hissiyyatın və ya qazanılan təcrübənin analiz edilməsidir. Fenomenal və refleksiv şüur formalarını bir-birindən necə fərqləndiyini əyani olaraq təsəvvür etmək üçün beyninizdə ağrı hissini yaşayan iki körpənin obrazını canlandırın, amma bu körpələrdən yalnız birinin beynində həmin hissiyyat barəsində fikir formalaşmalıdır. Belə şəraitdə körpələrin hər ikisinin fenomenal şüura malik olduğunu deyə bilsək də onlardan yalnız biri həm də refleksiv şüura sahibdir. (8, 56)
Müasir Anqlo-Amerikan fəlsəfəsində şüur ilə əlaqədar
əsas müzakirələr “şüurun mürəkkəb problemi” (“The Hard Problem of
Consciousness”) adlandırdıqları məsələ ətrafında cəmləşir. Burada şüurun mürəkkəb
problemi deyərkən şüur vəziyyətinin beynin nevroloji əsasları (beyində
neyronların aktivliyi) üzərində empirik izahı nəzərdə tutulur. Məsələn, əgər
neyronların konkret N vəziyyəti beyində nümunə kimi götürdüyümüz qırmızı
hissiyyatının və ya təcrübəsinin nevroloji əsasını təşkil edirsə, onda N niyə həm
də digər hissiyyatın və ya təcrübənin deyil, məhz qırmızı rəng hissiyyatının və
ya təcrübəsinin nevroloji əsası kimi çıxış edir? Bu mənada Avstraliya Milli
Universitetinin fəlsəfə professoru David Chalmers özünün “Şüurlu
Düşüncə” əsərində şüurun “mürəkkəb” və “asan” problemlərini bir-birindən fərqləndirir.
Onun fikrincə, nevrologiya, psixologiya, neyro-biologiya və bu qəbildən olan
digər elmlər çərçivəsində beynin konkret hissələrinin və ya bu hissələrdəki
neyron aktivliyinin və funksional fəaliyyətinin öyrənilməsi əslində şüurun asan
problemləri sırasına aid etmək olar. (1, 5) Aydın məsələdir ki, adı yuxarıda
qeyd olunan problemlərin tədqiq olunması da əslində asan deyil, elmi texnoloji
tərəqqinin ən son nailiyyətlərindən və bu nailiyyətlərin insan beyninin empirik
yolla tədqiqinə tətbiq olunmasından asılıdır. Erkən dövrün alimləri beyin üzərində
tədqiqatı yalnız insan bioloji ölüm keçirdikdən sonra onun beyninin öyrənilməsi
və ya beyin zədəsi olan insanların hərəkət və davranışlarında müşahidə olunan
simptomların analiz edilməsi ilə məhdudlaşdırırdılar. Amma genetika sahəsindəki
irəliləyişlər və tibbi müdaxilə olmadan beyin obrazının canlandırılmasına imkan
verən texnologiyaların – PET (positron-emission tomoqrafiya) və fMRİ
(funksional maqnetik resonans imic) – tətbiqi sayəsində insan beynini real
zamanda müxtəlif şəraitlərdə, məsələn, problem həll edərkən, sözləri ifadə edərkən,
keçmişi xatırlayarkən, emosiyalarını formalaşdırarkən, inanarkən, sevərkən,
qorxarkən, təlaş keçirərkən, musiqi dinləyərkən, bir sözlə çox müxtəlif
kontektlərdə müşahidə etmək və empirik cəhətdən tətqiq etmək mümkündür. (7, 4)
Bütün texnoloji və elmi tərəqqi beyində neyronların aktivliyini və funksional fəaliyyətini
öyrənən nevrologiya elmində və bu elmin müxtəlif sahələrində inqilabi dəyişikliklər
yaratsa da beyinə daxil olan siqnallarda ehtiva olunan informasiyaların hansı səbəbdən
bir hissəsinin şüur, digər hissəsinin isə altşüur sahəsində toplandığını izah
etməkdə çətinlik çəkir. Amma şüurun mürəkkəb probleminin ilk dəfə öyrənilməsi
daha əvvəllərə — keçən əsrin 70-80-ci illərə təsadüf edir. (5, 354-361)
Müasir Anqlo-Amerikan fəlsəfəsində şüurun mürəkkəb
probleminin öyrənilməsinə yanaşmada 4 istiqamət mövcuddur:
1) Eliminativizm. Bu istiqamətin yanaşmasına əsasən
yuxarıda qeyd etdiyimiz mənada şüur ümumiyyətlə, mövcud deyil. Bu səbəbdən
şüurun mürəkkəb problemi də mövcud ola bilməz. (2; 10)
2) Fəlsəfi Reduksionizm və ya Deflyasionizm.
Bu istiqamətin yanaşmasına əsasən şüur mövcuddur və onu bir anlayış kimi
qeyri-fenomenal terminlər vasitəsilə izah etmək olar. Bu mənada şüurun
biheyvioral, funksional, reprezentional və koqnitiv analizləri mümkündür. (3,
16)
3) Fenomenal Realizm və ya İnflasionizm.
Bu istiqamətin də yanaşmasına görə şüur mövcuddur, amma onu bir anlayış kimi
yalnız qeyri-fenomenal terminlər ilə izah etmək mümkün deyil. Məsələn, məntiqi
biheyvioristlərin yanaşmasına görə biz ağrı anlayışını konkret davranış modelləri
əsasında izah edə bilərik. Halbuki, inflyasionistlər bunun mümkünlüyünü istisna
edirlər. Müasir inflyasionistlərin fikrincə, şüur mühüm əhəmiyyətə malikdir və
təbiətşünaslıq elmləri inkişaf etdikcə, onun təbiətini empirik yolla tam izah
edə biləcəyik. Bu mənada inflyasionistlər şüurun beynin nevroloji vəziyyəti və
toplayıcı xarakteri əsasında elmi izahını qəbul edirlər. Amma bu
şüurun mahiyyətinin tam izahı demək deyil, məsələn, istilik anlayışı elmi cəhətdən
molekullar arasındakı kinenik enerji ilə izah edilir, amma məntiqi baxımdan
“istilik” anlayışı ilə “kinetik enerji” anlayı bir-birindən fərqlənir. Bu səbəbdən
inflasionizm şüurun mürəkkəb problemini qəbul edir və şüurun “asan” problemləri
kimi onun da empirik izahına çalışır. (9, 21-27)
4) Dualistik Naturalizm. Bu istiqamətin
yanaşmasına görə ənənəvi materializm yalnışdır, amma alternativ olaraq
kartezian dualizmi deyil, pan-fizikalizmi qəbul etmək lazımdır. (1, 25)
Nyu York Universitetinin fəlsəfə professoru Ned
Blokun fikrincə deflyasionist yanaşma fenomenal şüurun bəzi mühüm xüsusiyyətlərini
diqqətdən kənarda qoyur. Fenomenal şüur beynin müəyyən funksional fəaliyyəti ilə
əlaqədardır və ətraf aləmin insan beynində obrazını yaradır, amma mahiyyət
etibarilə şüur onlardan daha geniş anlayışdır. Belə ki, bir insanın beynində
qırmızı rəng obrazını yaradan eyni obyekt başqa bir insanın beynində yaşıl rəng
obrazını yarada bilər. Ağrı zədə ilə sıx bağlı ola bilər, amma ağrını dəhşətli
edən yalnız bu zədə deyil.
Defyasionist yanaşmaya görə isə şüurun mürəkkəb
problemi illuziyadır. Eyni məntiqlə istənilən insan H2O birləşməsinin niyə
benzinin deyil, məhz suyun kimyəvi əsası olduğunu soruşa bilər. Suyun onun kimyəvi
tərkibli əsasından ibarət olduğu kimi istənilən Q şüur fenomeni də neyronların
aktivliyini və funksional fəaliyyətini nəzərdə tutan əsasdan başqa bir şey
deyildir. Amma Ned Blokun fikrincə, yuxarıdakı sualların cavablandırılmasında
və ümumiyyətlə, şüurun mürəkkəb probleminə yanaşmada çıxış nöqtəsi kimi Jaksonun məşhur “Meri”
nümunəsini götürə bilərik. (4, 127-136) Bu nümunəyə əsasən uzaq gələcəkdə
qara və ağ rənglərdən ibarət olan otaqda böyümüş və neyronlar üzrə alim olan
Meri rənglər və onun beyində yaratdığı obraz barəsində hər bir şeyi elmi cəhətdən
izah edə bilir. Amm ilk dəfə o, otaqdan kənara çıxarkən və hər hansı qırmızı rəngli
obyekt ilə qarşılaşarkən əyani olaraq qırmızı rəngin nə demək olması barəsində
yeni təcrübə qazanır. Jaksonun fikrincə, məhz axırıncı qəbildən olan təcrübəni
elmi faktlar ilə izah etmək mümkün deyil və deməli, dualizm doğrudur.
Yuxarıdakı “Meri” nümunəsinə Anqlo-Amerikan fəlsəfəsində
90-cı illərdən etibarən müxtəli əks arqumentlər irəli sürülür. (6, 81-108; 11,
706-725). Bu arqumentləri ümumiləşdirsək, şüurun mürəkkəb problemi ətrafında hər
hansı oyektin əlaməti ilə həmin əlamət barəsindəki anlayışı bir-birindən fərqləndirməli
oluruq.
Məlum olduğu kimi, anlayış fikir prosesində ətraf
mühitin hər hansı obyektinin beyində obrazının yaradılması prosesidir.
Anlayışları həm də fikir prosesinin gedişatında şərh edilmiş simvollar da
adlandırmaq olar. Anlayışın belə izahı geniş yayılmış digər fəlsəfi yanaşma –
anlayışların obyektləri mənalandırma prosesinə daxil edilməsi ilə ziddiyyət təşkil
edir. Bu mənada ixtiyari X və Y eyni anlayışlar sinfinin elementi olması üçün
onlar eyni kateqoriyadan olan obyektlər sinfini ifadə etməli və eyni mənaya
malik olmalıdır. Amma “su” və “H2O” eyni obyektin müxtəlif aspektlərini ifadə
edir və müxtəlif mənaları ğn plana çəkir. Beləliklə, məntiqi baxımdan su anlayışı
və H2O anlayışı bir-birindən fərqlidir. Bu kontekstdə bizim təcrübi
anlayışımız (experiential concept) linqvistik anlayışdan (linguistic concept) fərqlənir.
Təcrübi anlayış məsələn, qırmızı rəng barəsində hər hansı fenomenal vəziyyəti,
fenomenal düşüncəni, mental obrazı və ya qırmızı rəngi tanımaq bacarığını
ehtiva edir.
“Meri” nümunəsində Meri müxtəlif anlayışlar vasitəsilə
artıq öyrənmiş olduğu anlayışın yeni əlaməti ilə tanış olur. O, otaqda olarkən
müxtəlif elmi anlayışlar vasitəsilə qırmızı rəng barəsndə artıq subyektiv təcrübə
qazanmışdır. Amma otağı tərk edəndən sonra o, eyni anlayış barəsində həm də
fenomenal təcrübə qazanır. Nəticədə o, yeni fakt öyrənmir. Onun beynində köhnə
fakta aid yeni anlayış formalaşır. Başqa sözlə, o, artıq nəzəri baxımdan
qırmızı rəngi görməyin nə olduğunu bilirdi. Eyni zamanda o, artıq nəzəri
baxımdan qırmızı rəngli hər hansı obyekt ilə qarşılaşarkən beyində hansı
proseslərin baş verdiyini bilirdi. Onun öyrəndiyi yeni şey təcrübi olaraq
beyində qırmızı rəngin fenomenal obrazının formalaşmasıdır.
Fərz edək ki, “Meri” nümunəsi şüur-vücud
eyniliyinin (mind-body identity) mümkün olmaması üçün əsaslı arqumentdir. Belə
ki, birinci şəxsin subyektiv əlamətləri üçüncü şəxsin beynində formalaşan
obyektiv əlamətləri ilə eyni ola bilməz. Amma anlayışların və onların əlamətlərinin
fərqləndirilməsi bizə subyektiv və obyektiv olanın fərqləndirilməsinin müxtəlif
əlamətlər arasında deyil, müxtəlif anlayışlar arasındakı fərq ilə izah etməyə
imkan verir. Subyektiv anlayışın və obyektiv anlayışın hər hansı eyni əlaməti
ehtiva edə bilməməsi üçün heç bir səbəb yoxdur. Beləliklə, biz əlamətlər
arasındakı dualzimi anlayışlar arasındakı dualizmi ilə əvəz edə bilirik.
Anlayışların və onların əlamətlərinin fərqləndirilməsi
şüurun mürəkkəb probleminin izahı istiqamətində fərqli bir istiqamət təklif
edir. Şüurun izahında olan boşluq dualizmdən daha çox qeyri-adekvat
anlayışlardan istifadə nəticəsində meydana çıxır. Biz istiliyin nə üçün
molekullar arasındakı kinetik enerji nəticəsində meydana gəldiyini anlamayan
Sokrataqədərki dövrün insanlarına bənzəyirik, çünki o dövrün insanlarının
beynində onu izah etmək üçün zəruri olan anlayışlar hələ formalaşmamışdır. (Məlum
olduğu kimi, 17-ci əsrə kimi istilik temperaturdan aydın şəkildə fərqləndirilmirdi.)
Hər iki prosesi səbəb-nəticə kontekstində izah etmək üçün həm istilik, həm də
kinetik enerji anlayışları aydın şəkildə insan beynində formalaşmalıdır. Bu mənada
şüurun mürəkkəb probleminin izahı zamanı əsas sual yaradan məqam şüurun indiki
izahı zamanı fiziki anlayışların necə fenomenal əlamət daşıya bilməsidir.
Müasir Anqlo-Amerikan fəlsəfəsi şüur probleminə
yanaşmada onun üç anlayışı fərqləndirirlər. İlk iki anlayış artıq nəzərdən
keçirdiyimiz fenomenal şüur və refleksiv şüurdur. Axırıncı anlayış isə insan
beynində altşüurda qorunan informasiyalara “qlobal giriş” (global
accessibility) adlanır və mahiyyət etibarilə altşüurda gizli qalan
informasiyanın şüur sferasına necə daxil olması üzərində olan məsələləri əhatə
edir. Amma istənilən halda şüurun mürəkkəb problemi yalnız fenomenal şüur
anlayışı ilə bağlıdır, lakin bununla yanaşı insan beynində gizli qalan
informasiyalara qlobal girişin necə reallaşmasını da əhatə edir. Təəssüf edici
fakt isə müxtəlif elmlər – psixologiya, nevrologiya və s. çərçivəsində
şüur ilə əlaqədar olan empirik tədqiqatların əsasən refleksiv şüur üzərində cəmləşməsi,
digər iki anlayışın isə empirik cəhətdən tədqiqatının istənilən dərəcədə uğur
qazanmamasıdır.
Müəllif: Elmar Hussein
Bakı Dövlət Universiteti, fəlsəfə müəllimi
Ədəbiyyat
1. Chalmers, D. “The Conscious Mind”, Oxford
University Press, 1996
2. Dennett, Daniel. “On the absence of
Phenomenology” // Body: Mind and Method. Essays in Honor of Virgil Aldrich.
Reidel. 1979
3. Dennett, Daniel. “Consciousness Explained”,
Boston: Little Brown. 1991
4. Jackson, Frank. “Epiphenomenal Qualia” //
Philosophical Studies 32, 1982
5. Levine, J. “Materialism and qualia: the
explanatory gap” // Pacific Philosophical Quarterly 64: 1983
6. Loar, Brian. “Phenomenal States” //
Philosophical Perspectives 4, Action Theory and Philosophy of Mind, 1990
7. Louann Brizendine. “The Female Brain”, New York:
Broadway Books, 2006
8. Ned Block. “Consciousness, Philosophical Issues
about” // The Encyclopedia of Cognitive Science, New York University Press,
2000
9. Ned Block and Stalnaker Robert. “Conceptual
Analysis and the Explanatory Gap” // The Philosophical Review, January 1999
10. Rey, Georges. “Contemporary Philosophy of
Mind”, Blackwell: Oxford. 1997
11. Tye, Michael. “Phenomenal Consciousness: The
Explanatory Gap as a Cognitive Illusion”, Mind 108, 1999
Yorumlar
Yorum Gönder