1. Fəlsəfə
ilk əvvəldən bəri dəqiq elmdir, həm də ən yüksək nəzəri ehtiyacları
qarşılayacaq və etik-dini baxımdan saf ağıl normaları tərəfindən nizamlanmış həyatı
mümkün edəcək bir elm olmaq iddiasındadır. Bu iddia bəzən daha böyük, bəzən də
daha kiçik bir güclə irəli sürülmüşdü, amma heç bir zaman tərk edilməmişdi: saf
nəzəriyyəyə olan marağın və baca-rıqların itirilmə təhlükəsi keçirdiyi
və ya dini güclərin nəzəri araşdırma azadlığını əngəllədiyi zamanlarda belə.
və ya dini güclərin nəzəri araşdırma azadlığını əngəllədiyi zamanlarda belə.
2. Fəlsəfə
öz inkişafının heç bir dövründə bu dəqiq elm olmaq iddiasını yerinə yetirmədi:
hətta fəlsəfi çığırların bütün fərqliliklərinə və ziddiyyətlərinə rəğmən
Renessansdan bu günə qədər gələn, mahiyyəti etibarilə birlik göstərən inkişaf
cizgisinin son dövrlərində belə. Həqiqətən də, çağdaş fəlsəfədə hakim olan
anlayış, onun özünü saf bir şəkildə fəlsəfi motivlərə təslim etmək yerinə, daha
çox tənqidi düşüncə vasitəsilə metod məsələsində hər zaman daha dərinə nüfuz edən
tədqiqatlarla dəqiq elm olaraq qurulmasıdır. Ancaq bu fəaliyyətlərin yeganə
yetişmiş meyvəsi dəqiq təbiət və insan elmlərinin, eyni şəkildə də yeni saf
riyazi fənnlərin (disziplinen)
qurulması və müstəqilliklərini qazanması oldu. Lakin ancaq indi fərqliləşən xüsusi
mənası ilə fəlsəfənin özü daha əvvəl olduğu kimi yenə də dəqiq elm olmaq
xüsusiyyətindən məhrumdur. Bu fərqliləşmiş mənası belə elmi baxımdan güvənə biləcəyimiz
bir tərifdən (bestimmung -determinasion) uzaq qalırdı. Fəlsəfənin
təbiət və humanitar elmlər (geisteswissenschaft[1]) qarşısındakı
vəziyyətinin necə olduğu, onun təbiət və humanitar elmlərlə təməldə şübhəsiz əlaqəli
olan özünəməxsus işinin, qanuni yeni davranışlar – təməldə özünəməxsus məqsədlər
və metodlar gərəkdirən yeni davranışlar – gərəkdirib gərəkdirmədiyi, beləliklə
də fəlsəfi olanın, bizə yeni bir sfera gətirib gətirmədiyi və ya təbiətin və
humanitar həyatının təcrübi formaları ilə bir və eyni səviyyədə işləyib işləmədiyi
(sualları): bütün bunlar bu günə qədər mübahisəli qalmışdır. Bu göstərir ki, fəlsəfi
problemlərin əsl mənası belə hələ elmi açıqlığa qovuşdurulmuş deyildir.
3. Beləliklə
bütün elmlərin ən yüksəyi və dəqiqi olmağı hədəfləyən fəlsəfə insanlığın saf və
mütləq biliklə əlaqədar əl çəkə bilmədiyi iddiasını (və bununla ayrılmaz bir şəkildə
bir olan saf və mütləq dəyərləri və istəməyi) təmsil edən fəlsəfə özünə həqiqi
elm formasını verə bilmədi. Vəzifəsi insanlığın əbədi işini öyrətmək olan bu müəllim
qısası obyektiv olaraq keçərli hesab edəcəyimiz bir tərzdə öyrətməyi bacara
bilmədi. Kant fəlsəfənin deyil, yalnız fəlsəfə ilə məşğul olmağın öyrənilə biləcəyini
deməyi sevirmiş. Bu fəlsəfənin elmi olmadığının etiraf edilməsindən başqa nədir
ki. Elm, həqiqi elm hara qədər gedə bilirsə, ancaq ora qədər və hər yerdə eyni
mənada öyrədilə bilər və öyrənilə bilər. Əlbəttə ki, heç bir yerdə elmi öyrənmə
yad bir məhsulun passiv bir formada alınması deyil: o hər yerdə şəxsin özü tərəfindən
səbəblərə və nəticələrə görə gerçəkləşdirilən bir fəaliyyətə, yaradıcı
insanlardan qazanılan ağıl qavrayışlarının bir daxili yenidən yaradılışının
istehsalına əsaslanır. Fəlsəfə öyrənilə bilməz, çünki burda belə obyektiv
olaraq qavranılmış və təməlləndirilmiş anlayışlar yoxdur, ya da burda – bununla
eyni şey demək olan – konseptual olaraq yaxşıca müəyyən edilmiş və mənaları
baxımından tamamilə açıqlığa qovuşdurulmuş problemlər, metodlar və nəzəriyyələr
yoxdur.
4. Mən
fəlsəfənin yetkin olmayan bir elm olduğunu demirəm, sadəcə deyirəm ki, o hələ
elm olaraq başlamayıb: və burda ölçü olaraq bir parça olsa belə obyektiv olaraq
təməlləndirilmiş bir nəzəri təlim məzmununu alıram. Bütün elmlər, hətta o göylərə
yüksəldilən təcrübi elmlər belə yetkin deyildir. Bunlar bir tərəfdən tam
deyildir: bilməyin motivini heç vaxt rahat buraxmayacaq açıq problemlərin
sonsuz üfüqü açıq qalmaqdadır: digər tərəfdən daha əvvəl inkişaf etdirilmiş təlimlərin
məzmununda belə növbənöv çatışmazlıqlar vardır, orda burda nəzəriyyə və sübutlarının
sistemli nizamında bir sıra bulanıqlıq və yetkinsizlik müşahidə olunur. Amma hər
zaman olduğu kimi yenə də bir təlim məzmunu, daima böyüyən və şaxələnərək
budaqlanan bir təlim məzmunu vardır. Riyaziyyat və təbiət elmlərinin obyektiv həqiqətindən,
başqa bir ifadə ilə onların heyran olunan nəzəriyyələrinin obyektiv təməlləndirilməsi
ehtimalından ağlı başında olan heç kəs şübhə duymaz. Orda – ümumi olaraq nəzərdən
keçirildiyində - şəxsi “qənaətlər”ə, “görüşlər”ə, “baxış bucaqları”na yer
yoxdur. Bir elmdə bu kimi şeylər olduğu müddətcə o elm o ölçüdə hələ elm
olmamışdır, formalaşmaqda olan bir elmdir və ümumi olaraq da ona bu gözlə
baxılır[2].
5. Demək
ki, fəlsəfənin yetkinsizliyi digər elmlərin bir az əvvəl qeyd olunan yetkinsizliyindən
tamamilə fərqli növdəndir. O yalnız, tam olmayan və yalnız tək tək nöqtələrdə
yetkin olmayan təlim sisteminə malik olmamaqla qalmır, demək olar ki, heç bir təlim
sisteminə malik deyil. Burda nə varsa, hər şey mübahisəlidir, hər mövqe şəxsi qənaət,
məktəbin şərhi, “baxış bucağı” məsələsidir.
6. Fəlsəfənin
elmi dünya ədəbiyyatının köhnə və yeni çağlarda bizə layihə olaraq təqdim
etdikləri, tutaq ki, ciddi, hətta çox böyük bir humanitar fəaliyyətə əsaslanır
və bundan əlavə, tutaq ki, gələcəkdə qurulacaq elmi olaraq dəqiq təlim sistemləri
üçün bir ilkin fəaliyyətdir: amma bunlarda bu an üçün fəlsəfi elmin təməli
olaraq qəbul ediləcək bir şey yoxdur və ondan, belə demək mümkündürsə, tənqid
qayçısı ilə orasından burasından bir fəlsəfi təlim parçası kəsib götürmək
şansımız yoxdur.
7. Bu
qənaəti məhz bu nöqtədə fəlsəfənin önəmli bir inqilabını rəsmiləşdirmək və fəlsəfənin
gələcəkdəki “sistem”inə yer açmaq istəyən “Logos”un ilk sayında yenidən, dəqiq
və dürüst bir şəkildə dilə gətirmək gərəklidir.
8. Çünki
indiyə qədərki bütün fəlsəfənin elmi olmamasının bu kəskin vurğulanması ilə
ağıla dərhal fəlsəfənin eyni şəkildə davam edərək dəqiq elm olmaq məqsədində
israr edib etməyəcəyi, bunu istəyib istəməyəcəyi və istəmək məcburiyyətində
olub olmaması sualı gəlir. Bu yeni “inqilab” bizim üçün nə demək ola bilər? Yoxsa dəqiq elm ideyasından əl çəkilməsidirmi?
Və tədqiqat işimizi apardığımız müddətdə önümüzdə bir ideal olaraq işıldaması
gözlənilən darıxdığımız bu “sistem” bizim üçün nə demək ola bilər? ənənəvi mənada
bir fəlsəfə sistemimi, - sonrakı çağlarda başqa Minevralarla birlikdə tarixin səssiz
muzeyində gizlənmək üçün demək olar ki, yaradıcı dahinin başından yetkin və tam
təhcizatlı formada sıçramış Minevra kimi bir fəlsəfə sistemi mi olacaq? Yoxsa nəsillər
boyu davam edən böyük hazırlıq fəaliyyətlərindən sonra döşəmədən yuxarıya doğru
hər cür şübhədən uzaq təməllə gerçəkdən başlayan və hər biri digəri qədər
sağlam daşın daş üstünə qoyulduğu, ustaca tikilmiş hər konstruksiya kimi
istiqamətləndirici qavrayışlara görə yüksələn bir fəlsəfi təlim sistemi mi
olacaq? Bu sualla düşüncələrin də, yolların da bir birindən ayrılması lazımdır.
9. Fəlsəfənin
irəliləməsində müəyyənedici olan “inqilablar” əvvəlki fəlsəfələrin elm olmaq
iddiasının onların gerçək olmayan elmi irəliləyişlərinin tənqidi ilə yıxılan
inqilablardır: istiqamətləndirən və işlərin nizmını müəyyən edən istək də, dəqiq
elm mənasında fəlsəfəyə kökdən yeni bir forma verməklə əlaqəli tam şüurlu istəkdir.
Fəlsəfi təlimin yeni bir formasını qurmağa girişmək üçün bütün düşünmə enerjisi
ən başda indiyə qədərki fəlsəfədə saf şəkildə gözardı edilən və yanlış
anlaşılmış dəqiq elm olmaq şərtlərini, sistemli müzakirələrlə qərarlı bir şəkildə
açıqlığa qobvuşdurmağa fokuslanırdı. Fəlsəfədə Sokrat-Platon inqilabına olduğu
kimi yeni çağın əvvəllərindəki
sxolastikaya qarşı elmi reaksiyalara, xüsusilə də Dekartçı inqilaba bu cür tam
şüurlu dəqiq elm olmaq istəyi hakim idi. Onun təkan verici gücü XVII və XVIII əsrlərin
böyük fəlsəfələrinə keçir, Kantın ağılın tənqidində özünü son dərəcə güclü şəkildə
yeniləyir və Fixtenin fəlsəfə metodu da onun təsiri altındadır. Araşdırma, təkrar
təkrar həqiqi başlanğıclara, problemlərin qərarlı bir şəkildə dilə gətirilməsinə,
düzgün metodlara yönəlir.
10. İlk
olaraq romantik fəlsəfədə dəyişiklik ortaya çıxır. Hegel öz metodunun və təliminin
mütləq gerçəkliyində nə qədər israr etmiş olsa da, onun sistemi də fəlsəfədə
elmiliyi ən başda mümkün edən ağıl tənqidindən yoxsun idi. Bununla əlaqəli
olaraq da bu fəlsəfənin, ümumilikdə romantik fəlsəfənin də sonrakı dövrlərdə dəqiq
fəlsəfi elmi qurmaq motivini – istər zəifləmə, istərsə də korlanma mənasında
olsun, - təsir etmiş olduğu açıqdır.
11. Bu
sonuncu meyllə, yəni korlanma meyilinə gəldiyimizdə bilindiyi kimi təcrübi elmlərin
güc qazanması ilə Hegelçilik reaksiyalara səbəb oldu: bunun nəticəsi olaraq da
XVIII əsrin naturalizmi əzici bir sürət qazandı və bütün mütləq ideallıqdan və
obyektivlikdən əl çəkən skeptikliyi ilə son dövrlərin dünyagörüşünü və fəlsəfəsini
böyük ölçüdə müəyyən etdi.
12. Digər
tərəfdən fəlsəfi elm motivinin zəfilədilməsi mənasında Hegelçi fəlsəfə hər fəlsəfənin
öz çağına görə nisbi haqlılığı təlimi ilə dolayı nəticələr yaratdı – bu elə bir
təlim idi ki, heç şübhəsiz, mütləq keçərlilik iddia edən Hegel sistemi içərisində
Hegel fəlsəfəsinə inanclarını itirməklə, təməldə bir mütləq fəlsəfəyə olan
inanclarını da itirən nəsillər tərəfindən qəbul edilən tarixi mənadan tamamilə
fərqli bir mənası var idi. Beləliklə, Hegelin metafizik tarix fəlsəfəsinin
skeptik bir tarixçiliyə çevrilməsi ilə bu günki zamanımızda sürətlə yayılırmış
kimi görünən özü onsuzda çox vaxt naturalizmə əks, bəzən də hətta tarixçiliyə əks
olan polemikası ilə skeptik olmaq istəməyən “dünyagörüş fəlsəfəsi”nin ortaya
çıxışı önəmli dərəcədə müəyyən edilmiş oldu. Amma bu fəlsəfədə - ən azından etməyi
planlaşdırdığında və fəaliyyətində - Kanta qədər yeni çağ fəlsəfəsinin əsas
xarakteristikasını təşkil edən elmi təlim olmaq mövzusundakı radikal istəyin
artıq hakim olmadığına baxılarsa, fəlsəfi elm motivinin zəifləməsi ilə əlaqədar
dediklərim xüsusilə onunla bağlıdır.
13. Aşağıdakı
ətraflı açıqlamalar insan mədəniyyətinin ən yüksək faydasının bir dəqiq fəlsəfi
elmin formalaşdırılmasını gərəkdirdiyi, beləliklə də əgər çağımızda bir fəlsəfi
inqilab haqlı görüləcəksə, bunun mütləq dəqiq elm mənasında fəlsəfənin yeni təməlləndirilməsi
məqsədi ilə dolub daşması gərəkdiyi düşüncəsinə əsaslanır. Bu məqsəd çağımıza
heç də yad deyil. O, hakim olan naturalizmin içərisində canlı şəkildə durur.
Naturalizm başlanğıcdan bəri və bütün qərarlılığı ilə fəlsəfədə dəqiq elmi reform
düşüncəsinin arxasınca qaçır: hətta əvvəlki və modern formaları ilə də hər
zaman bunu çoxdan gerçəkləşdirdiyinə inanır. lakin bütün bunlar prinsipial
mövqedən baxıldığında, həm nəzəri baxımdan təməldən uğursuz bir formada gerçəkləşir,
həm də praktiki baxımdan mədəniyyətimiz üçün böyüyən bir təhlükə mənasına gəlir.
Naturalist fəlsəfəni tənqid etmək bu gün önəmli bir mövzudur. Yalnız nəticələrdən
çıxış edən çürüdücü tənqidləri qarşısında təməllərin və metodların pozitiv tənqidinə
xüsusilə ehtiyac var. Elmi bir fəlsəfənin mümkünlüyünə duyulan və təcrübi elmin
üzərində qurulmuş olan naturalizmin mənasız nəticələrinin biliyi tərəfindən təhdid
edilən güvənin sarsılmamasını yalnız belə bir tənqid təmin edə bilər. Bu tədqiqatın
ilk bölümündəki açıqlamalar bu cür pozitiv bir tənqidə xidmət edir.
Amma
çağımızın diqqətə alınması lazım olan inqilabına gəldiyimizdə, halbuki ki, o öz
mahiyyəti etibarilə naturalizmə qarşıdır, - və bunda da haqlıdır – lakin tarixçiliyin
təsiri altında elmi fəlsəfə çizgisindən çıxmış və təkcə dünyagörüş fəlsəfəsinə
çatmağı istəyən kimi görünür. İkinci bölüm bu hər iki fəlsəfənin fərqlərinin prinsipləri
baxımından müzakirə edilməsinə və nisbi haqlılıqlarının gözdən keçirilməsinə
ayrılmışdır.
[1] Tarix, psixologiya,
sosiologiya, antropologiya və fəlsəfəni birləşdirən elmlər, türcəsi tin bilimleri
[2] Aydındır
ki, burda mən riyaziyyatdakı və təbiət fəlsəfəsindəki mübahisəli fəlsəfi
problemləri düşünmürəm: bunlar yaxından baxıldığında yalnız təliminin məzmununun
tək tək nöqtələri ilə deyil , haqqında danışdığımız fənnlərin ümumi elmi
uğurlarının “mənası” ilə bağlıdır. Bunlar, bu elmlərin təmsilçilərinin çoxu
üçün də elə də önəmli olmadıqlarına baxılarsa, fənnlərin özlərindən ayrı tutula
bilərlər və tutulmalıdırlar. Bütün elmlərin adları ilə əlaqəli olaraq fəlsəfə
sözü bəlkə də onların hamısına demək
olar ki , yeni bir ölçü (dimension),
beləliklə də son bir tamlıq verən bir tədqiqt növü mənasına gəlir. Amma bu mənada
ölçü sözü eyni zamanda başqa bir şeyə də işarə edir: bu yeni ölçüdə hələ
çatılmamış ola belə dəqiq elm elm olaraq qalır, təlimin məzmunu da təlimin məzmunu
olaraq qalır.
Mətnin almanca orjinalı 1911-ci ilin martında "Logos. Internationale Zeitschrift für Philosophie der Kultur" dərgisində (I, səh. 289-341) yayımlanmışdır. Tərcümə mətnin almanca nüsxəsi Felix Meiner Verlag, Hamburg, 2009, p. 3-9 (von Eduard Marbach) və türcə tərcümə edilmiş nüsxəsi Türkiye Felsefe Kurumu, 2007, səh 7-13 (tərc. Abdullah Kaygı) əsasında hazırlanmışdır.
Tərcümə edən: Araz Əliyev
Yorumlar
Yorum Gönder