Özlüyündə
mövcud olan anlamına mütabiq gələn substansiya haqqında irəli sürülən fikirlər
olduqca əski dövrlərə istinad edir. Müxtəlif situasiyalarda dəyişməyən,
müxtəlif vəziyyətlərə qarşı davamlı və əbədi olan substansiya anlayışı-nın əsas
xarakteristikası mövcud olması üçün özündən başqa heç bir şeyə ehtiyacı
olmamasıdır. Substansiya terminin meydana gəlməsi sonrakı dövrlərə təsadüf etsə
də bu ideya haqqında mövcud olan fikirlər daha əski dövrlərə
şamil olunur. Bu baxımdan hələ substan-siya haqqında ilk sadəlövh ideyalar Qədim Hindistanda, Qədim Çində və Qədim Yunanıstanda irəli sürülmüş, zaman keçdikcə bu fikirlər daha da təkmilləşdirilmişdir.
şamil olunur. Bu baxımdan hələ substan-siya haqqında ilk sadəlövh ideyalar Qədim Hindistanda, Qədim Çində və Qədim Yunanıstanda irəli sürülmüş, zaman keçdikcə bu fikirlər daha da təkmilləşdirilmişdir.
Terminoloji
cəhətdən latıncadan götürülmüş substansiya (yunanca Hypotasis) kateqoriyasının
hərfi mənası “əsasında duran”, “mahiyyət” kimi ifadələrə mütabiqdir. Bir
fəlsəfi kateqoriya kimi sunbstansiyanı “özünün bütün formalarının, insan və
onun şüuru da daxil olmaqla təbiət və tarix hadisələrinin daxili vəhdətində
götürülmüş obyektiv reallıq və buna görə də elmi idrakın, konkretin nəzəri
inikasının əsaslı kateqoriyası” [1, səh.393] kimi xarakterizə etmək olar.
Dünyanın
başlanğıcında dəyişməz və sabit bir mahiyyətin dayanması ideyası çox əski
dövrlərdən başlayaraq düşüncə sahiblərini narahat etmişdir. Buna müvafiq olaraq
ilkin materiyanın nədən ibarət olması haqqında meydana gələn ilk fikirlər sadəlövh
baxışlara istinad edirdi. Substansiya haqqında irəli sürülən ilk ideyalar
sadəlövh xarakter kəsb etsə də, bu ideologiyaların əsasında kainatın vəhdətinin
izah olunması məsələsi dururdu və zaman keçdikcə bu məsələ daha mürəkkəb
ideyalar formasında öz həllini tapmağa çalışırdı.
Həm
Şərq və həm də Qərb fəlsəfəsində substansiyanın nədən ibarət olması barədə
müxtəlif və bəzən də bir-biri ilə ziddiyyət təşkil edən nəzəriyyələr irəli
sürülmüşdür. Qədim yunan filosofu Miletli Fales (e. ə. 640 – 548) substansiya probleminə ilk dəfə əsaslı şəkildə
toxunan düşüncə sahiblərindən biri idi. Tədqiqatçılar tərəfindən ilk yunan filosofu kimi tanınan Miletli Fales dörd əsas ünsürdən
biri olan suyu substansiya kimi qəbul
edirdi. Bu nöqteyi-nəzərdən də Falesə görə kainatdakı bütün mövcudatın əsası
mayedən ibarətdir. “Fales kainatın fundamental
"inşaat blokunun" nədən ibarət olması barədə məsələ qoymuşdur.
Substansiya (ilk başlanğıc) təbiətdə dəyişməz elementdir və müxtəliflikdə
vahidlikdir. Substansiya problemi bu vaxtdan başlayaraq yunan fəlsəfəsinin
fundamental problemlərindən biri oldu;” [2, səh.111]
Falesdən fərqli olaraq Milet məktəbinin digər nümayəndəsi və Falesin
şagirdi olan Miletli Anaksimandr (e.ə 610 – 540) substansiyanın apeyrondan (yunanca qeyri-müəyyən maddə) ibarət olmasına inanırdı. Yunanların ilk elmi
kitabı olan “Təbiət
haqqında” əsərinin müəllifi olan Anaksimandrın
irəli sürdüyü apeyron ifadəsi ilkin materiyanı xarakterizə edirdi. Həyatın
başlanğıcının dənizdən yaranması haqqında fərziyyə irəli sürən Anaksimandr
canlıların təkamül yolu ilə inkişaf etməsinə də inanırdı. Anaksimandrın
şagiridi olan kortəbii dialektik Miletli
Anaksimenə (e. ə. 588 – 525) görə isə substansiya havadan ibarətdir. Anaksimen havanın həyat üçün zəruri bir amil
olması fərziyyəsini irəli sürür və canlıların yaranmasında da havanın mütləq
bir substansiya olmasına şübhə etmirdi.
Həmçinin onu da qeyd edək ki, Anaksimen ruh haqqında fikir söyləyən ilk
filosoflardan biridir. Bütün canlıların ruhu olması qənaətinə gələn Anaksimen
substansiya kimi qəbul etdiyi havanı ruh ilə eyniləşdirirdi.
Dərin və müdrik düşüncəyə
malik olması nöqteyi-nəzərdən “Qaranlıq” təxəllüsü
qazanmış Efesli Heraklit (e.ə. 535 - 476) ilkin materiyanın alovdan, oddan ibarət
olması barədə fərziyyə irəli sürmüşdü. Heç şübhəsiz ki, Heraklit bu fərziyyəni
önə sürərkən Zərdüştdən (e. ə. 628-551) bəhrələnmişdi. Ümumiyyətlə, onu da vurğulamaq istərdim ki,
substansiya haqqında fəlsəfə tarixində monist, dualist və eklektik baxışlar
mövcud olmuşdur. Zərdüştlük fəlsəfəsində substansiya haqqında mövcud olan
dualist baxışlardan qədim yunan filosofu Empedokl (e.ə. 490 – 430 da təsirlənmişdi. “Empedokles fəlsəfəsində bir-biri ilə savaşan Sevgi və Nifrət dualizmi vardır ki, o da bu ünsürləri hərəkətə gətirir.
Öncə Sevgi hökmranlıq edir. O bütün dünyanı birləşdirir, tamlıqda saxlayır.
Sonra Nifrət gəlir, o isə hər şeyi parçalayır, ayırır və bunun nəticəsində
növlər yaranır. Bu proses də daim təkrarlanmaqdadır. Tədqiqatçılara görə
Empedoklesin bu düşüncələri ilə Zərdüştlük arasında bənzərliklər vardır. Belə
ki, Zərdüştlükdə də xeyrin substansiyası olan Hörmüzün şərin təcəssümü olan Əhrimənlə qarşıdurması dünyanın əsasını təşkil edir.” [3, səh.26]
E.ə. VI-V əsrlərdə Hindistanda meydana gəlmiş ilk
atomizm məktəbi olan Vayşeşika ( sanskritcə "fərqli", "fərqlənən")
təliminə görə isə beş substansiya mövcuddur: Su, Torpaq, İşıq, Hava və Efir. Qədim
Yunanıstanda meydana gələn atomizm təliminin məşhur nümayəndələri olan Levkipp
(e. ə. 500-440), Abderalı Demokrit (e. ə.
460-370) və Epikür (e. ə. 342-270) də kainatdakı bütün mövcudatın əsasında
kiçik və bölünməz zərrəciklər olan atomların durması fərziyyəsini irəli
sürdülər. Qədim hind fəlsəfəsində mühüm yer tutan və altı teist məktəbindən biri olan Vedanta
təliminə görə (sanskritcə
«Vedin sona çatması») Brahmanlar mütləq
substansiyadır və hər şey Brahmanlardan meydana gəlir və sonda da abstrakt
təfəkkür obyekti olan Brahmanlara doğru qayıdır. Yuxarıdakı nümunələrdən də
göründüyü kimi qədim dövrdə mahiyyət etibarilə bir-birinə bənzəyən sadəlövh
dialektik materializmə xas olan analoji fikirlər həm Şərqdə, həm də Qərbdə
mövcud idi.
Caynizimə görə isə canlı və cansız substansiyalar
mövcuddur. “Mövcud olanlar caynizmdə nəfslərlə eyniləşdirilən yalnız insanın
deyil (onun nəfsi ən mükəmməldir), bütün predmetlərin malik olduğu canlı
substansiyalara (civa) və cansız substansiyalara (aciva) bölünür ki, buraya
daxildir: atomlardan (anu) ibarət materiya (pudqala – birləşməyə və ayrılmaya
məruz qalan), məkan (akaşa), zaman (kala), hərəkət və sükunət şərtləri (dharma
və adharma).” [4, səh.251] Şərqdə caynizm fəlsəfəsində irəli sürülən bu iki
müstəqil substansiya barədə mövcud olan ideoloji baxışlar daha sonralar Qərbdə
Rene Dekart (1596-1650) tərəfindən təkmilləşdirilir.
Ensiklopedik biliyə malik olan Aristotel (e.ə.
384-322) substansiyanın tədqiq edilməsini birbaşa olaraq varlığın incələnməsi
ilə əlaqadar olaraq izah edirdi. Aristotelə görə kainatın əsasında beş element torpaq, su, hava, od və efir dayanır, bu elementlərdən dördü səmaltı dünyanı, beşincisi isə
səmanı yaradır. Aristotelin substansiya haqqında irəli sürdüyü bu fərziyyə Vayşeşika təlimində irəli sürülmüş subsansiya
haqqındakı ideyalara mütabiq idi. Ümumiyyətlə, dörd element (torpaq, su,
hava və od) ideyası Şərqdə də uzun müddət
aparıcı ideyalardan birinə çevrilmişdir. Substansiya haqqında Orta
əsrlərdə Şərq ölklərində irəli sürülən
fikirlər də olduqca diqqəti cəlb edir. Bu baxımdan Orta əsrlərdə Şərqdə meydana
gələn məşşailik (Şərq peripatetizimi) adlı fəlsəfə məktəbinin nümayəndələri də
Aristotel fəlsəfəsindən bəhrələnmişdilər. Ərəbdilli Şərq ölkələrində də cövhər
adlanan substansiya problematikasına müraciət edilmiş və müxtəlif əqidəyə,
fərqli dünyagörüşünə malik olan
mütəfəkkirlər tərəfindən müzakirə mövzusuna çevrilmişdir.
Məşhur Azərbaycan filosofu Bəhmənyar (993-1066) da substansiya barədə dolğun
fikirlər irəli sürmüşdür. “Bəhmənyarın varlıq təlimində mümkün varlıq öz
növbəsində substansiya (əl–cauhər) və aksidensiya (əl–arad) olmaqla iki qismə
bölünür. "Təhsil" kitabında deyilir: "Əgər mümkün şeylər
mövcuddursa onların varlığı ya bir substratda, ya da qeyri–substratda olur.
Substratda mövcud olan aksidensiya adını daşıyır, substratda mövcud olmayan isə
substansiyadır." Fərabi və İbn Sina kimi
Bəhmənyar da substansiya və aksidensiyanın şərhinə geniş yer vermişdir.
"Təhsil" kitabında bu mövzuya xüsusi fəsil həsr edilərək israrla
deyilir: "Substansiya odur ki, heç bir substratda mövcud
deyildir." "İzahat" kitabında da bu fikir üzərində əsaslı
dayanılır: "Substansiya substratda yox, konkret şeylərdə
mövcuddur", "substansiyanın real gerçəkliyi mahiyyətdir, mahiyyəti olmayan
heç bir şey substansiya deyildir." [5]
Həmçinin digər məşhur Azərbaycan filosofu
Şihabəddin Sührəvərdi (1154-1191) də substansiyanın cismlərə və qeyri-cismlərə
bölünməsindən bəhs edir, burada cismin itaətedici, qeyri-cismin isə itaəetetdirici
olmasını xüsusi vurğulayır, kainatda hər şeydən qoşa yaradılması konsepsiyasını
önə sürürdü. Sührəvərdinin XII əsrdə irəli sürdüyü bu fikirlərə biz sonralar Dekartın fəlsəfəsində də
rast gəlirik. Substansiya haqqında geniş araşdırma aparan Benedikt Spinoza
(1632-1677) isə dualist substansiya ideyasına qarşı çıxır, vahid substansiyanın
mövcud olması ideyası israrla önə sürür və bunu öz əsərlərində təsbit etməyə
çalışırdı. “Məlumdur ki, karteziançılıq sistemində (Dekart) bu
iki atributun hər biri müstəqil substansiya kimi təhlil
olunurdu. Spinozada isə həmin substansiyalar (maddi və mənəvi) vahid
substansiyada birləşdirilirdi. O bu vahid substansiyanı
Allah adlandırır və qeyd edirdi ki, Allahdan başqa heç bir digər substansiya mövcud deyildir. Spinoza
"Etika"nin birinci hissəsində yazırdı: "Allahdan başqa ayrı substansiya nə mövcud ola bilər, nə də ki, başa düşülə
bilər". Deyilənlərdən məlum olur ki, Spinoza Allahı
substansiya ilə eyniləşdirir, onları bir anlayışda
birləşdirirdi. Onun fəlsəfəsində Allah təbiətdən yüksəkdə durmur, o, təbiətdənkənar yaratmaq qabiliyyətinə malik deyildir. Allah təbiətin özünə daxildir. Beləliklə,
Spinoza Allahı təbiətdə əridirdi, elə onun panteizmi də özünü bunda göstərirdi.” [6, səh. 308]
Ümumiyyətlə,
Spinoza substansiyanın xarakteristikasını verərkən latınca “causa sui” istilahından
istifadə edirdi, bu isə öz-özünün səbəbi olan
anlamına gəlir. Dekartın dualist substansiya ideyasına Corc Berkli (1685-1753) də qarşı çıxır və maddi
substansiyanın mövcudluğunu inkar edirdi. İbranilərin yaratdığı dini-fəlsəfi
təlimdə də “ən-sof” adlanan tək və bütöv substansiya mövcud idi. Substansiya
təsəvvüf fəlsəfi sistemində mistik və dərk olunmaz bir xarakterə malikdir. Təsəvvüf
düşüncə sistemində “zat” deyə haqqında bəhs olunan substansiya da əzəli və
əbədidir, lakin təsəvvüf fəlsəfəsində bu “zat”ın hansı tərzdə mövcud olması
barədə heç bir fikir bildirilmir. “Əslində varlıqda Tanrı zatından başqa
hеç nə mövcud dеyil. Bütün mövcud olan mənəvi və maddi varlıqlar Tanrı zatının müxtəlif
ölçü, görünüş və rənglərdəki təzahüründən başqa bir şеy dеyil. Nəimi bir hədisə
istinadən həmin fikri bеlə ifadə еdir:
«Yox tanrıdan özgə» - söylədik biz
Çün mərifət əhli insanıq biz.
Xaliqlə
məxluq, yaradanla yaradılan mahiyyət еtibarilə vahid və еyni substansiyadır. Nəsimi də:
Mən gənci-nihani, küntə-kənzəm,
Mən gənci-nihan, nihan mənəm mən. –
dеdikdə məhz bunu nəzərdə tuturdu.” [7, səh.64]
Panteizmin
məşhur nümayəndəsi olan Cordano Brunoya (1548-1600) görə isə substansiya
kainatın özüdür, vahid, dəyişməyən və sonsuz bir zamanda mövcud olan bu
substansiya ilahi mahiyyət kəsb edir. “C.Brunonun panteizmində vahid substansiya hər şeyin başlanğıcı, sonu, mahiyyəti, ən nəhayət, özü olsa da dərkedilməzdir, çünki sonsuz və hüdudsuzdur. Lakin, əgər nəzərə alsaq ki, hər varlıq ruhlar ruhunun ali ağlına da malikdir, onda belə bir nəticə alınır ki, sonsuz substansiyanın ona məxsus hissəsini dərk etməklə immanent və kainatdan kənarda mövcud olmayan Vahidi də dərk etmiş olar.”
[8, səh.128]
Zaman
keçdikcə substansiya haqqında mövcud olan ideyalar daha mürəkkəb xarakter kəsb
etməyə başladı. Bu nöqteyi-nəzərdən klassik alman fəlsəfəsinin nümayəndəsi olan
akademik filosof Georq Vilhelm Fridrix Hegelin (1770-1831) də substansiya
haqqındakı fikirləri maraq doğurur. Obyektiv idealizm cərəyanın tərəfdarı olan
Hegelə görə substansiya bütöv və tam bir xarakterə malik olsa da heç də təkcə
deyil. Hegel Spinozadan fərqli olaraq subsatansiyanın sadə bir mahiyyət kəsb
etmədiyini bildir və bu baxımdan dünyanın əsasında mürəkkəb və vahid bir
substansiya durduğunu ifadə edirdi. Əslində Hegelin substansiya haqqında irəli
sürdüyü bu ideyalara təsəvvüf fəlsəfəsində substansiya haqqında söylənilən
fikirlərin tarixilik və varislik nöqteyi nəzərindən ideolji davamı kimi baxmaq
daha məqsədəuyğundur.
Pozitivizmin
nümayəndələrinin substansiyanı adi şüurun qalığı kimi dəyərləndirməsinə
baxmayaraq bu kateqoriya fəlsəfə tarixində uzun müddət müzakirə obyektinə
çevrilmişdir. Ümumiyyətlə, substansiya haqqında həm Qərb və həm də Şərq
fəlsəfəsində irəli sürülən fikirlər, ideyalar, nəzəriyyələr ontologiya (varlıq haqqında təlim) bölməsinin aparıcı
mövzularından biri olmuşdur.
Rəhim Həsənli
Ədəbiyyat
1.
Fəlsəfə ensiklopedik lüğət. Bakı, “Azərbaycan Ensiklopediyası” nəşriyyatı, NPB,1997
2. Skirbekk Q.,
Gilye N. Fəlsəfə tarixi: Müasir
dünyanın fəlsəfi qaynaqlarına bir baxış. Ali
məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı, “Zəkioğlu” nəşriyyatı, 2007.
3. Əlizadə A.A. Antik fəlsəfə tarixi. Ali məktəblərin tələbələri üçün dərs
vəsaiti. Bakı-2016
4.
Haribhadra. Altı fəlsəfənin
toplusu. Şərq fəlsəfəsi (IX-XII əsrlər). Bakı, BDU, 1999
5.
https://az.wikipedia.org/wiki/Bəhmənyar_Azərbaycani#sitat_qeyd-Zakir83-7
6.
Zeynalov M.B. Fəlsəfə tarixi (Qərb fəlsəfəsi). Bakı,
Azərbaycan, 2001.
7. Babayеv Y. Təriqət ədəbiyyatı: sufizm, hürufizm. Ali
məktəblərin filoloji fakültələri üçün dərs vəsaiti. Bakı, «Nurlan», 2007.
8.
Bünyadzadə K. Şərq və Qərb: ilahi vəhdətdən keçən
özünüdərk. Bakı, 2006
Yorumlar
Yorum Gönder