Hegelin yaratdığı fəlsəfi sistemin ən ali forması olan
ruh fəlsəfəsi «mütləq ideya»nın inkişafında üçüncü və sonuncu mərhələni yaradır.
«Mütləq ideya» təbiəti dərk edərək ruhun
özgələşmiş formasından özünə qayıdır. «Mütləq ideya» insan şüurunun və fəaliyyətinin
müxtəlif növlərində öz mahiyyətini dərk edir və «mütləq ruh» zirvəsinə ucalır.
Ruh fəlsəfəsinin «subyektiv ruh» bölümündə antropologiya məsələlərinin şərhinə toxunulur, bu mövzunun izahı zamanı da Hegel öz idealist fikirlərindən əl çəkmir. Hegelin antropologiya mövzusunu «Təbiət fəlsəfəsi»ndə izah etməməsi təsadüfi bir xarakter deyildi. Antropologiyanı insanın ruhi həyatını öyrənən elm kimi qiymətləndirən Hegel ruhun bütün fəaliyyətinin təbiətlə bağlı olduğunu da inkar etmir, ruhu və bədəni vəhdətdə götürürdü.
Ruh fəlsəfəsinin «subyektiv ruh» bölümündə antropologiya məsələlərinin şərhinə toxunulur, bu mövzunun izahı zamanı da Hegel öz idealist fikirlərindən əl çəkmir. Hegelin antropologiya mövzusunu «Təbiət fəlsəfəsi»ndə izah etməməsi təsadüfi bir xarakter deyildi. Antropologiyanı insanın ruhi həyatını öyrənən elm kimi qiymətləndirən Hegel ruhun bütün fəaliyyətinin təbiətlə bağlı olduğunu da inkar etmir, ruhu və bədəni vəhdətdə götürürdü.
Elə bu səbəbdən də ayrı-ayrı coğrafi regionda yaşayan
insanlar bir-birindən fərqli xüsusiyyətlərə malikdirlər. Hegelə görə insanın ətraf
mühitdən, coğrafi regiondan asılılığının qarşısını yalnız bir yolla - savad və təhsil
əldə etməklə almaq olar. Hegelə görə ruh təbiətin həqiqətlərini özündə əks etdirir
və təbiətlə münasibətdə mütləq birinci kimi çıxış edir. İdeyanın təsvirindən ibarət
olan xarici təbiət ruhdan öncə mövcud olmuşdur. Ən ümuminin və ya məntiqi ideyanınsa
hər ikisindən əvvəl mövcud olması dialektik inkişaf nəzəriyyəsini ortaya çıxarırdı.
Hegel bu qənaətə gəlir ki, ruh özü-özünü anlayan ideyadan başqa bir şey deyildir.
Hegelə görə ruh təbiətin bir hissəsi olan heyvanlara da məxsusdur, lakin heyvan
ruhu azadlıq duyğusundan mərhumdur, heyvanın duyduğu, hiss etdiyi anlayış, predmet
haqqında sadə təsəvvürləri belə yoxdur. Şüurun və mənlik şüurunun düşüncədə yaranan
vəhdəti, praktik və nəzəri fəaliyyətin vəhdəti olan ruh ümumdünya tarixini yaradır.
Ruhun varlığının əsas xüsusiyyəti idrak üçün fəaliyyətdə olmasıdır. Bu fəaliyyət
zamanı ruh özündə təbii və hissi olan hər bir şeyi ortadan qaldırır, dərk etmə prosesində
özünə qədər yüksəlir. Mütləq olan hər bir şeyin ən yüksək, ən ali forması ruhdur.
Hegel ruh anlayışının izahını verdikdən sonra «təbii
ruh»un izahını verməyə başlayır. Subyektiv
ruhun üç forması olduğunu söyləyərək, buraya «təbii ruh», «şüur» və «ruh» anlayışlarını
aid edir. «Təbii ruh»un əsas fərqləndirici xüsusiyyəti onun cismanilikdə irqi fərqlər
kimi ortaya çıxmasıdır. Elə antropologiyanın izahı da buradan başlayır. Hegel antropologiyanın
izahına astrologiyanın inkarı ilə başlayır, planetlərin və ulduzların canlıların
fəaliyyətin heç bir təsir göstərə bilmədiyini sübut etməyə çalışır. İnsan ruhu özünü
təbiətə hökmran bir qüvvə kimi göstərməli, astronomik və kosmik dəyişikliklərə əhəmiyyət
verməməlidir.
Yerin öz təkində baş verən metroloji təsirlərə gəldikdə
isə bunun bütün canlılara təsirinin əhəmiyyətli olduğundan söhbət açır, yunanların
və romalıların antik dövrdə təbiət hadisələrinə nə qədər bağlı olduğunun yersiz
olmadığı vurğulanır. Bu zaman Hegel belə bir qənaətə gəlir ki, tarixdə baş verən
bütün hadisələr, məğlubiyyət və qələbələr belə yer, atmosfer, fəsil və iqlim dəyişiklikləri
ilə bağlıdır. Yerdə baş verən metroloji dəyişikliklər orduya və sərkərdəyə fiziki
və mənəvi cəhətdən təsir edir, döyüşən tərəflərin taleyi də elə bu təsirdən asılıdır.
Hegel «yerli ruh»lar deyə adlandırdığı ayrı-ayrı millətlərin
xarakterini özünəməxsus bir tərzdə izah etdikdən sonra insanları temperamentinə
görə də fərqləndirir. «Təbii ruh», «yerli ruh» anlayışlarından sonra üçüncü və son
bölgü «fərdi ruh» anlayışının izah edilməsinə başlayır. Əgər «təbii ruh» irqləri,
«yerli ruh» xalqları təmsil edirdisə «fərdi ruh» insanların özünəməxsus xüsusiyyətləri,
talantı və temperamenti ilə izah olunurdu. «Fərdi ruh»un xarakterinin formalaşmasında
təbii və yerli ruhların da təsiri öz əhəmiyyətini göstərir. Hegelə görə fərdi ruh
öz fərdiliyi ilə müxtəliflik yaratsa belə buna o qədər də diqqət yetirmək lazım
deyil. Fərdi ruhun yaratdığı fərqlər mükəmməl bir təhsilin sonunda dəyişilə bilər,
yəni fərdi ruhun yaratdığı fərqlər müvəqqətidir. Elə bu səbəbdən də fərdi ruhun
yaratdığı fərqlərə müəllim əhəmiyyət verməməli, bu fərqlər yalnız ailədə nəzərə
alınmalıdır.
Fərdi ruhun xarakterlərinin fərqlənməsində temperament,
talant və düha anlayışları önəmli bir əhəmiyyət kəsb edirlər. Temperamentlərin sanqvik,
fleqmatik, xolerik və melanxolik deyə dörd hissəyə bölür və bunların hər birinin
psixoloji xarakterləri haqqında məlumat verir, onların fərqli və oxşar cəhətlərini
müzakirə edir. Temperamentin dörd növə bölünməsini qədim yunan fəlsəfəsindəki dörd
fəzilətlə bağlı olduğunu iddia edir. Hegelə görə temperamentin bölgüləri arasında
əsas fərq təbii ruhların öz işinə nə dərəcədə bağlı olması zamanı ortaya çıxır.
Hegelin nöqteyi-nəzərindən belə fikir ortaya çıxır ki,
temperamentlər arasındakı fərqlər savadlanma nəticəsində ortadan qalxdığı halda
xarakterlər arasında olan fərqlər dəyişməz qalır. Fərdlər arasında olan psixoloji
fərqlərin əsasını da elə xarakterdəki dəyişikliklər təşkil edir. Xarakter insanın
mahiyyətini, onun ümumi məzmununu təşkil edir, xaraktersiz insan nə bir fərd kimi
mövcud olur, nə də bir şəxsiyyət kimi formalaşa bilir.
Təbii özəlliklər deyə adlandırdığı talant və düha anlayışları
insanlarda olan təbii qabiliyyətin məcmusu kimi izah olunur. Yaradıcılıq istedadının
yüksək dərəcələri olan talant və düha yalnız insana aid olub, onun istedadının spesfik
xüsusiyyətlərinin göstəricisi roluna malikdir. Lakin, talantı ağıldan üstün tutmaq,
dühanınsa hər şey demək olduğunu zənn etmək yanlış fikirdən başqa bir şey deyildir.
Talantdan üstün keyfiyyətlərə malik olan dühanın irəli getməsi üçün məntiqi təfəkkürün
rolu vacibdir. Ağılın talantdan üstünlüyü onunla xarakterizə olunur ki, ağıl dünyanı
dərk etməyə, dünyanın mahiyyətini anlamağa can atır. Bu isə sadə qabiliyyətlərin
öhdəsindən gələ biləcəyi bir iş deyildir. Məntiqi təfəkkürün dühadan üstün olması
da buna bənzər bir hadisədir. Məntiqi təfəkkür insanın nə haqda düşündüyünü və insan
ağlının predmetinin nədən ibarət olması məsələsini müəyyənləşdirir. Bunlarsa dühanın
deyil, məntiqi təfəkkürün fəaliyyət sferasına daxildir.
Hegel təbii ruhun izahından sonra yeni bir mövzuya
«Təbii dəyişkənliklər»ə müraciət edir. Əgər əvvəlki mövzuda millətlərin, irqlərin
və fərdlərin xarakteristikasından bəhs edirdisə, bu mövzuda ayrı-ayrı yaş dövrlərinin
psixologiyasını verir və ruhun bədəndəki inkişafının mahiyyətinin nədən ibarət olduğunu
izah edir. Burada Hegelin pedaqoji fikirlərinə də təsadüf edilir, insan həyatında
təlim-tərbiyənin böyük rol oynadığından söhbət açılır. Ruhun mənəvi inkişafında
maarifin rolu dəyişdirici və istiqamətverici bir mövqeyə malikdir. İnsanların yaş
dövrlərini uşaqlıq – gənclik – qocalıq kimi sıralayaraq fərdi ruhun inkişafının
əsas əlamətlərini izah edir. Hegelə görə fərdi ruhda ideal olanın fəaliyyətə başlaması
ilk uşaqlıq çığırtısı ilə başlayır. İnsanlar uşaqlıq dövründə ilk çığırtı ilə ətraf
aləmdən öz tələbatlarını tələb edirlər. İnsanlar bu ilk səsə məsuliyyətli bir şəkildə
cavab verməli, onun mənəvi və maddi tələbatlarını ödəməli, gələcək həyata mükəmməl
bir fərd kimi yetişdirməlidirlər.
Hegelə görə gənc insanın ruhu hər zaman yaşadığı mühitlə
əkslik, ziddiyyət təşkil edir. Gəncin şüurunda yaranmış ideya dünyanı dəyişdirməyə,
inqilab etməyə meyl edir. Hər bir fərdin həyatına cinsi yetkinlik dövrünün başlaması
artıq uşaqlıq dövrünün bitdiyini və gənclik dövrünün başladığına bir işarə hesab
oluna bilər. Uşaqlıq dövründən fərqli olaraq gənc daima öz ətraf mühiti ilə ziddiyyət
içərisində yaşayır. Gəncin təfəkküründə yaranmış bu ideya dünya ilə ziddiyyətin
əsasını təşkil edir, onun uşaqlıq dövründəki «dünya ilə harmoniya» fikrindən alıb
uzaqlara doğru götürməyə başlayır. Hegelə görə gəncin şüurunda yaranmış bu ziddiyyətin,
bu əksliyin qarşısını almaq üçün onun mükəmməl bir təhsilə ehtiyacı vardır. Yalnız
bundan sonra gənc özünün yaratdığı ideal təsəvvürlərdən xilas ola bilər və özünü
inqilaba olan meylindən azad edər. Bunun üçün gəncin şüurunda ruh düşgünlüyünü vacib
bir qüvvə kimi ortaya çıxartmaq lazımdır. Öz idealını gerçəkləşdirməyə can atan
gəncin fəaliyyət zamanı xırdalıqlarla qarşılaşması hadisəsi ruh düşgünlüyünü bir
proses kimi ortaya çıxarır, lakin təbii cəhətdən zəif olan insanlarda ömrü boyu
davam edir. Hegel belə qənaətə gəlir ki, fərd gənclik dövründən başlayaraq, dünyanı
bitgin bir şəkildə qavramağa başlamalıdır.
Hegelə görə dünyanı qavramağa başlayan gənc artıq yaşlı
insan olur. Dünyanı dərk edən yaşlı insan artıq öz idealının mənasız olduğunu anlayır,
idealının məhvi ilə bağlı fərddə yaranmış kədər duyğusu yaş ötdükcə itib-batır.
Hegel belə qənaətə gəlir ki, ayrı-ayrı fərdlərin fəaliyyəti üçün geniş bir məkan
var və bu məkanda inkişafa aparan hər cür fəalliyyətə qadağa qoyulmamalı, əksinə
hüdudsuz bir şərait yaradılmalıdır. Özünün yaratdığı dialektik sistemə görə yaşlı
nəsil mükəmməl bir dünyagörüşünə sahibdir, gerçəklikdəki bütün predmetlərlə onun
qarşılıqlı təsiri məqsədəuyğun bir tərzdə aparılır. Onu da qeyd etmək yaxşı olardı
ki, Hegel yaşlı insan dedikdə orta yaşlı və yuxarı yaşlı insanları nəzərdə tuturdu.
Bütün bunlarla birlikdə yaşlı nəsildə dünyanı dəyişdirmək,
onu yenidən qurmaq, yəni, inqilab etmək kimi fikirləri yoxdur. Hegelə görə bunun
əsas səbəbi yaşlı nəslin fəaliyyət dairəsinin daha da genişlənməsi ilə yaradıcılıq
imkanlarının ən ali səviyyəyə çatmasıdır. Yaşlı insan qocaldığı zaman onun həyatı
maraqsız olmağa başlayır, bir zamanlar onun yaratdığı idealı artıq həyata keçməyib,
gələcəkdə keçməsinə, mövcud olmasına isə heç bir ümid yoxdur. Lakin o həyatda topladığı
təcrübəni gənc nəslə öyrətməyə artıq dərəcədə həvəslidir, çünki o, artıq bir müdrik
kimi təkmilləşmiş həyatını yaşayır. Gənc fərdlər təlim-tərbiyə prosesində öyrəndiyi
hələ azdır, onların müdrik və yaşlı insanın nəsihətinə hər zaman ehtiyacları vardır
və bu ehtiyac ödənilməsi verilmiş təlim-tərbiyənin heç bir əhəmiyyəti olmaz, elə
buna görə yaşlı nəslin müdrik insanları gənclərin həyatına ağıllı müdaxilə etməli,
yaddaşlarına hopmuş təcrübəni gənc nəslə ötürməlidir.
Hegel yaş dövrlərinin sonunda insanın «canlı təkcəliyin
abstrakt inkarı» olan ölüm hadisəsinin yaranmasının labütlüyünü vurğulayır. Özünü
törətmədən sonra canlı varlıq təkcə olduğundan sonsuz bir güc olan ümumi varlığın
iradəsinə tabe olur. Çünki insan həyatı ziddiyyətlərdən ibarətdir, ölüm isə bu ziddiyyətləri
aradan qaldırır.
Hegel duyğu ilə əlaqədar olaraq «hiss edən ruh» anlayışını
da ortaya çıxarır, onun mahiyyətini təhlil edir. Hiss edən ruh duyan ruh insanın
şüuraltı «mən»i ilə xarakterizə olunur. Mahiyyətcə abstrakt olan hissi ruh «düha»,
«dəlilik» və «vərdiş» formalarında təzahür edir. Düha insanda «mən»in yaranmasında
bir mərhələ təşkil edir, buradakı «mən» anlayışı ibtidai bir səviyyədə «mən» hələ
hissi həyatını yaşayır. Müasir dövrdə canlı maqnetizm deyə adlandırılan hadisəyə
Hegel «heyvani maqnetizm» adını verir və qeyd edir ki, dühada passiv həyat keçirən
«mən» özünü «heyvani maqnetizm» hadisəsi zamanı biruzə verir. Hegelə görə «heyvani
maqnetizm» hadisəsinin əsas mahiyyəti bir «mən»in başqa «mən»in təsir obyektinə
çevrilməsidir.
Ruhun fəaliyyətinin bütün mərhələlərində təsadüf edilən
vərdişin sayəsində bədən ruhun nüfuz dairəsinə tabe edilir və nəticədə təbii ruhun
insan üzərində hökmranlığı yaranır. Bu insanın mimikasında, vərdişin yaratdığı digər
fiziki hərəkətlərdə də müşahidə olunur. Artıq təbii ruhda cismani və maddi hərəkətlər
öz dəyərini itirir, bu isə insanda şüurun və mənlik şüurunun yaranmasına bir işarə
hesab oluna bilər. Antropologiyanın inkişafında üçüncü və sonuncu mərhələ olan gerçək
ruh insanda iradi hərəkətlərin yaranmasına səbəb olur. İmkan halında olan «mən»
burada artıq «gerçək mən» formasında ortaya çıxır, təbii ruh burada artıq öz inkişafını
başa vurur.
Rəhim Həsənli
Ədəbiyyat
1. Fəlsəfə ensiklopedik lüğəti. Bakı, NRB, 1997., 520 s.
2. Hegel G.V.F.,Məntiq elmi.Bakı, Təfəkkür Universiteti nəşriyyatı, 2005.
3. Hegel G.V.F., Ruh fəlsəfəsi. Bakı, Təfəkkür Universiteti nəşriyyatı, 2003.
4. Hüseynov H., Marksist dialektik metod Bakı, Azərnəşr, 1945.
6. «Cem büyük ansiklopedi» Cild 6. İstanbul, 1984.
7. Meydan Larousse: Büyük lüğet və ansiklopedi. Cild 8. İstanbul, Zaman, 1992.
8. Temel Britannica. Cilt 6, İstanbul, 1992.
9. Temel Britannica. Cilt 8, İstanbul, 1993.
10. Yeni rehber ansiklopedi. Cilt 8. İstanbul, 1993.
Yorumlar
Yorum Gönder