə çıxışın hardan olmasını tapa bilmir və fit çalmağa başlayır. Daha sonra isə fitin başqası tərəfindən təkrar edildiyini və aynada tərpənməz duran əksini görüb dəhşətə düşdüyü anda səhnə tamamlanır. Filmə ilk olaraq real hadisələr kontekstində yanaşdığımızda balaca qızın tənha belə bir məkanda qalması və qorxması başa düşüləndir. Qorxunun xarakterindən asılı olaraq balaca qızın travma almasını və sonrasında danışmaması da mümkündür. Çalınan fitin əks-səda verməsi və aynadakı öz əksini görməsi balaca qız üçün bir kopiyasının var olmuş olacağı gerçəkliyini formalaşdıra bilərdi. Daha sonrakı səhnədə qızın anasının “mən öz qızımı istəyirəm” ifadələrini eşidən balaca qız aldığı travmanın təsiri ilə əsl özünün orda, tuneldə qaldığını, burdakı özünün isə başqa biri olduğu qənətinə gələ bilərdi. Biz bunu filmin sonunda artıq böyümüş olan qızın xatirələrində görə bilərik. Əl-ələ tutumuş qırmızı geyimli insanlar isə 1986-cı ildə yəni filmin əvvəlin televiziyada göstərilən reklamda yer alırdı. Bu travmadan öncəki xatirə kimi qızın yaddaşında qalması və gələcək arzuya çevrilməsi normaldır. Təbii ki, bu filmə realist baxış idi və təbii olaraq filmin bundan ibarət olduğunu deyə bilmərik. Rejissor reallıq elementlərini də yetəri qədər işıqlandırdığı üçün film o qədər də ütopik xarakterə malik deyil deyə düşünürəm.


Filmə olan baxış bucağımızı dəyişdirdiyimizdə isə qarşımıza aktyorların qara dərili olması və ətraflarındakı insanların hamısının ağdərili olması detalı diqqətimizi çəkir. İstər lunaparkda, istərsə də çimərlikdə hər kəs ağdərilidir, yalnız Adelaide ailəsi qara dərili. Filmin irəlidəki səhnələrində də bütün dovşanlar ağ yalnız bir dovşan qaradır. Klassik Amerikan filmlərinə əsaslanaraq bu ailəyə dəri rənglərindən dolayı hər hansı rasizm elementlərinin baş verəcəyni düşünürük, lakin belə bir şey baş vermir. Əksinə ailə yetəri qədər imkanlı bir ailədir. Sadəcə olaraq dost olduqları digər ağdərili ailə ilə aralarında daxili bir rəqabətin olduğunu anlayırıq. Məsələn, hər iki ailənin almış olduğu qayıq səhnəsi buna misal ola bilər. Ağ dərili ailənin qayığı daha yaxşı formadadır, Adelaide ailəsinin qayığı isə köhnədir, qəribə şəkildə “sol”-a çəkir. Digər tərəfdən də xanımların danışı zamanı tatoo məsələsində ağdərili qadının “onsuzda sənin ehtiyacın yoxdur” deməsi ən azından izləyici olaraq məni təsirləndirmiş element idi. Reallığa qayıdacaq olsaq ağ dərili ailənin bütün üzvlərinin öldürülməsi əslində Adelaide ailəsinin daxili bir istəyi kimi şərh oluna bilər. Digər tərəfdən də Adelaide ailəsinin öz kopiyaları ilə olan söhbəti zamanı səslənən fikirlər, hansı ki, “sən daha yaxı yaşayırdın, kölgə isə daha pis, sənin yaxşı oyuncaqların vardı, kölgənin isə oyuncaqları onu yaralayırdı” kimi ifadələr və nəhayət “siz kimsiziniz?” sualına verilən “Amerikalı” cavabı filmdə işlənilmiş rasizm və sinfi bərabərsizlik problemini ortaya çıxarırdı. Rejissorun “Get out” filmində də baş qəhrəman qara dərili oğlandır və Jordan Peele aktyorların dəri rəngindən verəcəyi mesajlar üçün əla istifadə edir deyə bilərik. Ən azından film, qara dərili qəhrəman yaradaraq qara dərili insanlara xitab etməyə çalışan Marvel filmlərindən kəskin fərqlənir.


Film izlədikcə başa düşürük ki, bütün kopiyalar öz əsl sahiblərini öldürüb. Yalnız Adelaide ailəsi öz kopiyalarına qalib gələ bilib. Başqa qəhrəman xanımın öz kopiyası ilə olan mübarizəsi də əslində isnanın özü ilə olan münasibətidir demək doğru olardı. Bütün digər kopiyaların danışmaq qabiliyyətlərin olmadığı da diqqət çəkən bir məsələdir. Yalnız bir kopiyadan başqa. Eyni zamanda kopiyların hər zaman orjinal insanların hərəkətlərini təkrar etdiklərini balaca oğlanların səhnəsində göstərir film. Baş qəhrəman xanımın isə kopiyası ilə illər əvvəl yerlərini dəyişdiyini kopiya olanın real, real olanın kopiya olduğu verilir filmin sonunda. Buna görə də, kopiya olan rəqs etməyi, düşünməyi və danışmağı digərlərindən fərqli olaraq bacarır. Yer altındak tunellərdə var olan kopiylara yuxarıdakı insanların etdiklərini imitasiya edirlər. Bir baxıma rejissorun mövqeyindən baxdığımızda hər bir aşağı sinifdən olan insan yuxarı sinifdəki insanın etdiklərinin, yaxud da etmək imkanı olduğu şeylərin sadəcə kopiyasını reallşadırmır mı? İstər yemək olsun, istərsə də əyləncə, kimin yediyi yemək əsl, kiminki kopiyadır sizcə? Kimin əyləncəsi orjinal, kiminki kopiyadır? Daha aşağılarda yer tutan, lunaparka getməyə imkanı olmayan biri üçün lunapark əyləncəsi eynilə tuneldəki lunapark imitasiyası edən insanların hərəkətlərindən nə ilə fərqlənir? Bütün insanlar bir qrup insanın etdiklərini təkrarlayan, onlar kimi yaşamağa çalışan, geyimlərini, yeməklərini, əyləncələrini kopiyalayan çoxsaylı kopiylar deyilikmi? Bizim qəfəslərdəki ağ dovşanlardan fərqləndirən şey nədir. Hamımız üzərimizdə təcrübə aparan ağ dovşan deyilikmi? Nəhayətində, bu günün sistemində hər bir aşağı sinifdən olan və qaradərili insan daha zəngin və ağdərili insanın kölgəsi deyilmi? Burada kölgənin qara olması elementi də öz yerinə oturur.
Filmdə Adelaide ailəsinin qızının dediyi “hökumət bizi idarə etmək üçün sulara fülör qatır” ifadəsi, yer altı tunellərdə kopiylaraın hazırlanması, yuxarıdakıların idarə olunması, dovşanlı tunelin xarakteri Amerikan sisteminə və idarəçiliyinə olunan tənqidi işarəni də ifadə edə bilər. Bu həm də kopiyların La casa De papel-i xatırladan qırmızı geyimlərini, inqilabçı ruhlarını önə çəkən nüans idi. Qayçının isə aşağı və yuxarı sinifləri, iki kopiynı birləşdirən obyekt olması da diqqətimizi çəkir. Bəlkə qızılı rəngli qayçı qızıl orta amilinə edilmiş işarədir. Filmdə geniş yer verilən Yeremiya 11:11 isə Tanrının “qaçıb xilas ola bilməyəcəkləri bir müsibət göndərəcəyəm üzərlərinə” deyir, “məndən rəhm diləsələr də onları eşitməyəcəyəm” hissəsi də önəmlidir. Bu hissənin aşağıların və qara dərililərin yüksəlməkdə olan haqsızlığa qarşı qəzəb və mübarizəsini ifadə edib etmədiyi izləyicinin verəcəyi cavab bağlıdır. Bəlkə də, 1986-cı ildəki balaca qızın gördüyü son şəxsləri öz beynində günahkar olaraq qeyd etməsinin nəticəsidir. Təsadüfi deyildir ki, filmdə ilk ölən şəxs Yeremiya 11:11 lövhəsini tutan və artıq qocalmış olan kişidir.
Film özlüyündə mahiyyət və verdiyi mesajlar baxımından xüsusi hesab etmək olar. Lakin istifadə olunan səhnələr baxımından o qədər də uğurlu deyildi. Qara dərili aktoyorların baş rolda olması xüsusi bir fərqli təsirə malik idi təbii ki. Evdən çıxadıqlarında açarın evdə qalması səhnəsi isə qorxu filmləri izləyiciləri üçün çox tanış və klişe deyə biləcəyimiz bir səhnədir.

Bahmanyar Club

Yorumlar