Film analizi: "Parasite"(2019) - Rövşən Nəzərov

Bu yazının əsas məqsədi “Parazitlər” filmini analiz etməkdir. Eyni zamanda yazını analiz etməklə paralel, filmə qərb baxışı və buna görə də onun mənasında əmələ gələn fərqi izah etməkdir.
“Parazitlər” 2019-cu il Cənubi Koreya istehsalı olan bir filmdir. Boong Joon-Ho rejissoru olduğu bu film, 6 nominasiya üzrə 4 “Oskar” mükafatı qazanmışdır. Film haqda danışmazdan əvvəl ümumiyyətlə “Oskar” mükafatının özü barədə kiçik fikrimi bölüşmək istəyirəm. Bu mükafatın verildiyi filmlərə
diqqət yetirdikdə müəyyən qanunauyğunluqlara fikir vermək olur. Bu filmin çəkilişi, castın tərkibi, büdcəsi və s. kimi filmin keyfiyyətinə təsir edən əsas məqamlarla deyil, filmin mövzusu və ya filmdəki incə məqam olan qərb və şərqdir. Demək istədiyim odur ki, Oskar mükafatına namizəd olan filmlərdə ya qərb təriflənir, ya şərq tənqid olunur. (və ya hər ikisi) Buna ilk dəfə rus istehsalı olan “Leviafan” filmində diqqət yetirmişdim. Filmin süjet xətti, personajları rus cəmiyyətini vodka, medved, balalayka tipli klassik klişe modellərlə təsvir edərək tənqid edir. Bunu deməklə mən Oskar mükafatına namizəd filmlərin baxılmasının boş vaxt itkisi olduğunu demək istəmirəm, bu nominasiyanı almış filmlər ən az yaxşı filmlər olur, buna baxmayaraq biri digərinə mane olmur. Eləcə də, sözügedən “Parazitlər” filmində də bununla rastlaşacayıq.
Parazitlər filmi keçən ilin ən yaxşı 5 filmindən biri olduğuna şübhə belə etmirəm. Bunu onun mükafatlarının siyahısına baxmaqla da anlamaq olar. Buna baxmayaraq filmə baxan milyonlarla izləyici, eləcə də ona verilən o qədər mükafat filmin əsas mənasını anlamadan, onun çəkiliş üslubunun gözəlliyi və qərb üçün anlaşılan ssenarisinin olmasıdır. Amma buna görə “Qərb”-i günahlandırmaq olmaz, çünki bu filmi anlamaq üçün “Şərq”-li olmaq lazımdır. Yazı boyu da fikrimi izah etməyə çalışacam.
Bütün dünya bu filmi varlılar və kasıblar arasında get-gedə artan iqtisadi uçurumun tənqidi kimi anladı. Sadə dillə izah etsək, kapitalizm zibildir, hamı bir-birinin üzərində parazitlik edir, dialoq mümkünsüzdür və heç bir ümid və çıxış yolu yoxdur. Düşünsək ki, həqiqətən də az və ya çox bütün cəmiyyətlərdə bu problem var, buna görə də bu filmə baxan bütün cəmiyyətlərdə öz uğurunu qazana bildi. Filmin belə ideyası orijinal belə deyil, amma onun çatdırılma üsulunu bir çox yüksək səviyyəli rejisor hələ də arzu edir. Buna görə də bütün izləyicilər ya filmi adi tragikomediya kimi qarşıladı, ya da Pak yoxsa, Kim ailəsinin daha yaxşı olmasını, hansının parazit olmasını düşündü. Bizdən isə əsas məna qaçdı, çünki film koreyalı tərəfindən koreyalılar haqda koreyalılar üçün çəkilmiş bir filmdir və bu səhvi düzəltmək lazımdır. Əgər filmi izləməmisinizsə, növbəti abzası oxumadan mütləq izləməyi məsləhət görürəm, çünki yazının davamında film haqda bir sıra spoilerli məqamlar olacaq. Koreya dilini bilmirsinizsə, filmi səsləndirmə ilə yox, alt yazı ilə izləməyi şiddətlə tövsiyə edirəm. Sadəcə filmi izləyərkən pilləkən, pəncərə və daşa fikir verməyi unutmayın. Filmi izləyərkən nə demək istədiyimiz özünüz anlayacaqsınız.
İndi isə filmin əsas analizinə keçək. Filmi anlamaq üçün koreyalı olmaq və ya koreyalılar haqda əsas 2 məsələni anlamaq lazımdır: koreyalıların sosial strukturunu və Koreyanın son 50 illik tarixi.
Qərb düşüncəsində həmişə plan var, istər ümumi, istər fərdi olsun bu hər bir fərddə mövcuddur. “Amerikalının arzusu” adlandırılan həyat, təhsil, iş, ailə həyatı, ev almaq uşaq böyütmək, ölkəni dəyişmək, inkişaf etdirmək və s. “Just do it” ifadəsi qərblilər üçün “Nike” sloqanından daha artığıdır. Həmişə qərbliyə çatışmayan ambisiyanın azlığı olur və onu aşa bilən bütün dünyanı əldə edə bilərmiş kimi göstərilir. Bəs şərq üçün və ya koreyalı üçün bu nə deməkdir? Bütün həyat səddlərdən ibarətdir. Filmdə də koreyalı üçün bu problem və onun həlli yolunun müxtəlif bucaqları göstərilir. Düzdür, film koreyalılar üçün çəkilsə də, bizim cəmiyyəti də özündə əks etdirir və irəlidə bunu özünüz anlayacaqsınız. Filmdə iki bir-birindən təmamilə uzaq olan təbəqə göstərilib: “tarakanlar” kimi qaranlıq zirzəmilərdə yaşayan Kim ailəsi və dağın başında “krallar” kimi yaşayan Pak ailəsi. Bu yerarxiya fərqi ən dibə olanla ən yüksəkdə olan arasındakı fərqi göstərir. Bir amerikalı üçün bu səddi mental olaraq belə aşmaq elə də böyük çətinlik törətmir, amma bir koreyalı həyatında ierarxiya onun hər təbəqəsində göstərilir. Belə deyək, amerikada ierarxiya əlbəttə ki özünü götərir, müəllimə qarşı hörmət, işdə bossuna “siz”-lə müraciət etmə, amma bütün bunlar is sferasından kənarda çox da əhəmiyyət daşımır. İşində rəisinin hər acılı sözünü yeyən amerikalı idman zalında ondan 2 dəfə ağır ştanq və qantellə işləyə bilər və ya boksda bossunu nakaut edə bilər. Bir koreyalı üçün isə bu ağlasığmazdır. Buna bənzər situasiyanın nəinki baş vermək ehtimalı azdır, heç onların bir əyləncə yerində qarşılaşması mümkünsüz olacaq, çünki boss 500 dollar verib paraşütdən tullanaraq əylənəcəksə, onun işçisi 50 qəpiklik boks armuduna yumruq atacaq. Hətta bir koreyalı tanımadığı bir insana onun statusunu öyrənmədən acı söz belə deməyəcək. Yəni ierarxiya onların bütün həyatının əsasını təşkil edir. Siz Koreyada həmişə ya böyük, ya kiçiksiniz, ya ağa, ya nökərsiniz və əgər siz əzilən tərəfsinizsə, sizin azrularınız istəkləriniz heç qəpiyə də dəyməz. Koreya ekranizasiyalarında gördüyümüz işçisini şillə qapazlama səhnələri bizə maksimum qara yumor kimi gəlsə də, bu onlar üçün böyük bir sosial problemdir. Statusa isə təkcə iş mühiti təsir etmir, nəsil, cins, təhsil, gəlir və daha artığı... Bu problem bizə də müəyyən qədər uyğundur, amma Koreyadakı qədər ciddi məsələyə çevrilməyib. Bir cavan müəllimə yer vermək üçün ayağa qalxan qoca işçi Koreyada hörmət əlamətini göstərən norma, qoca qadına yer verən cavan oğlan isə avropada təhqir kimi qəbul edilir. Çin imperatorunun qızı çaya düşmüş və xilas olunmaq üün çırpınırdı və onu xilas etmək mümkün idi. Ona isə Çin ənənənisə görə nəinki toxunmaq, heç baxmaq belə olmazdı. Düzdür stabil inkişaf üçün sərt disiplin onlara əsrlərlə yardım etmişdi, amma bununla paralel aşağı siniflərin inkişafına, həyatda öz yerini tapmasınma mane olmuşdur. Buna görə də şərqdə Konfutsidən daha yaxşı filosof yoxdur. Ondan daha potensiallı minlərlə şəxs olub, amma ondan daha yaxşısını edəcək qədər “hörmətsiz” hərəkəti heç kim etməyib. “Respekt” filmdən hətta metaforaya belə hörmətsiz yanaşan bir personajın timsalında bütün koreyalının qəbul etdiyi şərtsiz sitatdır. Bunu nəzərə alanda, Ki-vunun varlı biznesmenin qızı ilə evlənmək istəyi artıq bir istək yox xülyaya, miraja çevrildi. “Yuxunda görərsən” və ya içkili olanda. Qərb tamaşaçısına tam real görünən bu fikir, koreyalı izləyicinin ürəyini qan ağladır. Çünki bu yerarxiya qaydalarına uyğun deyil, görülməmiş bir şeydir, hətta “həddini aşmaqdır”.
Burada filmi anlamaq üçün olan əsas iki məqamın ikincisini səsləndimədən qabaq bəzi şeyləri də nəzərə çatdırmaq istəyirəm. Film əvvəlindən qara komediya kimi başlasa da ortalarıda izləyiciyə hiss etdirmədən trillerə çevrilir, sonlara doğru isə fəlsəfi alt mətnli drama çevrilir. Filmin lap əvvəlində Kim ailəsinin Wi-Fi ödəməyə belə pulunun çatmadığını və daha sonra evin ən yüksək nöqtəsinin ayaqyolu olduğunu görürük. Bu onların nə qədər kasıb olduqlarını göstərir. Onların şəhərin ən dib yerində yaşamaqları azmış kimi, həm də zirzəmi kimi yerdə yaşayırlar. Onların pəncərələri ayaqları görür və sanki dünyaya böcək, daha dəqiq desək tarakan baxışından göstərir. Onların əksi isə Pak ailəsi şəhərin ən yüksək yerində yaşayır. Onların evinə gəlmək üçün nə qədər qalxmaq lazım olduğunu filmdə bir neçə dəfə göstərilir. Kimlər pilləkənlərlə evlərindən çıxıb xarabalıqlara, oradan meyilli yolla üzüyuxarı, daha sonra yenə daha artıq pilləkənlərlə yuxarı çıxmaq laızmdır. Daha sonra maşının belə qalxması üçün narahat olan meyilli bir yol gəlir. Nəhayət, Pakların darvazasına doğru gəlirik, qapı açılır və pilləkənlərlə onların hüzuruna çıxmaq lazımdır. Şəhzadə və dilənçinin qarşılaşmasına bənzədi, amma müasir mənada biznesmen və tarakan. Filmdə Kimlər ailəsi heç insan kimi də yox parazit, alçaq, qorxaq, çirkli varlıq hesab olunan tarakanlar kimi təsvir olunublar. İşıq yanan kimi hərəkətsiz donub qalma səhnəsi, evdə sürünə sürünə hərəkətlər. Eləcə də Pakların yüksək statusu görünür. Onlar heç vaxt aşağı baxmırlar, həm məcazi, həm də sözün həqiqi mənasında. Adicə ingilis dili müəllimi qılığına girən Ki-vunun, “Mister Pak”-ın qızının yatağının altında gizlənmə səhnəsinə fikir verin. O, aşağı baxsaydı itin orada kimisə gösətdiyi gizləndiyi şəxsi görərdi, artıq Ki-vu da bununla barışmışdı, amma mister Pak ona elə tərbiyə verməyib, o atasının hərəkətlərini təqlid edir, onun tərbiyəsinə uyğun davranır. Eləcə də başqa səhnələr. Paklar heç vaxt aşağı baxmır, ancaq göz səviyyəsi və daha yuxarıya baxırlar. Bununla da sinfi təbəqə olaraq altda baş verənlər onları maraqlandırmır. Eləcə də onların evlərində bunker var, amma onlar 4 il orada qalmaqlarına rəğmən bundan xəbərsizdirlər. Çünki onlar zirzəmiyə heç vaxt düşmürlər və niyə də düşsünlər, axı onların əvəzinə ora düşə biləcək qulluqçu var. Film bu iki ailə arasında vizual alluziyalarla doludur. İstər pilləkənlər olsun, istərsə də pəncərələrin baxdığı yer və orada baş verənlər. Kimlər ailəsinin get-gedə aşağı düşərkən adi yağışın selə çevrilməsi, axı onlar ən dibdə yaşayırlar və paralel olaraq Paklar ailəsi üçün isə yağış onların qazonunu suladı və sabahsı gün gözəl günəşlə sevindirdi. Sanki, şəhərin yuxarısındakılarının xoşbəxtliyi, aşağıdakıların bədbəxtliyi bahasına başa gəlir.


Daşın filmdəki mənası isə onun mənasının olmamasındadır. Bütün xoşbəxtliklər və bədbəxtliklər isə o daşa məna yükləməkdən əmələ gəlir. Daşı onlara uğur gətirsin deyə vermişdilər, “ondansa pul versəydi, daha faydalı olardı”. Daş onlara gələndən sonra uğur gətirdi, hərçənd daşa fikir verən belə olmadı. Bütün evi su basandan sonra isə ancaq daş qaldı və həmin daş onlara bədbəxtlik gətirdi. Daş boş arzuları özündə ehtiva edir. Mənasız olmağı ona məna verir, postironiya kimi. Su isə onu ayıltmaq üçün vasitədir, filmin əvvəlində bir vedrə su onu ayıltmadığı üçün onu sel ayıtmaq istədi, çünki o artıq əvvəlki kimi ümidli yox, artıq ambisiyalı idi, amma bu ambisiyasını sel də azalda bilmədi, əksinə o özünü yuxarıdakılarla bir gördü, onlar kimi öz taleyinə özü qərar verə biləcəyini düşündü. Suda batmayan, sudan ağır daşı, bəlkə də özünü və ya gələcəyini əlinə alıb (axı nə qədər ağır olsa da, suda batmamışdı və eləcə də sel Ki-vunu da ayıltmamışdı) taleyini həll etməyə çalışdı, amma bu ona həyatı, özünü və ailəsinin əldə etdikləri bahasına başa gəldi. Çnüki on özünü ona şərait yaradan dostunun yerinə qoydu, orta sinin nümayəndəsi olmadan özünü onun kimi apardı və “başı əlhəd daşına dəydi”. Sanki, “Metaforan başına dəysin” deyir rejisor
Filmdə özünün yuxarı təbəqədən nə qədər aşağıda olduğunu ən yaxşı anlayan insan Kim ailəsinin atasıdır. Filmin əvvəlindəki evin böçəkləri öldürən qazla dolma səhnəsində ondan başqa hamının öskürməsi ilk öncə komik görünsə də, bu mənanı verdiyi film boyu aydın olur. O, həmişə aşağı baxır, öz işi ilə məşğuldur, heç kimə mane olmur, az danışır. O, anlayır ki, hətta öz ailəsinə məsləhət verəcək qədər də böyük deyil və ancaq filmin sonunda hər şey kontroldan çıxanda emosiyalardan kənar, ekzistensial sakitliklə öz ağasını qətlə yetirir, çünki anlayır ki, artıq köhnə quruluşun heç bir mənası yoxdur. O, heç vaxt plan qurmur, çünki hər şeyin plan üzrə getmədiyini anlayır. Ailəsinə sadiq şəkildə onlara qarşı çıxmadan arzularını yerinə yetirir, yaxşı ata rolunu oynayır. Filmdə təkcə o yox, hamı rol oynayır, filmin sonunda bu məqam da qabardılır, növbəti abzasda bu barədə də danışacam.
Bong Joon-Ho özü də gəncliyində repititor idi, varlı evləri ziyarət edirdi və ona tamamilə qapalı olan həyatları görürdü. Koreyanı ikiyə bölən bu təbəqələşmə və filmdə də sitat kimi işlətdiyi, onun nə vaxtsa, xəbərlərdə eşitdiyi bir cümlənin çatdırdığı böyük bir problem onu narahat ediridi: 500 diplomlu şəxs mühafizəçi kimi işə düzəlmək istəyir və onlardan ancaq birində bu işi əldə etmək alınırdı. O, hələ film üzərində 2013-cü ildən işləməyə başlamışdı və o əvvəlki həyatından anlamışdı ki, ən yuxarı və ən aşağı təbəqəni ağa-qul münasibətlərindən başqa heç nə ortaq etmir. Filmin qaralamasına o “Dekalkomaniya” adını vermişdi. Dekol bütün dünyada şəklin çevrilməsi (şəklin çapı və ya bir səthdən başqa səthə təzyiq, termiki üsulla köçürülməsi) mənasını versə də, Koreyada həm də imitator və əkiz və ya alter eqo kimi də tərcümə olunur. Filmin son adı belə olmasa da, ilk adının belə olduğunu biləndə film yeni tonlarla tamaşaçı qarşısına qoyulur. Film boyu hər bir personaj hansısa bir rolu oynayır. Təkcə Kim ailəsinin daşımadıqları peşələrdə işləməsi yox, Pakların balaca uşağı özünü vəhşi qərb hindusu rolunu oynayır, evin qulluqçusu Munq-Van Şimali Koreya diktorlarını təqlid edir, hətta içkili Kimlər belə teatral skandal oynayırlar. Paklar ailəsinin atası isə öz kompaniyasında ümumiyyətlə dövrümüzün ən böyük imitasiya qurğusu olan VR texnologiyaları üzərində işləyir. Həkimə oxşamayan həkim.., detektivə oxşamayan detektiv... Paklar üçün imitasiya adi bir oyundur, onlar şərtləri və personajları özləri seçirlər, istədiyi an da bunu dayandıra bilərlər. Kimlər isə bunu edə bilmir, saat mexanizminin ehtiyac duyduğu rolları seçir, Paklar o mexanizmin parçalarına ehtiyac duyarlarsa, işləməyə məcburdurlar, özləri nə qədər pis vəziyyətdə olsalar belə (balaca Pakın ad günündə olduğu kimi). Amma onlar o qədər də sadə deyillər. Gizli zirzəmidə yaşayan soy adları belə olmayan ailə (soyları davam etməyəcəyi üçün soy adlarının olması elə də əhəmiyyət daşımır) yerarxiyaya “respekt”lə yanaşır. Kimlər isə öz imitasiyaları ilə ciddi-ciddi aşağı statusdan qalxmağa cəhd edirlər. Eləcə də onlar imitasiya yaşadıqlarını yox hər şeyin real olduğuna inanırlar. Onlar cəmiyyətin yazdığı ənənəvi qaydaları pozurlar. Yuxarı statuslu şəxsə toxunmaq, onunla dost və ya sevgili olmağa cəhd etmək. Yağışlı gündə onlar öz diribaşlıqlarına görə hər şeylərini itirirlər. Koreyalılar üçün layiq olmadığın yeri arzulamaq belə mümkünsüz bir düşüncə tərzidir. Burada başqa bir Avropa rejisoru olsaydı, filmi elə buradaca bitirərdi. Sosial mesaj kimi daşan ayaqyolu ilə mübarizə aparmaq da təmamilə yetərlidir. Amma koreyalıları bu yerarxiya bezdirib, çünki bu yerarxiya özü parazitdir.
Plan – onun olması əziyyət, olmaması durğunlu gətirir. Filmdə pəncərənin metaforası da plandır. Dəyişikliklərə açılan, gələcəyə baxan pəncərə... (Bu kiçik pəncərə Kimlərdən daha yuxarıya açılır, Paklardan açılan geniş pəncərə isə boşluğa...) Amma planın qarşısını lənətə gəlmiş ierarxiya alır. Bəs nə etməli əzablı inkişaf yoxsa stabil durğunluq?
Burada koreyalılar haqda anlamalı olduğumuz ikinci məsələyə də aydınlıq gətirsək filmi digər bucaqlar altında da anlamaq mümkün olacaq. Koreyanın tarixindəki  birinci ikinci və s. respublikalarla başınızı yormaq istəmirəm, maraqlanan bu məlumatları asanlıqla tapıb oxuya bilər, qısası belə deyək: qonşusu ilə dağıdıcı vətəndaş müharibəsindən sonra 50 il ərzində avtokrat Koreyada demokratiya, möhtəşəm iqtisadiyyat, yüksək texnologiyalar, sənaye və daha nələr-nələr formalaşdı. Bu da əlbəttə ki, “sülhsevər amerikalıların” köməyi olmadan keçmədi. Onlar sanki Koreyaya plastik əməliyyat edərək onu kapitalizm vitrininə çevirdilər. Eləcə də, öz mədəniyyət, dəyər və düşüncələrini gətirdilər. Burada da fəlsəfi konflikt formalaşmağa başladı: Qərb individualizmi, yoxsa Asiya tradisionalizmi? Bu sadə əhali üçün çox ağrılı oldu. Təsəvvür edin kənddə olan hamı kimi sadə bir kəndlisiniz, atanız, babanız və ondan əvvəl bilinən hamı torpağı əkib becərib və düşünməyə belə ehtiyac yoxdur ki, siz nə edəcəksiniz, başdan ayağa paternalizmdir. Və birdən bütün bu kəndliləri göz qarşısında inkişaf edən yeni cəsur dünyaya atırlar. Artıq kəndliliklə gəlir əldə etmək çətindir. heç buna təlabat da yoxdur, yeni imkanlar var və sağ qalmaq üçün bunu etməyə məcbursan. Dəyişikliklər və adaptasiya bir-bir gəlməli olduğu halda hamısı birdən və çox sürətlə gəldi və hər kəsi şok vəziyyətinə saldı.
İndi bu yeni öyrəndiklərimizi filmə tətbiq edək. Dəyişən Koreyada adaptasiya məcburdur, amma köhnə şərtlərləmi yoxsa bu tabular qırılaraq? Bu artıq bir sualdır. Yaxşı bir sual isə artıq cavabın yarısıdır. Paklar ailəsi qaymaqda yaşadıqları üçün dəyişiklik arzulamırlar, soy adları olmayan ailə isə onlara “respekt”lə yanaşır və bir tikə çörəyə razıdırlar. Onlar tradisionalizmdə ilişib qalıblar və sahiblərindən kənarda əzilirlər, məhv olurlar. Paklar isə əksinə baxmayaraq ki, onlar köhnə quruluşdan razıdırlar, buna baxmayaraq yeni cəmiyyətə də ayaq uydururlar. Buna görə filmi orijinalda baxmağı məsləhət görürəm. Film boyu Pakların ara-sıra işlətdikləri amerikansayağı sözcüləri bu effekti çatdırır. Soyadsızlar isə sadəcə “respekt” sözü öyrənib onları təqlid edilər, amma özləri dəyişmirlər. Bu iki tərəfin yanında Kimlər isə zirvə və dib arasında yaşayan cəmiyyətin halını göstərir, gah yüksəlib, gah dibə düşən, həyatda öz yerini axtaran və bu yerin yuxarıda olmasını istəyən cəmiyyəti özündə əks etdirir.
Kimlər ailəsinin özünü də ayrıca baxsaq iki nəslin konfliktini görə bilərik. Emansipasiyalı və qərbləşmiş milleniallar öz yollarını cızırlar və valideynlər də onların inkişafının dalınca daha az uyğunlaşmış olsa belə heç olmasa uyğunlaşmış şəkildə addımlayırlar. Filmin əvvəlində qutulara görə dava etməyə hazır olan ananı iş perspektivi görərək qaçıb aranı soyutmağa çalışan oğul sakitləşdirsə də, irəlidə zirzəmidəki ailə ilə danışıqlara yox sərt tədbirlərə girdi və buna görə də razılaşma şansını itirdi. Eləcə də, improvizasiya edə bilməyən ata, tez-tez Paklarla danışarkən donub qalır. Bütün bu dəyişikliklər onların tradision düşüncəli beyinləri üçün ağır gəlir və bu onları daxildən aqressiv edir. “Buna görə də plan qurmaq olmaz” deyən ata Kim bir baxıma Nolan “Joker”inin koreyalı interpretasiyasına bənzəyir. Bir anlıq zirzəmidəki kişiyə plansız olduğu üçün yuxarıdan baxsa da, tez də özünün onun qədər aşağı təbəqədə olduğunu anlayır.
Anyway, baxmayaraq ki film koreyalı tərəfindən koreyalılar üçün koreyalılar haqda çəkilib, amma bu elə bizim cəmiyyət üçün də aktualdır. Bizim də öz planlarımız var. amma həyatımız gözlənilməzliklərlə doludur. Hətta filmin sonundakı məktubu da biz kimin üçünsə yox özümüz üçün yazırıq, çünki bu məktubun ona çatıb çatmayacağı əhəmiyyətli deyil, bizim arxasına sığına biləcəyimiz daş yoxdursa, ondan güclü olan kağıza sığınırıq. 


Yorumlar