Tarixi irsimiz və müasir gənclik


 19 aprel 2019-cu il tarixində Bakı Dövlət Universitetində "Bəhmənyar" Gənclərin Fəlsəfi Fikir Platforması-nın təşkilatçılığı ilə "Tarixi irsimiz və müasir gənclik" mövzusunda tədbir keçirilmişdi. Tədbirdə universitet tələbələri, müəllim heyəti və çoxsaylı maraqlı gənclər yaxından iştirak edirdilər. Mövzu müasir gəncliyimiz və onun tariximizə, abidələrimizə olan münasibəti üzərində iştirakçıların fikir mübadiləsinə əsaslanırdı.
 Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanova ilk olaraq mövzunun müasir gəncliyimiz və bütövlükdə müstəqil Azərbaycan üçün əhəmiyyətini qeyd etdi. Yaxın tarixdə baş vermiş olan Notr-Dam kilsəsinin yanması fonunda bizim də öz maddi və mənəvi dəyərlərimizə olan münasibətimiz, onları qarşı yanaşmamız və ümumilikdə tarixi irsimizi nə dərəcədə dərk etməyimizlə bağlı olaraq suallar ünvanladı. Tədbir iştirakçıları arasında daha çox gənclərə söz verilməsi təklifi ilə çıxış edən Rəbiyyət Aslanova, önəmli olanın gənclərin tarixi irsimizə münasibətlə bağlı olaraq fikirlərə sahib olmaları və öz fikirlərini ifadə etmək bacarığına yiyələnmələri olduğunu qeyd etdi.



 Daha sonra mövzu ətrafında çıxış edən tələbələr bu vaxta qədər tarixi irsimizə münasibətə fərqli yanaşma sərgiləməyin zamanı gəldiyini, tarixi irsimizdən sadəcə olaraq onların kölgəsində qalmaq üçün istifadə etdiyimizi, əslində isə "Nəsirəddin Tusinin pərdəsi altında gizlənməkdənsə, onun qədər və ya ondan daha üstün bir iş ortaya qoymağın" gərəkli olduğunu qeyd etdilər. Tarixi irsimizə münasibətdə ən doğru yanaşmanın yalnız bu olacağını, ancaq bununla həm tariximizi yaşada, həm də gələcəyimizi daha sağlam təməllər üzərində qura biləcəyimiz ifadə etdilər.
 Tədbirdə çıxış edən gənclərdən Bəhmənyar Klub-unun sədri Universitetin II kurs tələbəsi Fərhad Seyfullazadə də öz növbəsində Bəhmənyar Klubunun istər tarixi irsimiz olsun, istərsə də yeni naliyyətlərlə elmi ənənələrimizin yaşadılması sahəsində tələbələrin gördüyü işlərdən bəhs etdi. Bəhmənyar Klubu olaraq gənclərin elmi-fəlsəfi istiqamətdə yaradıcılığına və maariflənməsinə veridikləri töhvələrdən danışdı. Tədbirin gedişində Bəhmənyar Klubunun aprel ayının 19-a qədər olan 1 aylıq müddət ərzindəki fəaliyyəti və gördüyü işlərlər bağlı olaraq tədbir iştirakçılarına məlumat verildi. 


 Klubun tələbələrin öz təşəbbüsləri ilə yaradılmış saytı iştirakçılara təqdim olundu. Saytda müxtəlif dillərdən birbaşa tərcümələrlər yanaşı, Universitetin magitsr və doktorant dərəcəli tələblərinin məqalələri, istəkli və arzulu olan digər tələbələrin, eyni zamanda universitetdən kənar elmi-fəlsəfi araşdırma aparan gənclərin məqalələrinin yayımlandığı qeyd olundu.
 Bəhmənyar Klubunun sosial şəbəkə hesabları vasitəsilə artıq 1 aydan çoxdur ki, davam edən uğurlu fəaliyyətindən bəhs edən Fərhad Seyfullazadə, Azərbaycan gəncləri arasında elmi-fəlsəfi mövzularda kluba olan inamdan, klubun artan prestij və brendə çevrilmək istiqamətindəki ilkin uğurlarından da bəhs etdi.
 Tədbirdə eyni zamanda Bəhmənyar Klubunun yeni layihəsi olan "Öz dilimdə fəlsəfə" ilə əlaqədar olaraq fransız dilindən tərcümə edilmiş "Eksiztensializmin tarixi"(J. Vahl və H.J. Blackham) adlı kitabın ilkin təqdimatı keçirildi. Kitab yaxın günlərdə oxuculara təqdim olunacağı qeyd olundu. Yeni kitab tədbir iştirakçılarının xüsusi marağı və rəğbəti ilə qarşılandı.
 Tədbirdə iştirak edən Universitetin professor və müəllim heyəti, başda Rəbiyyət Aslanova, Qızılgül Abbasova, İzzət Rüstəmov olmaqla fəaliyyətlərində tələbələrə hər cür köməklik göstərəcəklərini, gənclərin maariflənməsi və tələbələr arasında intellektual mühitin yaradılması, fəlsəfi ənənəçiliyin formalaşdırlması və davamlı inkişafına nail olunması istiqamətindəki arzularını qeyd etdilər.






Yorumlar