Dorian Grayın portreti: müəllifi yox edən əsər - Kamran Kərimli



Müəllif: Kamran Kərimli


DORİAN QREYİN PORTRETİ: MÜƏLLİFİ YOX EDƏN ƏSƏR


   Yazdığı kitablar, müdafiə etdiyi düşüncələr və sürdüyü həyat tərzi ilə yetkinlər dünyasını alt-üst etmişdi Oscar Wilde. Onun həyatını alt-üst edən isə mühafizəkarları narahat edən davranışları və ən əsası özünün yazdığı yeganə romanı olan "Dorian Qreyin portreti" olmuşdur.

   Məşhur irlandiyalı yazıçı və şair Oscar Wilde 1854-cü ildə Dublində anadan olmuşdur. Anası və atası təhsilli və dünyagörmüş insanlar idi. Onlar uşaqlarının mükəmməl təhsil almasına kömək etdilər. 1874-cü ildə Oxford'da Magdalen College'dən məzun oldu və incəsənət tənqidçisi kimi işə başladı, özü də yazmağa başlamışdı. "Ravenna" adlı şeiri ilə Nevdigate mükafatını qazananda 24 yaşında idi. 1881-ci ildə "Poems" (Şeirlər) adlı kitabı nəşr edildi. Həmin il konfrans vermək üçün ABŞ-a dəvət edildi. Bu konfransları olduqca uğurla verən Wilde bundan sonra ABŞ və Kanadada 150-yə yaxın konfrans verdi.

   Ölkəsinə qayıdandan sonra 1884-cü ildə evləndi. 1886-cı ildə artıq iki oğul atası idi.1887-ci ilfə "Woman's World" dərgisinin redaktoru oldu. Bu müddətsə Wilde'ın həm şöhrəti, həm də düşmənləri sürətlə artırdı. Wilde yaradıcıllığının bütün önəmli əsərlərini 1887-1893-cü illərdə yaratdı. Onun həyatının dönüş nöqtəsi isə 1890-cı ildə "Dorian Qreyin portreti"nin Londonda nəşr olunması idi. 

   Oscar Wilde bir çox quruma, ədalətsizliyə, ayrı-seçkiliyə etiraz etmişdi. Bunlar görməzdən gəlinə bilərdi, amma homoseksual eşqin Viktoriya dövrünün İngiltərə'sində görməzdən gəlinə bilməzdi. Oscar Wilde cəzalandırılacaqdı, 1895-ci ildə "əxlaqa qarşı" davranışlarından həbsə məhkum edildi, həbsdən çıxdıqdan sonra isə bir daha qayıtmamaq üzrə Londonu tərk etdi. 1900-cü ildə Parisdə bir oteldə tənha və yoxsul şəkildə vəfat etdi. Beləliklə, cahil kütlə bir dahini də məhv etdi. Yazıçının nəvələrindən birinin də dediyi kimi: "Öz dövrünün kibirli riyakarlığına meydan oxuyan parlaq və əsəbi bir həyatın iyirmi ilini simvolik olaraq özündən qoparmışdı."

   İndi gələk. "Dorian Qreyin portreti" əsərinə. Əsərin baş qəhrəmanı Dorian Qrey çox yaraşıqlı bir gəncdir. Başlanğıcda əxlaqi cəhətdən də gözəldir. Hər şey Basil Hallward'ın ona heyran olub bir portretini yaratmasıyla başlayır. Dorian bu sayədə Basil'in dostu Lord Henry Wotton ilə də tanış olur. Lord Henry də Dorianın gözəlliyi qarşısında ovsunlanır. Qarşısındakı insanı təsir altına alma qabiliyyətinə sahib olan Lord Henry həzci - həyatda ən önəmli dəyərlərin həzz və gözəllik olduğunu, xarakterli olmağın həyatın zövqlərini yox etdiyini müdafiə edən - həyat fəlsıfəsi ilə Dorian Qreyi təsir altına alır və onu Londonun əxlaqsız aləminə sürükləyir. Dorianı itirməyin üzüntüsü ilə əsərinə daha böyük ehtirasla əyilən Basil rəsmi tamamlayır. Ortaya çıxan əsər ovsunlayıcıdır. Əsəri satmaq istəməyən Basil könülsüzcə onu Doriana hədiyyə edir. Dorian da öz rəsminə aşiq olur. Yaşlandıqca bu gözəlliyini itirəcəyini düşünən Dorian ruhunu satmaq mənasına gələn bir dilək diləyir: "Özü gənc qalsın, amma portreti yaşlansın. Öz gözəlliyi heç ləkələnməsin, amma bütün qüsurlar portretdə olsun, günahları üstünə götürsün."

   Dorianın istəyi gerçəkləşir. İllər keçdikcə Dorian hər cür həzzi yaşamış, günahlarla dolu bir həyat sürmüş, amma fiziki cəhətdən dəyişməmişdi. Portret isə tam tərsi idi: hər gün bir az daha çirkinləşir, hər il daha da qocalırdı. Elə bir an gəlir ki, tablo çirkin bir şeytanın portretinə çevrilir. Bu lənətdən qurtulmağın yeganə yolu tablonu məhv etməkdir.

   Fantastik hekayələrə maraqlı və bu mövzuda təcrübəli idi Oscar Wilde. "Dorian Qreyin portreti"ndə fantastik motivlərdən ustalıqla istifadə edir. Bəzilərinə görə qotik romanın fantastik motivlərində fransız ədəbiyyatından, bəzilərinə görə də Hötenin "Faust"undan istifadə edilib. Amma Viktoriya dövrünün İngiltərəsini və cəmiyyətini kəskin tənqid edən Wilde "Faust"un tam tərsini icra edib.

   Oscar Wilde'ın İngiltərədə XIX əsrdə yaşadığı dövr "Viktoriya dövrü" adlanır. Sənayenin inkişafı, ölkəyə daxil olan pulun miqdarının artması, kiçik bir qrupun getdikcə varlanarkən əhalinin böyük qisminin yoxsul həyat sürməsi, Londonda cinayətlərin sayının pik həddə çatması... Bütün bunların baş verdiyi Viktoriya dövründə İngiltərədə qatı əxlaqçılıq mövcud idi. İdarədəki zadəgan və ruhanilər cəmiyyətin digər təbəqələrindəki insanlara dünyadan əl çəkmələrini, dinə sığınmalarını və bu əzablara səbr etmələrini təlqin edirdilər. Həmin insanlar da mövcud vəziyyəti sorğulamaq əvəzinə, sadəcə yaşadıqları üçün kilsəyə təşəkkür edirdilər. Dövrün əxlaqına görə işsizlər və yoxsullar işsiz və yoxsul olduqları üçün ən böyük günahkarlar idi. Bu dövrün əxlaqı heç də tərtəmiz deyildi. Əksinə, əxlaqlı olmağı əmr edənlər gizlidən gizliyə ağla gəlməyən günahların arxasında idilər. Qısacası, bu dövrün əxlaqı idarəçiləri, zadəganları, ruhaniləri qoruyan ikiüzlü bir əxlaq idi.



   Oscar Wilde' ın "Dorian Qreyin portreti" əsərində açığa çıxarmaq istədiyi də bu ikiüzlülər idi, bu ədalətsizlik idi. Bu mənada yazılan əsərdə insana və xalqa aid təsbitlər, acı bir lağ və kəskin bir tənqid heç əksilmir. Ən çox tənqid edilənlər isə ruhanilər, aristokratlar və siyasətçilərdir.

   Əsərdə sənaye inqilabının yəni kapitalizmin kütlədə yaratdığı təxribat da tənqid olunub. Hətta Wilde əsərdə özünü tənqid etməyi də əsirgəməyib. Əsərin baş qəhrəmanının canlılığı və dərinliyi də Wilde'ın iç gücündən gəlir. Bir məktubunda obrazlatın özünü əks etdirdiyini deyir: "Basil Hallward öz haqqımda düşündüklərim, Lord Henry dünya haqqında düşündüklərim, Dorian bəlkə başqa yaşlarda olmaq istədiyimdir."

   İfadə etdiyi mənə da, hekayə də müzakirəyə açıq olan bir roman... Əsərin girişində Wilde incəsənət haqqında öz düşüncələrini qeyd edib. Həmin yazıda da Wilde avtobioqrafik əsərlər yazanları belə tənqid edir: "Günümüzdə ədəbiyyatda da geniş yayılmış bir anlayışı hədəf almaq səbəbilə... Bunun üçün nifrət edirəm onlara. Sənətkar gözəl olanı yaradar, amma öz həyatını alət etməz, edə bilməz. Elə bir dövrdə yaşayırıq ki, insanlar incəsənəti avtobioqrafiyanın əks olunduğu sahə olaraq tanıyırlar. Gözəlliyin mənasını, əhəmiyyətini artıq itirdik."

   "Dorian Qreyin portreti"ni oxuyanda bir daha fərqinə varırıq ki, klassikləri klassik edən illər keçsə də insana dair söylədiklərinin keçərliliyindən bir şey itirməməsidir. Wilde, Dorian Qreyin simasında həm ölümsüz bir əsər yaratmış, həm də aktuallığını qoruyan mənəvi məsələlərə toxunmuşdur. Ruhların daha ucuza satıldığı XXI əsrdə Dorian Qrey gəncliyini hələ də qoruyur.


Yazılarımızdan daim xəbərdar olmaq istəsəniz, yuxarıdan abunə ola bilərsiniz.

Yorumlar