Son üç onilliklər ərzində
elm fəlsəfəsi fundamental olaraq ayrı-ayrı elmlər üzərində daha çox mərkəzləşir.
Tədqiqat obyekti ümumi şəkildə elm fəlsəfəsi üçün xarakterik olan anlayış və
problematikadan ayrı-ayrı elmlərin fəlsəfəsi üçün səciyyəvi olan anlayış və
problematikaya keçid alıb. Bu kontekstdə nevrologiyanın fəlsəfəsinin də
xüsusi düşüncə sahəsi kimi yaranması və inkişafı təbii prosesdir.
Beyin ilə bağlı empirik tədqiqatların daha da intensivləşməsi şüur, azad iradə, psixi durum kimi anlayışları ənənəvi fəlsəfi üçün xarakterik olan abstrakt-nəzəri analizdən xeyli dərəcədə xilas edərək onları praktik fəlsəfi kontektsdə araşdırmağa imkan verir.
Beyin ilə bağlı empirik tədqiqatların daha da intensivləşməsi şüur, azad iradə, psixi durum kimi anlayışları ənənəvi fəlsəfi üçün xarakterik olan abstrakt-nəzəri analizdən xeyli dərəcədə xilas edərək onları praktik fəlsəfi kontektsdə araşdırmağa imkan verir.
Elmi-fəlsəfi ədəbiyyatda
“nevrologiyanın fəlsəfəsi” anlayışı ilə “neyrofəlsəfə” anlayışı bir-birindən fərqləndirilir.
Birinci anlayış nevrologiya elmi çərçivəsində mövcud metod və laboratoriya şərtləri
ilə empirik faktların toplanmasının və onların əsasında beynin müxtəlif cəhətdən
funksional fəaliyyətini izah edən nəzəriyyələrin formalaşdırılmasının mötəbərliyini
tədqiq edir. İkinci anlayış nevrologiya elmi üçün xarakterik olan anlayış və nəzəriyyələrin
yuxarıda adları qeyd olunan bəzi ənənəvi fəlsəfi problematikaya tətbiq
olunmasını nəzərdə tutur.
Keçən əsrin 60-cı illərindən
etibarən biologiya, fizika, kimya, fiziologiya və s. kimi bir neçə təbiətşünaslıq
elminin bilavasitə beyin ilə əlaqəli tədqiqatlarının mərkəzində formalaşan
nevrologiya birbaşa olaraq fəlsəfi kontekstdə materialist düşüncə ilə uzlaşır.
Nevrologiya elminin inkişafı materializmə alternativ kimi qiymətləndirilə bilən
dualizmin filosoflar tərəfindən qəbul edilməsini getdikcə daha da çətinləşdirir.
Tarixi baxımdan da insanın psixi durumu ilə beyin vəziyyətini eyniləşdirən
materialist düşüncənin inkişaf mərhələsi də nevrologiyanın yaranması və inkişaf
mərhələsi ilə üst-üstə düşür. (22, 44-50; 25, 141-156) Belə materialist düşüncə
üçün istənilən psixi durum və ya yaşantı konkret neyro-dinamik aktivlik ilə
eyniyyət təşkil edir. Məsələn, psixi durum ilə beyin vəziyyətini eyniləşdirən
materialist düşüncənin ümumi xarakterik göstəricilərinə hələ 1949-cu ildə Donald
Hebb tərəfindən yazılmış “Davranışın təşkil edilməsi” əsərində rast gəlmək
mümkündür. Bu əsərdə o, qavrayış, yaddaş, öyrənmə və emosional pozuntu kimi ən
müxtəlif psixoloji fenomenləri o dövr üçün məlum olan neyro-dinamik aktivlik və
beynin pay mərkəzlərinin bölgüsü əsasında ətraflı izah edirdi. (11)
Nevrologiyanın empirik
faktları əsasında psixi durum ilə beyin vəziyyətinin qiymətləndirilməsi daha
bir materialist fəlsəfi cərəyan olan funksionalizm çərçivəsində
aparıla bilər. Funksionalist düşüncənin ana xəttinə əsasən eyni bir psixi durum
bir deyil, bir neçə qəbildən olan neyro-dinamik aktivlik nəticəsində reallaşa
bilər. (23, 49-54; 15, 77-115) Məhz bu alternativ reallaşa bilmə nöqtəsində
funksionalizm materializmin eynilik (psixi durum ilə beyin vəziyyəti arasında)
fərqlənir. Beləliklə, hətta bir fiziki sistemdə (məsələn, beyinlərdə) baş verən
neyro-dinamik aktivliyi tamamilə izah edə bilsək də bu psixi durumu tamamilə
izah etmək demək olmayacaq, çünki fərqli bir fiziki sistem də (məsələn, süni
robotik “beyin”) eyni psixi durumu yarada bilər. Bu mənada funksionalizm
nevrologiyadan daha çox koqnitiv psixologiya və süni intellekt sahəsi
üzrə aparılan empirik tədqiqatlar ilə daha çox uzlaşır. Burada funksionalizm hər
hansı psixi durumu yaradan fiziki mexanizmlərdən daha çox psixikadakı
obrazların informasiya xüsusiyyətlərini və tutumunu önə çəkir. (9)
Fəlsəfə üçün
nevrologiyanın əhəmiyyətini və marağını artıran ən fundamental əsər 1986-cı ildə Patricia Churchland tərəfindən
yazılmış “Neyrofəlsəfə” hesab olunur. Bununla elm fəlsəfəsi tarixində
materialist fəlsəfənin daha bir istiqaməti olan eliminativistfəlsəfə ilə
nevrologiyanın müqayisəli analizi üzərində düşüncələr və tədqiqatlar inkişaf
etməyə başlayır. Eliminativ materializmin ana xəttini iki istiqamətdə düşüncə təşkil
edir: birincisi, bizim psixi durum və hadisələr barəsindəki ümumi inanc və
düşüncələrimiz (“xalq psixologiyası”) səhvdir və nəticə olaraq insan
davranışının da səbəblərini səhv izah edir. İkincisi, səhv anlayış və
baxışlar sisteminə malik olduğu üçün həmin “xalq psixologiyası” gələcəkdə
nevrologiya sahəsində əldə edilən elmi baxış sistemi ilə əvəzlənəcək.
Eliminativ materializm mahiyyət etibarilə psixi duruma fizikalist yanaşmadır,
beyni tədqiq edən nevrologiyanın gələcək inkişaf səviyyəsində insan davranışını
izah edə biləcək yeganə düşüncə sahəsi kimi qəbul edir.
Nevrologiyanın və fəlsəfənin
qarşılıqlı təsir və analizi kontekstində mühüm əhəmiyyət kəsb edən mövzulardan
biri şüur problemidir. Şüurun mövcudluğunu inkar etmək əvəzinə müasir
fizikalistlərin əksəriyyəti onun mövcudluğunu qəbul edərək izah etməyə
çalışırlar. (5) Bu mənada onlar şüurun yaranma səbəbini neyro-dinamik
aktivlik əsasında izah etməyə çalışırlar, yəni neyro-dinamik aktivlik çərçivəsində
konkret hansı fiziki fəaliyyət mexanizmi beyindəki informasiyanı altşüurdan
şüur sferasına yüksəldir və niyə məhz bu neyronik mexanizm (başqası yox) şüur
fenomenini yaradır. Amma məsələn, T. Nagel 70-ci illərdə şüurun sırf
subyektiv təcrübə olması səbəbindən onun elmi-rasional izahını mümkünsüz hesab
edirdi. (19, 435-450) Onun fikrincə, digər bir canlı məsələn, yarasa kimi olmaq
nə deməkdir sualına heç bir fiziki-elmi bilik (o cümlədən nevrologiya) cavab
verə bilməz. Bu sualın özü neyrofiziologiya və fəlsəfə sahəsində yeni düşüncə
istiqamətinə yol açmış olur. John Biro’un fikrincə, intuitiv hissiyyatın
bu aspekti məsələn, yarasa kimi qazanılan təcrübə mahiyyət etibarilə bioloji
canlı olaraq insan kimi qazanılan təcrübədən fərqlidir və fiziologiya ilə
fenomenologiyanın qarşılıqlı düşüncə sahəsində analiz edilməlidir. (3,
113-133) Kathleen Akins’in fikrincə isə nevrologiyanın bu suala cavab verməməsinin
səbəbi ümumiyyətlə nevrologiya çərçivəsində bu sualın cavabının olmaması deyil,
beyinin ayrı-ayrı pay mərkəzlərində neyro-dinamik aktivliyin hələ tam izah
olunmamasıdır. Bu səbəbdən intuitiv subyektiv təcrübənin nevrologiya
anlayışları ilə tam izahı hələ mümkün deyil. (1, 124-160)
Son dövrlər isə
nevrologiyanın fəlsəfəsi kontekstində şüur probleminin izahı David
Chalmers’in fəlsəfi düşüncələrində geniş yer alır. Onun fikrincə, şüur
probleminin mümkün beyin prosesləri əsasında izahı həmişə beyin prosesləri ilə
şüur təcrübəsinin əlamətləri arasında bir “izahat boşluğunun” olmasına gətirib
çıxaracaq. (6) Bunun səbəbi beyin prosesləri əsasında qurulan nəzəriyyələrin
şüur kontekstində mövcud olan aşağıdakı “çətin” suala cavab verə bilməməsidir:
Niyə məhz konkret bu və ya digər neyro-dinamik aktivlik konkret bu və ya digər
şüur fenomeninin yaranmasına səbəb olur? Bu sualın cavabsız qalması çox böyük
ehtimalla gələcəkdə də sırf nevrologiyanın anlayış və nəzəriyyələri əsasında
şüur fenomeninin tam izahını mümkünsüz edəcək, çünki biz alternativ hər hansı
kainatda (kosmik obyektdə) bizimlə eyni beyin quruluşuna və neyro-dinamik
aktivliyə malik olan, amma şüursuz canlıların mövcud ola biləcəyini təsəvvür
(ehtimal) edə bilərik. Amma nevrologiya çərçivəsində aparılan tədqiqatlar
ümumiyyətlə belə bir ehtimalın olmasını rədd edir. Belə ki, hər hansı
alternativ kainatda (kosmik obyektdə) bizimlə eyni beyin quruluşuna və
neyro-dinamik aktivliyə malik olan varlıq mövcud olsalar, həmin varlıqların
bizdən fərqli olaraq şüursuz olma ehtimalı yoxdur. (17)
Nevrologiyanın fəlsəfəsində
şüur fenomeninin neyro-dinamik aktivlik əsasında izahının mümkünlüyünə skeptik
yanaşan arqumentlər həm də duyğu orqanları vasitəsilə informasiya əsasında
insan beynində toplanan hər hansı təcrübələrin keyfiyyət fərqləri üzərində
qurulur. Bu mənada ən geniş yayılmış nümunə vizual hissiyyatın rəng fərqləridir.
Bir çox filosofların fikrincə, eyni neyrofizioloji beyin quruluşan malik olan
iki insanda nəzəri cəhətdən həyəcan siqnalı və pomidorun rəng effekti otun və
qurbağanın rəng effektinə, və əksinə, keçid edə bilər. (10; 8) Bu səbəbdən fəlsəfi
debatlar beynin rəng effekti təcrübəsi yaşamasından başqa həm də rəngin özünün
reallıqda mövcud olub olmaması (“rəng effekti metafizikası”) üzərində qurulur.
Amma nevrologiya elmi aspektindən yanaşsaq, eyni neyrofizioloji quruluşa malik
insanların fərqli rəng effekti yaşamaları ehtimalı çox azdır (və ya ümumiyyətlə
mümkün deyil.) Başqa sözlə, müxtəlif neyrofizioloji quruluş (və ya funksional cəhətdən
hər hansı neyrofizioloji quruluşu əvəzləyən bir fiziki sistemin, məsələn,
humanoid robotun “beyninin” sxematik quruluşu) eyni rəng effekti yarada bilər,
amma bunun əksi mümkün deyil, yəni eyni quruluş fərqli effekt yarada bilməz. Bu
mənada artıq 70-ci illərdən etibarən nevrologiyanın fəlsəfəsində süni
intellektin müxtəlif psixi durum effekti, məsələn, ağrı effekti yaşaya bilməsi
üzərində eksperimental fəlsəfə çərçivəsində məntiqi konstruksiyalar qurulur.
(4, 415-456)
Nevrologiyanın fəlsəfəsi
və neyrofəlsəfənin düşüncə sahəsi kimi bir-birindən tədricən daha da fərqlənməsi
ümumi planda düşüncə və sualların da istiqamətini dəyişir. Nevrologiyanın fəlsəfəsi
getdikcə daha çox elm fəlsəfi içərisində xüsusi olaraq nevrologiyanın fəlsəfi
problematikasını diqqət mərkəzində saxlayır. Məsələn, nevroloji izahatın mahiyyətcə
özündə nəyi ifadə edir? Nevrologiyada yeni kəşflər mahiyyət etibarilə necə
xarakterizə oluna bilər? Nevrologiyanın fəlsəfəsi kontektstində bu qəbildən
olan sualların cavabı ya təsviri xarakter daşıyır (nevrologiyada elmi
tədqiqatlar necə gedir), ya da normativ xarakter daşıyır
(nevrologiyada tədqiqatlar necə getməlidir). Normativ cavablar müasir nevroloji
tədqiqatların tənqidi üzərində qurula bilər. (Belə yanaşmanı nevrologiyanın fəlsəfəsində destruktiv normativ
yanaşma adlandırırlar.) Bəzən isə normativ düşüncələr laboratoriya və
eksperimentlərdən əldə edilmiş empirik faktları nevrologiya elminin hansı nəzəriyyə
və anlayışlar sistemi ilə daha yaxşı interpretasiya oluna biləcəyi üzərində
aparılan müzakirələrin nəticəsi ola bilər. (Belə yanaşmanı isə nevrologiyanın fəlsəfəsində konstruktiv normativ
yanaşma adlandırırlar.) Konstruktiv normativ yanaşma mahiyyət etibarilə nəzəri
nevrologiyaya yaxınlaşmış olur.
Müasir nevrologiyanın fəlsəfəsi
üçün mühüm əhəmiyyət kəsb edən suallardan biri mövcud texnoloji aparatlar, məsələn,
fMRİ əsasında beyin ilə əlaqədar toplanılmış empirik faktların nə dərəcədə mötəbər
olmasıdır. Məsələn, fMRİ əsasında aparılan empirik tədqiqatlar əsasən beyinin
müxtəlif pay mərkəzlərinin konkret funksional fəaliyyət çərçivəsində
lokallaşdırılmasıdır. (12, 1) Funksional lokallaşdırma dedikdə beyinin konkret
bir pay mərkəzinin konkret neyro-dinamik aktivlik və bunun nəticəsi olaraq
konkret psixi durum effektinin təzahür etməsi üçün məsuliyyət daşıması nəzərdə
tutulur. Bu mənada ən çox diqqət mərkəzində olan beyin qabığının ayrı-ayrı hissələrinin
motoneyronlar vasitəsilə əzələ sisteminə və daxili orqanlara cavab siqnalları
göndərməsidir. (20, 606-616) Nevrologiyanın fəlsəfəsi məhz belə funksional
lokallaşdırılmanın özünü şübhə altına qoyur. Belə ki, neyro-dinamik aktivləşməyə
belə yanaşma uzun bir neyronal əlaqə və bağlantının yalnız son mərhələsini daha
çox qabardır, halbuki səbəbiyyət əlaqəsi üzrə neyronal aktivləşmənin fMRİ tərəfindən
qeydə alınan fazasından əvvəlki mərhələlər arxa plana sıxışdırılır. (2,
144-149) Bəzi filosoflar isə ümumiyyətlə beyinə funksional lokallaşma
aspektdən yanaşmanın əleyhinə çıxaraq fMRİ tərəfindən alınan empirik məlumatların
ümumi mənzərəni təhrif etdiyini düşünürlər. (18, 149-152) Amma bununla belə
koqnitiv neyropsixologiyada aparılan bir sıra tədqiqatlar beyinin funksional
lokallaşmasını mülahizəsi ilə uzlaşır. Belə ki, beyin zədəsi olan xəstələr üzərində
aparılan tədqiqatlar insanın beyininin və psixi durumunun bütöv bir tam sistem
deyil, bir neçə müstəqil modul üzrə fəaliyyət göstərdiyini düşünməyə əsas
verir: onlardan birincisi məhz funksional modul adlanır. Belə ki,
insan düşüncəsi və psixi durumu ayrı-ayrı fəaliyyət göstərən bir neçə müstəqil koqnitiv modul
əsasında bərqərar olur. Bu modullardan birinin passivləşməsi digərlərinin aktiv
olmasına təsir göstərməyə bilər. İkincisi isə anatomik modul adlanır. Belə ki,
insan beyini ayrı-ayrılıqda fəaliyyət göstərən bir neçə müstəqil funksional modula
ayrılır. Bu modullardan da birinin passivləşməsi digərlərinin aktiv olmasına təsir
göstərməyə bilər. Bundan əlavə beyinin bir hissəsinin ciddi olaraq zədələnib
passivləşməsi zəruri olaraq düşüncə və psixi durumun yenidən təşkil olunması ilə
nəticələnməyə bilər. (7)
Neyrofəlsəfə
nevrologiyadan götürülmüş anlayışlar sistemini və nəzəriyyələri fəlsəfənin ənənəvi
müzakirə və suallarına tətbiq etməyə çalışır. Məsələn, emosiya nədir? (21) Arzu
və istəyin mahiyyəti nədir? (24) Sosial idrak necə gerçəkləşə bilər? Əxlaqi məsuliyyətin
neyro-dinamik əsaslarla izahi necədir? (21) Xoşbəxtliyin neyro-dinamik cəhətdən
izahı necədir? (16, 582-600) Bu qəbildən olan neyrofəlsəfi suallara verilən
mümkün cavablar yalnız və yalnız əsəb-beyin sistemi üzərində aparılan nevroloji
tədqiqatlara söykənir.
Müasir dövrdə neyrofəlsəfə
çərçivəsində aparılan müzakirə və fikir mübadiləsi həm də əxlaq fəlsəfəsinin müəyyən
suallarını əhatə edir. Bura məsələn, nevroloji xəstəliklərin müalicəsi zamanı xəstənin
əsəb-beyin sisteminə olan həkim-psixart müdaxiləsinin etik normaları (26,
95-110), cinayət psixologiyası çərçivəsində insanın gizli düşüncəsinin
oxunmasına imkan verən texnologiyaların tətbiq sahəsinin etik normalar əsasında
qiymətləndirilməsi (14, 35-45), nevrologiyada heyvanlar üzərində aparılan müxtəlif
eksperiment və tədqiqatların etik normalar əsasında qiymətləndirilməsi (13,
9-18) və s. ola bilər.
Müəllif: Elmar Hussein
Bakı Dövlət Universiteti, fəlsəfə müəllimi
Ədəbiyyat
1. Akins,
K., 1993, “What Is It Like to be Boring and Myopic?” in Dennett and His
Critics, B. Dahlboom (ed.), New York: Basil Blackwell, pp. 124–160
2. Anderson.,
2007 “The Massive Redeployment Hypothesis and Functional Topography of the
Brain” Philosophical Psychology Vol 20 no 2
3. Biro,
J., 1991, “Consciousness and Subjectivity,” in Philosophical Issues, E.
Villaneuva (ed.), Atascadero, CA: Ridgeview
4. Dennett,
D.C., 1978, “Why You Can’t Make a Computer That Feels Pain,” Synthese, 38
5. Dennett,
D.C., 1991, Consciousness Explained, New York: Little Brown.
6. Chalmers,
D., 1996, The Conscious Mind, Oxford: Oxford University Press.
7. Coltheart,
M “Assumptions and Methods in Cognitive Neuropsychology” in The Handbook of
Cognitive Neuropsychology. 2001
8. Clark,
A., 1993, Sensory Qualities, Cambridge: Cambridge University Press.
9. Haugeland,
J., 1985, Artificial Intelligence: The Very Idea, Cambridge, MA: MIT Press.
10. Hardin,
C.L., 1988, Color for Philosophers, Indianapolis: Hackett.
11. Hebb,
D.O., 1949, The Organization of Behavior, New York: Wiley.
12. Huettel,
Song and McCarthy Functional Magnetic Resonance Imaging 2009 Sinauer Associates
13. Farah,
M.J., 2008, “Neuroethics and the problem of other minds: Implications of
neuroscience evidence for the moral status of brain-damaged patients and
nonhuman animals,” Neuroethics, 1: 9–18
14. Farah,
M.J. and P.R Wolpe, 2004, “Monitoring and manipulating the human brain: New
neuroscience technologies and their ethical implications,” Hastings Center
Report, 34: 35–45.
15. Fodor,
J., 1974, “Special Sciences,” Synthese, 28
16. Flanagan,
O., 2009, “Neuro-eudaimonics, or Buddhists lead neuroscientists to the seat of
happiness,” in Bickle (ed.) 2009
17. Gazzaniga,
M. (ed.), 1995, The Cognitive Neurosciences, Cambridge, MA: MIT Press.
18. Massive
Redeployment Hypothesis and Functional Topography of the Brain” Philosophical
Psychology Vol20 no 2
19. Nagel,
T., 1974 “What Is It Like to Be A Bat?” Philosophical Review, 83
20. Passingham,
R. E. Stephan, K. E. Kotter, R.”The anatomical basis of functional localization
in the cortex”Nature Reviews Neuroscience. 2002, VOL 3; PART 8
21. Prinz,
J., 2007, The Emotional Construction of Morals, Oxford: Oxford University
Press.
22. Place,
U.T., 1956, “Is Consciousness a Brain Process?” The British Journal of
Psychology, 47
23. Putnam,
H., 1967, “Psychological Predicates,” in Art, Mind, and Religion, Capitan and
Merrill (eds.), Pittsburgh: University of Pittsburgh Press
24. Schroeder,
T., 2004, Three Faces of Desire, Oxford: Oxford University Press.
25. Smart,
J.J.C., 1959, “Sensations and Brain Processes,” Philosophical Review, 68
26. Schneider,
S., 2009, “Future Minds: Transhumanism, Cognitive Enhancement and the Nature of
Persons,” in University of Pennsylvania Bioethics Reader, A. Caplan and V.
Radvisky, (eds.), New York: Springer.
Yorumlar
Yorum Gönder