Mahiyyət
etibarilə hürufilik antropomorfizm, panteizm və sufi-zim elementlərinin ehtiva
olunduğu mistik təlimdir. Hürufilik və yaxud da Hürufiyyə (ər.
حُرُوفِيَّة) XIV əsrin sonlarında Qərbi
İran, Azərbaycan və Anadolu ərazisində meydana gələn və XV əsrin əvvəllərində
geniş yayılan sufi təriqətidir. Bu təlimin adı ərəbcə “hüruf” yəni, hərflər
sözündən götürülmüşdür və təriqətin əsas mahiyyəti içərisində ərəb hərflərinə
mistik çalarlar əxz etmək üstünlük təşkil edirdi. Hürufilik təliminin
qurucusu Şеyx Əbdürrəhman ibn Əbu Məhəmməd Şihabəddin Fəzlullah Astarabadi Nəimi Əl-Hürufi (1339-1394) şimal-şərqi İranda yerləşən Gülüstan ostanının Astarabad şəhərində dünyaya göz açmışdır. Fəzlullah Nəiminin gənc yaşlardan etibarən sufizmə maraq duymasında Həllac Mənsurun fəlsəfi fikirlərinin böyük rolu olmuşdur. Gənc yaşlarından təsəvvüfə böyük maraq göstərən Fəzlullah 18 yaşında Həcc mərasimini yerinə yetirdikdən sonra sufizimi araşdırmaq məqsədilə Xarəzmə və Təbrizə səyahət edir. Nəimi Təbrizdə yaşadığı müddətdə artıq öz müstəqil fikirlərini önə sürməyə başlayır, tədricən bu ideyaların ardıcılları Nəiminin ətrafına toplanır və davamçıları ona pərəstiş etməyə başlayırlar. Nəimi Təbrizdə ikən ona yuxuda vəhy gəldiyini iddia etdi, bu vəhyə görə Həzrəti Adəm, Həzrəti İsa və Həzrəti Məhəmməd Allahın xəlifələri, özü isə Mehdi və Məsihdir, peyğəmbərlərin və vəlilərin sonuncusudur. Fəzlullah bu yuxunu insanlara açıqladıqdan sonra Təbriz üləması tərəfindən kafir elan edildi.
qurucusu Şеyx Əbdürrəhman ibn Əbu Məhəmməd Şihabəddin Fəzlullah Astarabadi Nəimi Əl-Hürufi (1339-1394) şimal-şərqi İranda yerləşən Gülüstan ostanının Astarabad şəhərində dünyaya göz açmışdır. Fəzlullah Nəiminin gənc yaşlardan etibarən sufizmə maraq duymasında Həllac Mənsurun fəlsəfi fikirlərinin böyük rolu olmuşdur. Gənc yaşlarından təsəvvüfə böyük maraq göstərən Fəzlullah 18 yaşında Həcc mərasimini yerinə yetirdikdən sonra sufizimi araşdırmaq məqsədilə Xarəzmə və Təbrizə səyahət edir. Nəimi Təbrizdə yaşadığı müddətdə artıq öz müstəqil fikirlərini önə sürməyə başlayır, tədricən bu ideyaların ardıcılları Nəiminin ətrafına toplanır və davamçıları ona pərəstiş etməyə başlayırlar. Nəimi Təbrizdə ikən ona yuxuda vəhy gəldiyini iddia etdi, bu vəhyə görə Həzrəti Adəm, Həzrəti İsa və Həzrəti Məhəmməd Allahın xəlifələri, özü isə Mehdi və Məsihdir, peyğəmbərlərin və vəlilərin sonuncusudur. Fəzlullah bu yuxunu insanlara açıqladıqdan sonra Təbriz üləması tərəfindən kafir elan edildi.
Gənc
yaşlarından mütəmadi olaraq ibadətlə məşğul olan və papaqçı kimi güzəranını
keçirdən Nəiminin təsəvvüfə meyl etməsi heç də təsadüfi bir mahiyyət kəsb
etmirdi. Nəiminin atasının da sufi olması və nəsil şəcərəsinin Əli ibn Əbu Talibə
nisbət etməsi haqqında müfəssəl məlumat
vardır. İskurt Məhəmməd Dədənin “Salatnamə”
adlı əsərində Nəiminin nəsil şəcərəsi bu qaydada verilmişdir: “Fəzlullah ibn
Seyid Bahəddin ibn Həsən ibn Seyid Məhəmməd ibn İmadəddin ibn Seyid Tacəddin ibn Seyid Əli ibn Seyid Haşim
ibn Seyid Şərif Şah ibn Seyid Məhəmməd əl-ibn Seyid Əli ibn
Seyid Hüseyn ibn Seyid Məhəmməd ibn Seyid Haşim ibn Seyid Həsən ibn
Seyid Cəfər ibn İmam Musa Kazım ibn Cəfər
ibn İmam Məhəmməd Baqir ibn
Zeynəlabidin ibn İmam Hüseyn
ibn İmam Əli ibn Əbu
Talib.” (1)
1370-ci illərdən etibarən şeyx kimi
fəaliyyətə başlayan Fəzlullah Təbrizdə Cəlayir xanədanının sarayında böyük
hörmətlə qarşılandı. Lakin Təbrizdə
üləmaların ona təzyiq göstərməsi səbəbindən İsfahana getdi və 1376-1377-ci illərdə
İsfahanda bir mağarada invizaya çəkildi. Müsafir ləqbəli bir dərviş Nəimiyə
artıq zühur etməyin zamanının gəldiyini və Təbrizdə ikən gördüyü yuxunun ilahi
tapşırıq olduğunu söylədi. Dərvişin məsləhətindən sonra Nəimi özünün Mehdi
olduğunu elan etdi, bu zaman Fəzlullah ətrafında olan yeddi nəfər sadiq insan
hürufiliyin ilk müridləri oldular və
onlar Nəimini mürşid kimi qəbul etdilər. Fəzlullah müridləri ilə Gilan və
Damğandan sonra Bakıda fəaliyyət göstərməyə başladılar. Bu
dövrdən etibarən hürufilik ümumi sufizm axını içində özünəməxsus bir səpkidə
formalaşmağa başladı və zaman keçdikcə ezoterik (batini) yönümlü mistik-fəlsəfi
təlim kimi geniş yayıldı.
Nəimi bir müddət mağarada
inzivaya çəkildikən sonra İsfahanda öz fəlsəfi sistemini açıq bir şəkildə yaymağa
başladı və bu dövrdən etibarən özünün “Mehdi” olması ideyasını irəli sürdü. “Mütəfəkkirin
dünyagörüşünün və yaradıcı hürufiliyin fəlsəfi əsası ardıcıl panteizmdir.
Dünyanın vəhdəti haqqında təlimində, hərfin və yuxunun təbiəti, təyin və təyin
edilən, məzmun və forma əlaqəsi və s. məsələlərdə Nəimi əsasən materialist
mövqe tutmuşdu. İslamın və “Quran”ın şərhçisi kimi tanınan Nəimi əslində onları
inkar etmişdi.” (2, səh. 488)
Nəiminin yaratdığı təriqət yeddi seçilmiş
müridin səyləri nəticəsində yeni inanc sürətlə yayılmağa başladı. Qısa müddət
ərzində müxtəlif sosial seqmentləri təmsil edən ardıcıllar yeni təriqətin
ətrafında toplanmağa başladı. Fəzlullahın ən əhəmiyyətli əsərləri içərisində
“Cavidannamə” (“Əbədiyyət haqqında kitab”),
“Ərşnamə”, “Məhəbbətnamə” (“Eşqnamə”), “Vəsiyyətnamə”, “Növmnamə” (“Yuxu
haqqında kitab”), “İsgəndərnamə” əsərlərini və “Divan”ını qeyd etmək olar. Hürufliyin əsas ideologiyasının ehtiva
olunduğu «Cavidannamə»
əsəri “Cavidan əl-Kəbir” («Böyük Cavidannamə») və «Cavidan əl-Səğir»
(«Kiçik Cavidannamə») adlı iki hissədən ibarətdir. Dialoq formasında yazılan bu
əsər hürufilik təliminin ideologiyasının ehtiva olunduğu əsas kitab hesab
olunurdu. Əslində isə «Cavidannamə» əsəri “Quran”ın Nəimi tərəfindən özünəməxsus
şəkildə təfsir edilməsi idi. “«Cavidannamə» hürufilik təliminin ən mötəbər
qaynağı, bu təriqətin əsas idеya, məqsəd və baxışlarını özündə əks еtdirən təlim
kitabı hеsab olunur. Şərti olaraq bеlə dеmək mümkündür ki, «Cavidannamə»
hürufilərin Quranı, ana kitabıdır. Nəimi hürufilik idеologiyası ilə əlaqəli
bütün təsəvvür, baxış və prinsiplərini bu sonuncu dini və еlmi-fəlsəfi əsərində
ümumiləşdirmiş, onun ən mühüm müddəalarını şərh еtmiş və müəyyənləşdirmişdir...
Burada müəllif öz müddəalarını şərh еdərkən çoxlu saydı diaqramlardan, müxtəlif
ölçülü dairələrdən və həndəsi işarələrdən də istifadə еtmişdir ki, bunların
vasitəsilə Allah, söz, insan, göy, yеr, ulduzlar, bürclər, 4 ünsür, Kəbə və s.
arasındakı əlaqə və münasibətləri aydınlaşdırmağa çalışmışdır. «Cavidannamə»nin
müəyyən hissələri Saillə talib arasındakı dialoq formasındadır. «Sail» Nəiminin
təxəllüslərindən biri, «talib» isə öyrənəndir. Əsərdə yеri gəldikcə mənzum
parçalardan da istifadə еdilmişdir.” (3, səh.62)
Hurüfilik ideologiyasının əks
olunduğu əsərlərin içərisində Fəzlullah Nəiminin əsərləri, xüsüsən də
“Cavidannamə” əsəri mühüm yer tutur.
Ümumiyyətlə, hurüfiliyin əsas mənbə kitabı kimi məşhur olan “Cavidannamə”
əsəri altı hissədən ibarətdir. Birinci hissədə müəllifin etiqadı fikir və
düşüncələri əks olunmuş, bəzi kəlam məsələlər müzakirə olunmuş, ikinci hissədə
kainatın yaradılışı, səma, ərz, ay, günəş və bürclərlə bağlı məlumatlar
verilmişdir. Üçüncü hissədə Adəm ilə Həvvanın və digər varlıqların yaradılışı,
dördüncü hissədə axirət, qiyamət və həşr mövzularına toxunulmuş, beşinci
fəsildə peyğəmbərlərin göndərilməsi, Həzrət İsa və şəriət haqqındakı fikir və
şərhlər qeyd edilmişdir, altıncı hissədə
isə Allahın sifətləri və sirlərin kəşfi barədə məlumat verilmişdir. (4)
Nəiminin müridləri də hürufiliyə
aid önəmli əsərlər qələmə almışlar. Fəzlullahın xəlifəsi olan Əbülhəsən Əli ül-Əlanın
“Qiyamətnamə”, “Kürsinamə” və “Tövhidnamə”
əsərləri, Əbdülməcid Fəriştəoğlunun “Eşqnamə”, “Lüğəti qanuni ilahi”, “Axirətnamə”
“Hidayətnamə” və “Həbnamə” əsərləri, İmadəddin Nəsiminin “Divan”ını və “Müqəddimət
ül-həqaiq” əsəri, Əmir Qiyasəddin Məhəmməd ibn Huseyn ibn Məhəmməd əl-Astarabadini “İstivanamə” və “Məktub” əsərləri, Mir Şərifin
“Hacnamə”, “Məhşərnamə” və “Bəyan ül-vaqi” əsərləri, Rəfinin “Bəşarətnamə” və
“Gəncnamə” əsərləri, Yəmininin “Fəzilətnamə” əsəri, Mühitinin “Divan”ı, Misalinin
“Divan”ı və “Ərş Divanı”, Həmzə Dədənin “Cavidannamə şərhləri” əsəri, İskurt Məhəmməd
Dədənin “Salatnamə” əsəri, Dərviş Mürtəzanın “Dürri yetim” əsəri, Seyyid Əmir İshak Astarabadinin “Təhqiqnamə”, “Turabnamə” və
“Həbnamə” əsərləri hurüfiliyə dair həsr edilmiş önəmli
əsərlərdir. (5, s. 488).
Hürufi təriqətinin fəaliyyəti Teymurilər
xanədanını narahat edirdi və təriqətin fikirləri
ilə razılaşmadıqları üçün hürifilik təliminin davamçıları təqib olunurdu. Əmir
Teymurun oğlu Miranşahın əsgərləri tərəfindən yolda həbs olunan Fəzlullahın
edam olunması haqqında Şirvanşah İbrahimin qazısı Bəyazid fətva verdi.
(Halbuki Nəimi bir zamanlar Bəyazidin evində qonaq qalmış və böyük hörmət görmüşdü.) 1394-cü ildə Əlincə qalasında birbaşa olaraq Miranşahın özü tərəfindən Nəiminin boynu vurularaq edam edildi. Bəzi mənbələrin verdiyi məlumata görə Miranşahın Nəimini öldürdüyü qılınc Fəzlullah müridləri tərəfindən qızılla bəzədilmiş və hüruflər bu qılınca təzim edirmişlər. Nəiminin cəsədi ayaqlarından sürüklənərək hər kəsə göstərildikdən sonra müridləri tərəfindən torpağa verildi. Nəiminin Məqtəlgah deyə adlandırılan məzarı hürifilər tərəfindən müqəddəs sayılırdı. (6, s. 218).
(Halbuki Nəimi bir zamanlar Bəyazidin evində qonaq qalmış və böyük hörmət görmüşdü.) 1394-cü ildə Əlincə qalasında birbaşa olaraq Miranşahın özü tərəfindən Nəiminin boynu vurularaq edam edildi. Bəzi mənbələrin verdiyi məlumata görə Miranşahın Nəimini öldürdüyü qılınc Fəzlullah müridləri tərəfindən qızılla bəzədilmiş və hüruflər bu qılınca təzim edirmişlər. Nəiminin cəsədi ayaqlarından sürüklənərək hər kəsə göstərildikdən sonra müridləri tərəfindən torpağa verildi. Nəiminin Məqtəlgah deyə adlandırılan məzarı hürifilər tərəfindən müqəddəs sayılırdı. (6, s. 218).
Hürufilər Fəzlullahın ölümü
barədə verilmiş fitvaya istehza ilə yanaşaraq, bu fitvaya “küfri-iman” adını
vermişdilər. Mürşidləri Fəzlullahın ölümündən sonra onun mistik təlimi
müridləri tərəfindən hürufilik təliminin rəhbərlərindən olan Əhməd Lurun
1427-cü ildə Şahruxa qarşı sui-qəsd hərəkətinə cəhd etməsindən sonra
müridlərdən bir çoxu tutularaq öldürüldü. (7) 1467-ci ildə isə Qaraqoyunlu
hökmdarı Cahanşaha qarşı şəxsən Fəzlullahın qızının rəhbərliyində bir qiyam
hərəkatı da amansızcasına yatırıldı və üsyanın rəhbəri beş yüzə qədər tərəfdar
ilə ilə birlikdə edam edildi.
Bu hadisələrdən sonra hürufilərin
böyük əksəriyyəti Anadoluya sığınmağa başladılar. Bundan əvvəl də hürufiliyin
Anadoluda Mir Şərif və xüsusilə İmadəddin
Nəsimi tərəfindən yayılması tarixi mənbələrdə qeyd edilmişdir. Mir Şərif Anadoluya
Fəzlullahın əsərləri başda olmaqla bir çox hürufi əsərlərini gətirmiş,
Fəzlullahın öndə gələn xəlifələrindən Nəsimi də Anadoluda geniş ölçüdə bir
təbliğat apamışdır. Hürufilərin bu dövrdə təsirli və mütəşəkkil bir şəkildə təbliğat
aparmaları Osmanlı sultanı II Məhəmməd dövründə saraya qədər nüfuz etmələrindən
aydın olur. Osmanlı sarayındakı din xadimləri hürufiliyin geniş aspektdə
fəaliyyət göstərməsindən təlaşa düşdülər, vəzir Mahmud Paşanın və Mövlana
Fəxrəddin Əcəminin səyləri nəticəsində hürufilər cəzalandırıldı. Bu iki şəxs
hürufilərin “hülul” inancına (yaradanın yaratdıqlarında meydana çıxmasını,
təzahür etməsi inancı) sahib olmaları barədə gənc sultanı xəbərdar edirlər.
Sultan II Məhəmmədin hüzurunda aparılan bu müzakirənin sonunda hürufilərin
həqiqətən də “hülul” inancına sahib olması faktı ortaya çıxmış və bu səbəbdən
də sultanın buyruğu ilə hürifilər həbs olunmuş və edam edilmişlər. Bu hadisədən
sonra Anadolu və Rumelidəki hürufilər öz varlıqların gizli bir şəkildə davam etdirmişlər,
sonralar isə Ələvi-Bektaşilərə və qismən də digər təriqətlərin içərisinə qarışdılar.
“Hülulilik təliminə görə, Allah ardıcıl surətdə bütün peyğəmbərlərdə həll
olaraq, nəhayər bu və ya digər şəxsdə biruzə verir. Hülulilik bəzən panteist
məzmunda şərh edilirdi: “Allah təala hər bir məkanda mövcuddur, hər bir məkanda
mövcuddur, hər bir dildə danışır, bəşərin hər bir şəxsində zahirdir.”” (2, səh.
488)
Əl-Hürufi ləqəbi ilə də tanınan Fəzlullah
Nəimi “Quran”ı yəhudi mistisizimi olan qabalistik hərf sistemiylə izah edirdi.
Hürufilikdə 7 rəqəmi mühüm əhəmiyyətə malik idi və həm “Quran”dakı “Fatihə”
surəsinin ayələri, həm imanın şərtləri, həm də üzdəki əsas yeddi nöqtə bu
müqəddəs rəqəmlə bağlıdır və bu səbəbdən insanın özü də həqiqət üçün açardır.
Əslində əsrlər boyu bir sıra hərf və rəqəmlər müqəddəs sayılmış və bunlara
müxtəlif mənalar verilərək, Allaha məxsus sirlərin bu hərf və rəqəmlərdə
gizlənməsi düşüncəsi ortaya atılmışdır. Buna bənzər ideyalar Qədim Hindistanda,
Qədim Yunanıstanda, Qədim Misirdə, yəhudilik və xristianlıq dinində də mövcud
olmuşdur.
Ümumiyyətlə, hürufilik özündən
əvvəl bərqərar olmuş monoteist dinlərə hörmətlə yanaşır, bu dinlərin
ideyalarından bəhrələnir və bu ideyaları özünəməxsus tərzdə izah edirdi. Hürufilik
təliminin meydana gəlməsində pifaqorçuluq, “Kabbala”, ismaililik, cifr elmi,
Həllac Mənsurun və Mühyiddin İbn əl-Ərəbinin
fəlsəfi fikirləri mənbə kimi önəmli mövqeyə malik olmuşlar. Hürufilərə görə
musəvilik (yəhudilik), xristianlıq və islam dinləri bir-birinin məntiqi
davamından ibarətdir. “Hürufilər
bütün insanları dinindən, irqindən, rəngindən asılı olmayaraq adəmi
adlandırırdılar, yəni Allahın xəlq etdiyi və onun gövhərinin daşıyıcısı
sayırdılar. Bununla həm də bütün millətlərdən olan adamların hürüfiliyi qəbul
etməsi üçün əsas yaranırdı. Bir çox məqamlarda adəmi sözü hürufi sözünün
sinonimi kimi işlənir. Fəzlullah “Cavidannamə”də İsa Məsihin dinləri birləşdirmək
missiyasını başa çatdıra bilmədiyini qeyd edir. Söhbət eyni bir Allahın
kitablarını tanıyan, lakin rəqabət aparan üç dindən—musaviliyin, xristianlığın
və islamın birləşdirilməsindən gedir. Bu birləşdirici missiyanı Fəzlullah öz
allahlığmı zəruri etmiş başlıca şərt kimi təqdim edir. Hürufilik bütün yer
üzündə yayıldıqda Fəzlüllahın məzhəbi “adəmilik” adlanmalı idi.” (8,
səh.127)
Fəzlullaha görə Allah gizli bir
xəzinədir, hər şeyin həqiqəti, mövcudiyyəti və ruhu isə səslərdir. Gizli bir
xəzinə olan Allahın ilk təcəllisi kəlam şəklində təzahür edən səslərdən ibarətdir, səsin kamalı
kəlam, yəni sözdür. Kəlam isə ancaq insanlarda zühur edir və özünü səslə biruzə
verir. Kəlam bir sıra ünsürlər halında bəzi şəkillərdə ehtiva olunur. Bu
ünsürlər ərəb və fars əlifbalarının iyirmi səkkiz və otuz iki hərfləridir. Kainatın təməl elementləri olan hərflər insanın
üzündə də təcəlli etmişdir.
Hürufilərdə Quranın sirrinin iyrmi doqquz
surənin başında gələn “hürufi-müqəddə”də (tək-tək oxunan hərflər)
toplandığı qəbul edilirdi. Bu hərflər on dörd ədəddir: ﺍ (əlif) -ﻝ (lam)- ﺮ (re)- ﻕ (qaf) - ﺡ (he)- ﻯ (ye) -ﻉ (əyn) - ﺹ (sad)- ﻁ (ta) - ﺱ (sin) - ﻩ (ha)- ﻡ (mim)- ک (kaf) -ﻥ (nun).
Hürufilərin digər monoteist dinin
nümayəndələrinə hörmət bəsləməsi onların ardıcıllarının sayının artmasına rəvac
verirdi. Dinindən asılı olmayaraq hər kimsə hürufiliyi qəbul edirdisə müvəhhid,
yəni mömin dərəcəsinə daxil olurdu. Hürufiliyi qəbul etməyənlər isə mürdə, yəni
ölü sayılırlar, həmçinin hürufiliyi qəbul edən şəxs mürdə dərəcəsindən müvəhhid
dərəcəsinə daxil olur.
Hürufilərə görə son peyğəmbər
Fəzlullahdır və hər peyğəmbər özündən əvvəl gələn peyğəmbərlərin sirlərinin
mənasını aşkar və izah edir, Fəzlullah isə son peyğəmbər olduğu üçün əvvəlki
peyğəmbərlərin bildirdiklərinin mənasını aşkar edəcək açara malikdir. “Hürufiliyə
görə Allahın yaratdığı dünya daimi dövr edir və bu, görünən dəyişikliklərin
səbəbidir. Allah iki yolda təzahür edir: Allahın özünəbənzər yaratdığı insanda
və “Quran”da və şeylərin adında.” (2, səh. 488)
Hürufilər kainatın üç təməl dövrü
olduğu qəbul edirlər:
1.
Peyğəmbərlik və ya Nübüvvət
dövrü.
2.
İmamlıq və ya İmamət dövrü.
3.
Tanrılıq və ya İlahilik dövrü.
Adəm ilə başlayan və Həzrəti Məhəmməd ilə sona
çatan dövr peyğəmbərlik, Həzrəti Əli ilə başlayan və on birinci İmam Həsən
Əsgəri ilə bitən dövr İmamlıq dövrləridir. Fəzlullah ilə tanrılıq dövrü
başlamışdır və bütün peyğəmbərlər Fəzlullahı müjdələmişlər. “Kabbala”da
hərflərin hər birinin mistik dəyərinin olması və müqəddəs mətndə mistik
dəyərlərin axtarışı hürufilərin də toxunduğu əsas mövzulardandır. Hürufilər
bütün dini hökmləri öz düşüncələri istiqamətində izah edirdilər.
Kəlmeyi-şəhadət, namaz, oruc, həcc və zəkat kimi bütün dini hökmlər şərhlər vasitəsi
ilə iyirmi səkkiz və otuz iki hərfə tətbiq edilərək açıqlanırdı. Hürufilərdə
Həcc deyildikdə Fəzlullahın edam olunduğu yeri ziyarət etmək, Şeytan daşlamaq
deyildikdə isə Fəzlullahı öldürən Teymurun oğlu Miranşahın inşa etdirdiyi
Səncəriyyə qalasını daşlamaq nəzərdə tutulurdu.
Fəzlullahın
öldürülməsindən sonra onun mistik ideologiyası müridləri tərəfindən davam
etdirildi. Hürufiliyin yayılmasında və Nəimidən sonra da davam etdirilməsində Əbülhəsən Əli ül-Əla, Seyid Əli İmadəddin Nəsimi, Əbdülməcid ibn Fəriştə İzzəddin
ət-Tirəvi (ölümü 1459/1460) və başqa hürufi müridlərinin böyük rolu olmuşdur. Fəzlullahın
400 xəlifəsi içərisində Əbülhəsən Əli ül-Əla böyük nüfuza malik olması ilə
seçilirdi. Hələ gənc yaşlarından Nəiminin müridi olan Əli ül-Əla 1419-cu ildə
Əlincədə öldürülmüş və Nəiminin məzarının yanında dəfn olunmuşdur. “Nəiminin
baş xəlifələrindən biri Əbülhəsən Əli ül-Əla 1399-cu ildə, yəni ustadının
ölümündən sonra onun «Cavidannamə» əsərini nəzmə çəkmişdir. Hürufiliyə dair
«Kürsinamə», «Qiyamətnamə» və s. kimi qiymətli əsərlər qələmə almışdır.” (3, səh.57)
Hürufiliyin
ən böyük davamçılarından biri olan Seyid Əli İmaddədin Nəsimi bu təriqətin
Şimali Suriya torpaqlarında yayılmasında böyük rol oynadı. Nəsiminin bu
bölgədəki aktiv fəaliyyəti sünni üləmalarını narahat edirdi. Sünni üləmalar
Misirdəki Məmlük sultanına və Abbasi xəlifəsinə məktublar yazaraq, gəncləri
yoldan çıxartdığı və “Quran”ı inkar etməsi səbəbiylə (bu hadisə Sokratın başına
gələnləri xatırladır) Nəsiminin cəzalandırılmasını tələb etdilər. Məmlük sultanın
Hələb əmrinə verdiyi tapşırıq nəticəsində 1417-ci ildə böyük hürufi şairi Seyid
İmadəddin Nəsiminin dərisi soyularaq edam olundu. Sünni üləmlar Nəsiminin
soyulmuş cəsədinin əhaliyə ibrət olması üçün 7 gün Hələbdə hər kəsə
göstərilməsinə qərar verdilər.
Hürufilik
təliminə panteist səpkidə yanaşan Nəsimi ruhun təkamül yolu ilə inkişaf
etməsinə inam bəsləyirdi. Nəsiminin vəhdəti-vücud düşüncəsinə görə insan həm
surət, həm məna baxımından ilahi varlıqdan ayrı deyildir. Haqqın nuru insan surətində
təcəlli etdiyinə görə insana yüksək dəyər vermək lazımdır. Təcəlli hurufi istilahında Haqqın zat və
sifətlərinin insanda zühur
etməsinə deyilir. Təcəllinin əsas xüsusiyyəti hürufinin könlündə Haqqın zahir
olmasıdır. İnsan öz
varlığında Haqqı tapa bilər, çünki insan ilahi təcəllinin təzahür etdiyi uca
varlıqdır:
Hüsnün təcəllisindən gəldi vücuda aləm,
Ey vaiz, əbsəm ol kim, yalançı qissəxansan.
Həqdən gələn kəlamın möcüzdür, ey Nəsimi,
Sənsən ki,
küntü kənzin əsrarına bəyansan. (9, səh.75)
Hürufilərə
görə varlığın mahiyyəti səsdən ibarətdir və səsin təzahür etməsi ilə kainat bərqərar
olmuşdur. Gizli bir xəzinə olan Allah ilk dəfə olaraq "söz" (kəlam) vasitəsilə
özünü biruzə vermişdir. “Fəzlullah Quranın məntiqinə əsaslanır və (4:171 )-ci
ayədən belə nəticə çıxarır ki, Məryəm tərəfindən doğulmazdan əvvəl İsa Məsih
Allahın qatında kəlimə və ruh şəklində olmuşdu, doğulandan sonra varlığını cəsəd
- diri insan bədəni - şəklində davam etdi. Beləliklə, İsanın misalı sözlə ruhim
eyniyyətini təsdiqləmək üçün əsas olur və Fəzlullahın Həzrəti-Əhədiyyətin şəkillənməsi
ehkamının ən çəkili misalı kimi ortaya gətirilir.” (8,
səh.54)
Hürufilər
kainatın sonsuzluğuna və mütəmadi olaraq sprilavari şərairdə təşəkkül etdiyinə
inanırdılar. Tanrı özünü insanın üzündə ərəb hərfləri formasında biruzə
vermişdir. Bu baxımdan insanın üzündəki burun "əlif", burnun iki tərəfi
"lam", gözlər də "ha" hərflərini xattırladır və bu
nöqteyi-nəzərdən də insanın üzündə simmetrik şəkildə iki Allah sözü
yazılmışdır. Hüruflər insanın Allahın təcəllisi olduğuna şəksiz inam bəsləyirdilər
və insanı tanrı dərəcəsinə yüksəldilirdir. Bütün mövcüdat mütləq varlığın təzahürüdür
və mövcudatın ən uca mərtəbəsində insan durur. Kamil insanın Allah üzündə təcəlli
etmişdir və kamil insanın üzündə sirr gizlənmişdir, bu sirri öz simasında görməyən
insan cahildir. Bu sirrdən agah olan kamil insan isə ilahi bir varlıqdır.
Hürufilərə görə hər bir insan bu sirrdən agah olmalı və kamil insan dərəcəsinə
yüksəlməlidir.
İnsan üzündə anadangəlmə "xutüt-ü ummiyə"
(ana xətləri) adlanan yeddi xətt vardır: iki qaş, dörd kirpik və saç. Bu yeddi
xəttin dörd elementə (od, su, hava və torpaq) vurulmasından ərəb əlifbasının 28
hərfi hasil olur. Bununla yanaşı yeddi də "xutüt-ü əbiyə" (ata xətləri)
vardır ki, bunlar kişidə yetkinlik çağında çıxır: bunlar sağ və sol
yanaqlardakı iki saqqal, iki bığ, iki burun tükü və bir çənə altı tüküdür. "Xutüt-ü
ummiyə" ilə "xutüt-ü əbiyə" xətlərinin hal və mahal etibarilə cəmi
“Quran”ın yazıldığı 28 hərf olur. Saçı ikiyə böldükdə isə insanın simasında
yeddi xətt deyil, səkkiz xətt meydana gəlir və səkkizin dörd elementə
vurulmasından fars əlifbasının 32 hərfi hasil olur, bu hərflərlə isə Fəzlullah
“Cavidannamə”ni qələmə almışdır.
“Hürufilikdə Allah, hərf (söz-kəlam), insan, maddi varlıq və 4 ünsür münasibətləri
bir-biri ilə əlaqəli, tam və bütöv bir vəhdət halında götürülür: Hər şеy
Allahdır → hər şеy 28 və 32 hərfdir (yəni söz və kəlamdır) → hər şеy həmin hərflərin
sirrinə vaqif olan insandır → hər şеy maddi varlığın əsasını təşkil еdən 4
ünsürdür. Hürufilər əzəli və əbədi olan ilkin zatın (xaliq) təcəllisindən zühur
еdən varlığın yaradılış nizamını bu sistеmdə qəbul еdirdilər: Allah → söz →
kainat → insan.” (3, səh.63)
Hurüfilik
istilahında Adəm və Həvva anlayışları böyük əhəmiyyət kəsb edir. Bu sözlərlə
hürufilər ilk insanı nəzərdə tuturdular, geniş mənada isə bu sözlər insanlar mənasında
istifadə edilirdi. Hurüfilik doktrinasında Adəm və Həvva istilahları önəmli bir
xüsusiyyətə malik idi. Fəzlullah Nəimiyə görə Adəm istilahının əbcəd hesabı 46,
Həvva istilahının əbcəd hesabı 21, Allah istilahının əbcəd hesabı isə Adəm və Həvva
sözlərinin əbcəd hesabının cəmidir, yəni 67-dir. Bu fakt hürufilikdə xüsusi bir
dəyər kəsb edirdi, hürufilər məhz bu
faktı nəzərə alaraq Allahın insanda təcəlli etdiyini bir daha qətiyyətlə söyləyirdilər.
Allah
kəlməsi 5 hərifdən ibarətdir və əgər bu hərfləri ərəb əlifbasında yazıldığı
kimi oxunsa, bu hərflərin cəmi 14 edir. Bunlar isə adəm övladının üzündə əks
olan xətlərin sayı qədərdir. Elə bu səbəbdən də həzrəti Adəm Allahın xəlifəsidir.
Adəm kəlməsinin əbcəd hesabı 46 rəqəmindən Adəmin üzündə xətt formasında əks
olan 14 rəqəmini çıxsaq 32 alınır.
Hürufilikdə 32 rəqəmi kəlmeyi ilahiyə kimi böyük anlam kəsb edir. “Quran”da ata
və ana dedikdə əslində Adəm və Həvva nəzərdə tutulmuşdur.
Təsəvvüf terminləri içərisində önəmli dəyərə malik olan vəhdət-i
vücud (varlığın birliyi) konsepsiyası hürufilikdə də mühüm yer tutur. Vəhdət-i vucüda görə varlıq “vahid”
olması səbəbilə Yaradılan ilə yaradanın qaynağı eynidir və bütün yaradılmışlar
yaradanın kainatdakı bir əks olunmasıdır. Kainat Allahın bir zahiri
görüntüsüdür, Allah isə kainatın özüdür, batini olan Allah kainatda gerçək
şəkildə özünü biruzə verir. Dünyada
yalnız bütöv, tam substansiya olan Allah substaniyası mövcuddur, gerçəklikədə
mövcud olan bütün cisimlər və təbiət hadisələri Allah substaniyasından
ayrılmışlar və tədricən bu substansiyaya doğru qayıtmalıdırlar.
Vəhdət-i vücud anlayışı kainatda Allahdan başqa heç bir varlığın
mövcud olmadığını bildirir. Bütün kainat ilahi varlığın təkliyindən törəyib,
ilahi varlıq olan Allah tək və bənzərsizdir. Vəhdət-i vücuda görə Allah
bütün varlıqlarda təzahür etmişdir. Allahın yaratdığı vəhdət insanlara kəsrət (çox)
kimi görünür. Bunun fərqinə varmaq isə təsəvvüf yolu ilə əldə olunur. “Təsəvvüfün
əsas düşüncəsi budur: Yaradılış deyə bir şey yoxdur, varlıq birliyi (vəhdət-i
vücud) vardır. Varlıq kainatda nə varsa – canlı, cansız hamısında aşkar
olur. Nə başlanğıc vardır, nə də son.
Var olan sadəcə varlığın hər zaman aşkar olmasıdır. İnsan da, heyvan da, bitki
də, mədən də eyni varlığın müxtəlif təzahürləridir. Heç bir şeyin özünə xas bir
varlığı yoxdur, hər şey tək varlıqdır.
Varlıq hər an daimi olaraq aşkar etməkdir (zühur etməkdir).” (10, səh. 07).
Ümumiyyətlə,
vəhdət-i vücud təlimini panteizmlə tam eyniləşdirmək düzgün deyildir, vəhdət-i
vücud təlimi ilə panteizm arasında
müəyyən fərqli xüsusiyyətlər vardır.
Vəhdət-i vücud panteizmdən fərqli olaraq peyğəmbərlər və onların varisi olan
vəlilərin kitab və sünnəyə söykənən mükaşifələrinin (mükaşifə - kəşf
sözündəndir, ilahi sirrlərin sevgi və məhəbbətlə əldə edilməsinə, kəşf
edilməsinə deyilir) məhsuludur.
Tarix
boyu hürufilik təriqətinin böyük təzyiqlərə məruz qalmasına baxmayaraq
Hindistandan Balkan yarımadasına qədər yayılması danılmaz bir faktdır. Bu isə
təriqətin orjinallığına və möhtəşəmliyinə bariz nümunədir. Hürufiliyin idealist
və yaxud da materialist yönümlü təriqət olması məsələsi mübahisəlidir. Bu
nöqteyi-nəzərdən bəzi tədqiqatçılar hürufiliyin materialist, bəzi tədqiqatçılar
isə hürufiliyin idealist xarakter kəsb etiyini vurğulayırlar. Hürufilik təriqəti
müasir dövrdə də ideoloji-fəlsəfi məktəb kimi öz aktullığını itirməyib və
hürufilik təliminin düşüncə tarixində özünəməxsusluğu ilə seçilməsi baxımından
çağdaş dövrdə də tədqiqatçıların diqqət mərkəzindədir.
Rəhim Həsənli
Ədəbiyyat
1. İşkurt Dede, Salatname (yazma), İstanbul Millet
Kütüphanesi, Ali Emiri, Farsça, no: 1043, vr. 51a.
2. Fəlsəfə
elmləri ensiklopediyası. Bakı, 1997
3. Yaqub Babayеv. Təriqət ədəbiyyatı: sufizm, hürufizm.
Ali məktəblərin filoloji fakültələri üçün dərs vəsaiti. Bakı, «Nurlan», 2007
4. İsmail Arıkoğlu. Ferişteoğlu’nun
Cavidan-Name tercümesi: Işk-Name (İnceleme-Metin) Doktora Tezi. Van-2006
5. Gölpınarlı, Hurûfîlik Metinleri
Kataloğu, III-VII; A/i Ekber Dehhuda, Luğat-name, XI
6. Aksu, Amir Giyas al-Din Muhammed
al-Astarabadi ve İstiva-Nama’si
7. Cəsədi küçələrdə sürüdülən Azərbaycan
filosofu – Araşdırma. Lent.az
8. Rəhim
Əliyev. Cavidannamə. Monoteizimin dördüncü kitabı. Bakı, 2016
9. İmadəddin Nəsimi.
Sеçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, “Lidеr nəşriyyat, 2004
10. Hançerlioğlu O. Felsefe
ansiklopedisi. İstanbul, 1984
Yorumlar
Yorum Gönder