Obyektiv idealizmin nəhəng nümayəndəsi kimi rasionalist metafizikanın məhək daşlarını yaradan G.V.F.Hegelin 1822-1830-cu illərdə Berlin universitetində dərs dediyi mühazirələr
əsasında yaradılan “Tarix fəlsəfəsinə dair mühazirələr” (“Vorlesungen
über die Philosophie der Weltgeschichte”) əsərində isə ayrı-
ayrı xalqların xarakterlərinin,
psixoloji keyfiyyətlərinin yaranmasında coğrafi mühitin göstərdiyi təsirdən söz
açılır. Tarix fəlsəfəsinin insan zəkasının tam təntənəsi olduğundan söz açan Hegelə
görə tarixdə inkişaf müəyyən mərhələlər üzrə gedir, bu da əsasən mütləq ruh və
ideyanın davamlı inkişafından ibarətdir. Tarixə nikbin bir dünyagörüşlə baxan
Hegel göstərirdi ki, tarix azadlığın inkişafıdır, bu inkişafın sonunda hamı öz
azadlığını dərk edəcəkdir. “Dünya ruhu”nun ağıllı, zəruri təzahürü olan
ümumdünya tarixinin əsas və son qayəsi ruhun azadlığını dərk etməsi və anlamasıdır.
İdealist dialektikanın
banilərindən biri olan
Hegelin “Tarix fəlsəfəsi” əsəri “Giriş” hissəsi də ehtiva olunmaqla “Şərq
dünyası”, “Yunan dünyası”, “Roma dünyası” və “German dünyası” adlı dörd fəsildən
ibarətdir. Əsərin “Giriş” hissəsi “Tarixi araşdırmağın növləri və fəlsəfi tarix
araşdırmanın ümumi prinsipi”, “Bu prinsipin daha yaxından incələnməsi”, “Dünya
tarixində baş verən proseslər” adlı bölmələrdən ibarətdir. “Şərq dünyası” adlı
fəsil isə “Çin”, “Hindistan” (“Buddizm”), “İran” (“Zend xalqı”, “Assuriyalılar, babillilər,
midiyalılar və farslar”, “Fars imperiyası və komponentləri” adlı
yarımparaqraflar) adlı paraqraflardan ibarətdir. “Yunan dünyası” adlı fəsil isə “Yunan ruhunun
elementləri”, “Kamil fərdin formalaşması”, “Yunan ruhunun tənəzzülü” adlı
paraqraflardan ibarətdir. “Roma dünyası”
adlı fəsil isə “İkinci Karfagen müharibəsinə qədər Roma”, “İkinci Karfagen
müharibəsindən imperiyaya qədər Roma” adlı paraqraflardan ibarətdir. “German dünyası” adlı fəsil isə “Xristian
german dünyasının elementləri”, “Orta əsrlər” və “Müasir dövr” adlı adlı
paraqraflardan ibarətdir.
Filosofun gəldiyi qənaətə görə dünyada tarix boyu ruh
hökm sürür və dövlətdə də ilahi bir ideya vardır. Əslində ümumdünya tarixi
şüurunda azadlıq və tərəqqi mövcuddur. İnsanlar rifahı istəsələr də onlar bir
qayda olaraq azadlıq tələb edirlər. Dövlət isə azadlığın reallaşdırılması ilə
məşğuldur, çünki onun əsas funksiyası – hüquq və mühafizədir. O mistik baxımdan
dövləti mənəvi mahiyyət kəsb edən ilahi ideya kimi xarakterizə edirdi. Hegel tarixdə fərdlərin ehtiraslarının rolunu da
inkar etmir, lakin ayrı-ayrı fərdlərə malik olan bu ehtirasın tarixi perspektivində
ümümxalq iradəsinin olmasını da inkar etmirdi.
Ümumiyyətlə, Hegel tarixi müstəqil bir sahə kimi
görürdü. Hegelə görə dünya fiziki və psixi təbiətlə əhatə olunmuşdur və hər iki
təbiətin əsasında ruh vardır. Bu təbiətin tarixi də elə məhz ruhun tarixidir və
dünya tarixi də ruhun yaranmasının davamından
ibarətdir. Hegelə görə ruh tarixdə üç mərhələdə özünü necə göstərir:
Ø Ruhu biz bəzi anlayışlarla dərk edə bilərik.
Ø Bəzi ideyalar vasitəsi ruhu dərk edə bilərik.
Ø Ruhun təcəssümü
olan dövlət formasında dərk edə bilərik.
Dahi
filosofa görə tarixi hadisələr aşağıdakı tərzlərdə qələmə alınır:
1. İbtidai tarix tərzi tarixçi şahidi olduğu hadisələri
eynilə təsvir etməsilə xarakterizə olunur. Bu baxımdan tarixçinin ruhu ilə qələmə
aldıqlarının ruhu ekvivalent təşkil edir. Tarixçi hadisələrin çərçivəsindən kənara
çıxmır və hadisələri olduğu kimi qələmə alır.
Hegel bu qəbildən olan tarixçilərə nümunə kimi Heredotu və Fukididi göstərir.
Çünki həm Heredot, həm də Fukidid tarixi
hadisələri sadə üslubla xronoloji formada
vermişdir. Hegelin fikrincə ibtidai tarix tərzində hadisənin özü yoxdur, sadəcə
hadisə barədə tarxçinin məlumatı vardır, mühüm olan isə hadisənin məlumat kimi
təqdim olunmasından çox hadisənin özüdür.
2. Refleksli
tarix tərzində tarixçi öz yaşadığı dövrdən əvvəl baş vermiş hadisələri təsvir edir. Refleksli
tarix tərzində tarixçinin ruhu ilə yazdıqlarının ruhu eyni deyil. Burada mənbə qismində
hazırda baş verən hadisələr çıxış etmir. Refleksli tarix tərzi də öz növbəsində
4 formada təzahür edir:
I. Ümumi tarix- bu formada tarixçi keçmişin ruhu ilə
bu günün ruhu arasında əlaqə yaradır. Amma tarixçi bu günün ruhu içində qalması
nöqteyi-nəzərindən hadisənin mahiyyətinə baş vura bilmir. Çünki bu günün ruhu
ilə keçmişin ruhu eyniyyət təşkil etmir.
II. Praqmatik tarix – bu formada tarixçi tarixə praqmatik
və əxlaqi cəhətdən yanaşır, keçmişdən dərs çıxarmaq istəyir. Lakin Hegelə görə tarixdən analogiya yolu ilə
dərs çıxartmaq mümkün deyil, çünki dünənlə bu günün mövcud vəiyyəti eyni deyildir.
III. Tənqidi tarix – bu formada tarixçi keçmişdə olan
hadisələri sərfnəzər edir, bu hadisələrin doğru olub olmadığını araşdırır.
IV. Xüsusi tarix
– bu formada tarixçi tarixi müəyyən bölgülər üzrə araşdırır, məsələn incəsənət
tarixi, hüquqi, tarixi, elm tarixi, ədəbiyyat tarixi kimi. Xüsusi tarixlərin məcmusu
isə bizə aid olduğu çağın ruhu barədə məlumat verir.
3. Fəlsəfi tarix isə tarixin rasional şəkildə dərk
olunmasıdır. Dünyaya hakim olan ağlın təzahürü dünyanın ən son məqsədi olan azadlıq
deyası ilə üst-üstə düşür. Dünya tarixinin fonunda da ruh dayanmışdır. Fəlsəfənin əsas vəzifəsi ideyanın dünya
tarixində necə inkişaf etdiyini göstərməkdir.
Hegelə görə tarixin mənası təsadüfi hadisələrdən ibarət
deyildir və qanunauyğun bir mahiyyət kəsb edir. Tarix substasional bir xarakterə
malikdir və bu substasionallığın əsasında «sonsuz qüdrətə malik olan zəka»
durur. Bütün tarixi proseslər bütövlük təşkil edir, zaman ərzində «mütləq
ruhun» yaşayış yerini dəyişməsi məsələsi ortaya çıxır. Əvvəllər Şərq
ölkələrində olan «mütləq ruh» Yunanıstandan və Romadan sonra Prussiya
dövlətində bərqərar olmuşdur. Hegel «Tarix fəlsəfəsi» əsərində əsası Herder
tərəfindən qoyulan tarixsizm - yəni, tarixin mənası nəzəriyyəsini inkişaf
etdirməyə cəhd göstərmişdir və bir sıra digər maraqlı fikirlərdə irəli
sürmüşdür.
Rəhim Həsənli
Yorumlar
Yorum Gönder