Bədii esse: "Son" - Elmir Quliyev


Onu təsvir edən zaman ən gözəl, ən ətirli sözləri seçmək istəyərdim. Ən çox sevdiyimiz adamı necə tərif edərdim, onu da elə tərif etmək edərdim. Lakin bu həqiqətdən kənarda qalacaqdı. O, özü də bunu demişdi: ”məni ifadə edən sözlər, əslində normalda başqaları haqqında danışılanda dilimizə gətirmədiyimiz sözlərdir.”       
  İlk dəfə qarşılaşanda ondan bərk qorxmuşdum. Özü də çox bərk. Saqqalının altında sifətini görmək çox çətin idi. Üzünü qırışlar tamam 

örtmüşdü. Dili isə söz tutmurdu. Hiss elədim ki, sərxoşdur. Elə o an tez uzaqlaşmışdım yanından. Yaxınlıqdakı insanların ona “Baba” dediyini eşitmişdim. Amma yaşı elə də çox deyildi. Açığı bu yaşında ona “Baba” deyə müraciət edilməsi mənə qəribə gəlmişdi. Bəlkə də, ağarmış saçları, uzun saqqalı, belinin bükülməsi, üzündəki dərin qırışlar ona bu adın verilməsinə səbəb olmuşdu. Onun “Qoca adam” obrazına təkcə gözləri məhəl qoymurdu. Aydın səmada parlayan günəş kimi “Baba”nın gözləri parıldayırdı. Gözlərinə baxanda bir ifadə yadıma düşürdü: ” gözlər qəlbin aynasıdır”. Onlar insanları “Baba”nın qəlbinin dərinliklərində xəbərdar edirdi, görmək istəyənlər üçün.
Onu hər dəfə gördüyümdən bir gün onunla əlaqə yaratmaq, hal-əhval tutmağa qərar vermişdim. Evi yox idi. Özünə kiçik daxmaya bənzər bir yer düzəltmişdi. Elə orada tək-tənha yaşayırdı. Qaldığı yerə yaxınlaşdım. Qapını döymək istədim. Ancaq qapını tapa bilmədim. Sən demə qapı kimi istifadə etdiyi kiçik, güclə bir adamın keçəcəyi yer imiş. Məni görən kimi tanımadı. Amma “gəl içəri” deyə səsləndi. Keçmək elə də asan olmayan yerdən özümü birtəhər içəri saldım. “Nə olub görəsən?” -deyə baxışlarla məni süzdü. Özümü təqdim etdim. Sadəcə sənlə şirin bir söhbət üçün gəlmişəm dedim. O, mənə mənsə, ondan fərqli olaraq qaldığı yerə nəzər saldım. Kiçik otaq kimi bir yer idi. Çox şey qarışıq vəziyyətdə idi. “Burada necə yaşamaq olar” – sualı məni bürümüşdü. Biraz da pis oldum. Arıq, çəlimsiz bir insan idi. Ona heç bu qədər yaxından baxmamışdım. Əl sıxışıb bir yerdə əyləşdim. Onunla bir xeyli söhbət etdik. Adı əslində “Baba” deyil, Bəxtiyar imiş. Ətrafdakılar ona bu adı görünüşünə uyğun olaraq qoymuşdular. Elə belə də təxmin etmişdim. Öz dediyinə görə bütün qazandıqlarını qumarda uduzub. Təkcə qazandıqlarını yox , həm də sevdiklərini də. O, bəlkə də, başa düşmürdü, qumarda bütün həyatını uduzub. Zarafatyana mənə dedi ki, həyatda yaşamağın özü də qumar oynamaq kimidir. Hər dəfə oyunda uduzursan ,lakin yenə oynamağa başlayırsan. Bəlkə bu səfər udaram fikri ilə yaşayırsan. Bütün oyunların isə dəyişməyən nəticəsi var : sən həmişə məğlub olursan. Bu, onun şəxsi təcrübəsindən irəli gəlirdi. Bəlkə də, düz deyirdi. 
Söhbət əsnasında siqaretini yandırdı. “Siqaret həyatdır” – cümləsini də ilk dəfə olaraq ondan eşitdim. Biraz da gülümsündüm. Hər dəfə siqaretin tüstüsünü nəfəsinin dərinliklərinə yola saldıqda qaldığı yerin yuxarı üst küncünə baxırdı. Bu, diqqətimdən yayınmamışdı. Çox güman ki, keçmiş xatirələrdən biri ona qonaq gəlirdi. O, isə bütün vücuduyla onu qarşılayırdı. Daha sonra yenə mənimlə danışmağa başlayırdı.    
 Çoxunun içində olduğu kimi Bəxtiyarın da “bir vaxtlar” -deyərək xatırladığı zaman dilimi var idi. Bu zaman kəsiyində o keçmişə qayıtmaq, orada qoyduğu xoşbəxt xatirələrin əlindən tutaraq bu gününə gətirmək istəyirdi. Balaca uşağın başın necə qatarlar eynilə o da bunu etməklə xoşbəxtliyinin başını qatıb indi yanına gətirmək üçün çalışırdı. Edə bilmirdi, bilməzdi də. Əlindən gələn tək bir şey dizi üstə çöküb ağlamaq idi. Həyatın acı həqiqəti onun üzünə sərt şəkildə çırpılmışdı.           
Daim yanında bir şəkil gəzdirirdi. Heçkimə əmanət etməzdi. Gecələr yatdıqda belə başının altına qoyurdu. Öz ailəsinin hamsı həmin şəkidə vardı. Hərdən kiçik uşaq kimi şəkili əzizləyirdi. Öpüb-qucaqlayırdı. Bunları etdikcə bir şeydən isə narazılıq edərdi: ”Çox heyif ki, şəkillər danışa bilmir”   
Onu burda qalmamağı, evdə qalmağı təklif etdim. Etiraz etdi. “Mən yalnız burda qala bilərəm. Elə burda da öləcəm. Əgər isti bir evə köçsəm özümü bağışlaya bilməyəcəyəm. Mən bütün ailəmi isti evimizdən məhrum etdim. İndi isə vicdanım buna icazə verə bilməyəcək”- dedi. ”Hm… vicdan” -deyərək dodağımın altında öz-özümə pıçıldadım. Mən daha üstünə getmədim. Bu onun seçimi idi. Ona azadlıq vermək gərək lazım. Daha sonra onun yanından ayrıldım.
Sonralar bir neçə dəfə baş çəkmişdim. Son zamanlarda ağır xəstəliyi yaranmışdı. Gülə-gülə “artıq ölüm məni gözləyir” deyirdi. Bu,gülüşlər elə onun sonuncu dəfə üzünün qırışlarının yaxşıya doğru dəyişməsi idi. Bir neçə gün gözlərinin həyata tamamilə yumulduğunu eşitdim. Çox kövrəlmişdim. Sonuncu dəfə onun daxmaya oxşar evinə baş çəkdim. Qaldığı yerdə içində bir neçə gilə siqaret olan siqaret qutusu gördüm. Öz- özümə ”həyat nə qədər acımasız imiş , Bəxtiyar hətta siqaretin də ömrü səndən uzun olacaqmış” dedim. Diqqətimi çəkən digər bir şey yerdə kiçim kağız parçasının olması idi. Tez əyilib götürdüm. Üzərində yazılanı oxumağa başladım. Orada yazılmışdı:        
”O, parlaq günəş, mavi səma arzulayırdı, fəqət tale ona tamamilə qaranlıqdan ibarət boşluq göstərirdi”.


Elmir Quliyev

Yorumlar