Bədii esse: "Qayıdaq bir də başdan" - Fərid Cəfərov



 Özümü çox yorğun hiss edirdim. Göz qapaqlarım ağırlaşmışdı.  Gözlərimi açıq tutmaqda çətinlik çəkirdim. Amma yatmaq haqqında düşünmək istəmirdim. Qulaqcıqlarımı götürüb, playlistimden klassik piano simfoniyalarına daxil oldum. Kitab oxumaq lap yerinə düşərdi. Yarımçıq qoyduğum kitabımı əlimə alıb oxumağa başladım.
 Çox sevincliyəm, həyat çox gözəldir. Xoşbəxtlik budursa,
hər günümdə xoşbəxt olmaq istəyirəm. Sevincimi başa sala bilməyəcəm. Bu gün dünya mənə məxsusdur. Dünya əslində gözəl imiş. Onu pis edən bizlərik. Bu xoşbəxtlik içində üzən günümü daha da gözəl edəcəm. Xoşbəxtliyimi doğmalarımla bölüşməliyəm. İlk öncə anamın yanına qaçıb onu nə qədər çox istədiyimi deyəcəm.
 Anamı qoynuna atılıb, dəli kimi qucaqlamağa başladım. İlk anda anam diksinsə də, sonra məni qucaqladı. Anamı qucaqladıqca bədənimə keçən istilik ruhumu isidirdi. Anamın nəfəsində cənnəti tapırdım. Necədə doğma idi bu hisslər. Bir daha buraxmamaq hissi keçir içimdən. Bura ya cənnətdir, ya da anamın qoynu. Onsuz ikisidə eyni bir şeydi. Anamdan ayrılmaq isdəmirdim. Amma atamında könlünü almalı, ona nə qədər çox isdədiyimi deməli idi. Atam yenə öz masasında oturub qəzetdə nəsə oxuyurdu. Sakitcə atama yaxınlaşdım. Başı oxuduğu qəzetə qarışdığı üçün mənim gəldiyimi hiss etəmədi. Əyilərək atamın əlindən öpdüm. Öz duruşunu itirmədən soyuqqanlı şəkildə qəzeti üzündən çəkib mənə baxaraq sakitcə gülməyə başladı. Üzündə xoşbəxt təbəssüm yaranan atama baxdıqda mənimdə üzümdə təbəssüm yaranırdı. Bir müddət bu mənzərə davam etdi. Lakin mən bu xoşbəxt mənzərəni pozmağa qərar verdim. Atamı qucaqlıyıb başımı ciyninin üstünə qoydum. Başımı ciynində rahatladıqdan sonra daha bərk şəkildə atama sarıldım. Atam nə üçün birdən gəlib onu qucaqladığımı bilməsədə uzun saçlarımı tumarlamağa başladı. Özümü çox xoşbəxt hiss edirdim. Üzümü atama çevirərək dedim:
 Ata, səni çox istəyirəm. Bilirəm indi düşünürsən ki, sənə nəsə işim düşüb. Səndən bu səfər nə pul istəyəcəm, nə də nəsə bir şey tələb edəcəm. Sadəcə sən mənim atam olduğun üçün çox sağol demək istəyirəm. Sən özün də bilməlisən ki. çox gözəl bir atasan. Bəlkə düşümürsən ki. mən oğlumun istədiyi çox şeyi edə bilməmişəm. Buna görə pis olma. Sən mənə dünyaları bəxş etmisən. Mənim hər zaman arxa dayağım olmusan. Bəzən həyatımda olan hadisələri səndən gizlətmişəm. Bunları sənə deməkdən çəkinmişəm. Amma indi bilirəm ki. bunları sənə desəm, sən mənə nəyinki qəzəblənməzsən, həm də mənə kömək olarsan. Sənin işində olan problemləri, səni narahat edən hadisələri içində gizlədib biruzə verməməyinə həsəd aparıram. Yaxşı ki, mənim atamsan. Bilirəm nə vaxt səni çox istədiyimi desəm sənnən nəsə istəyirəm. Bu səfərdə istəyəcəm. Həmişə mənim atam ol, həmişə mənimlə ol.
 Atamın istəmsizcəsinə gözləri doldu. Bilirəm, o istəməzdi mən onu ağlayarkən görüm. Ona görə otağı tərk edib bacımın yanına getdim. Yenədə bacım öz fortapianosunda mahnı ifa edirdi. İfa edilən mahnının notları mənə tanış idi. Bu Evgeny Grinko "Field" mahnısı idi. Mənim gəldiyimi hiss edən bacım arxaya tərəf döndü. Dünən onu dostları ilə görüşməyə qoymadığım üçün məndən incimişdi. Məni görüb gözlərini süzdürərək ifasına davam etdi. Həqiqətən də ona niyə icazə verməmişəm bilmirəm. Axı bu heçnəyi dəyişməzdi. O ki, mənim tək baş tacım bacımdı. Bacımın uzun saclarını tumarlayıb, qoxusunu ciyərləri çəkdim. Yanağından dartıb öpdüm. Üzündə gülüş yaransa da, gözlərini yenə süzdürdü. Başını qucaqlayaraq dedim:
 Bacım, mən səni çox sevirem. Bağışla mən dünən icazə verməli idim. Heç bilmirəm niyə belə etmişəm. Ciddən buna görə çox utanıram. Sən mənim tək bacım, baş tacımsan. Sənin kimi bacımın olduğu üçün çox xoşbəxtəm. Hər zaman qardaşımın olmasını istəmişəm. Amma indi sənin kimi bacımın olduğu üçün çox sevinirəm. Mənə hər ad günüm də hədiyyə aldın. Kitab rəfimdəki kitabların, qolumdakı qolbaqların çoxu belə sənin hədiyyələrindir. Hətda ilk dəfə bişirdiyin yeməyi də mənə daddırmısan. Səni çox sevirəm sadəcə bunu bil istədim.
 Kitabın yerə düşməsindən yaranan səs məni oyandırdı. Yavaş-yavaş gözlərimi açdım. Qulaqcıqdakı mahnı hələdə davam edirdi. Yorğunluqdan burada yatıb qalmışam. Amma necədə gözəl yuxu idi. Bütün bədənimi tər basmışdı. Yuxumdakı mən yatıb qalan mənidə xoşbəxt etmişdi. Tez bir zamanda bunu həyata keçirməliyəm. Tez yerimdən durub mətbəxə qaçdım. Amma anam gözümə dəymirdi. Atamın otağına getdim. Yəqin yenə öz qəzetini oxuyur. Amma bu otaqda boş idi. Anam və atamı səsliyə-səsliyə bacımın otağına keçdim. Bacımda otaqda deyildi. Axı evdəkilər haradadır? Qəribə nigaranlıq içində otağıma keçdim. Mənə demədən evdəkilər hara gedib ki? Divardakı şəkil hər şeyi yadıma saldı. Bu ailə tablosu idi. İşim düşmədiyi vaxda heç vaxt çox istədiyimi demədiyim atam, qucaqlayıb yaxşı ki, sənin oğlunam, yeməyini yeyib heç bir zaman çox sağol demədiyim anam, onu nə qədər çox sevdiyimi deməyimi yadıma sala bilmədiyim bacım. Çox xoşbəxt ailə tablosudu. Düz 5 ildir ki, onlara bu sözləri deyə bilmirəm. 5 il əvvəl onlar avtomobil qəzasında həlak olarkən tək mən sağ qalmışam. Anamın qışqırıq səsi, atamın üzündən axan qan, bacımın zərbə nəticəsində qırılmış əlləri beynimdə canlanırdı. Tək mənə heç bir şey olmamışdı. Güzgüyə baxıb eyni sualı özümə təkrar edirdim. Qayıdaq birdə başdan?



Fərid Cəfərov

Yorumlar