"Ümid paradoksu" - Erix Fromm

   Məsih anlayışının Əhdi-Ətiqdən sonrakı inkişafını nəzərdən keçirərkən ümidin təhlükəli bir şəkildə partlama yaşadığının şahidi olduq, bu cür situasiyalar ümumiyyətlə saxta bir məsihə kor-koranə inanılmasına gətirib çıxarmışdır. Bilik və hikmət sahibi insanlar arasındakı ən böyük humanistlərdən biri olan R. Akiba belə özünü saxta bir ümidin cazibəsinə
qapılmaqdan qurtara bilməmişdir. Sabbatay Zevinin xəyanətindən sonra belə bir çox insan onun bir saxtakar olduğunu qəbul edə bilməmişdir.
   Yəhudilər yüzillər boyunca bir çox iqtisadi və sosial çətinliklə qarşılamışlar, bir məsihin gəlməsi üçün niyə bu qədər səbirsizləndiklərini və bunu böyük bir maraqla arzuladıqlarını anlamaq çətin bir şey deyildir. Ancaq bu mövzuda uğradıqları xəyal qırırlıqları da bir şəxsin ümid və arzularının ardınca qaçmağın riski haqqında onları bilikləndirmişdir. Xaxam ədəbiyyatında “məsihin gəlməyə məcbur edilməsi” mövzusunda bir çox xəbərdarlıq yer alır və bu xəbərdarlıqlar təkrarlanır. Məsihin aparılan müxtəlif hesablamalara görə müəyyən bir tarixdə gələcəyinin təxmin edilməsinə qarşı bir çox xəbərdarlıq vardır və bu xəbərdarlıqlar təkrarlanır. R. Jose bu mövzuda bunları deyir: “Bir məsihin gələcəyinə hökm edən insanın başına axirətdə ən şiddətli cəzadan başqa bir aqibətin gəlmə ehtimalı yoxdur”. “R. Samuel ben Nahman Jonathan üçün, ‘Məsihin gəliş gününü hesablayanların sümüklərinə lənət olsun’ deyir. Zira onlar, zamanı gəlib də məsih hələ gəlməmişsə, onun heç bir zaman gəlməyəcəyini irəli sürərlər. Ancaq bu vəziyyətdə belə yazılmış olduğu kimi ‘gecikmiş olsa belə onu gözləməyə davam edin’”
   Bu deyim Talmudçu davranışı son dərəcə açıq şəkildə ifadə edir: “Məsih heç bir zaman məcbur edilməməli, ancaq hər zaman gələ biləcəyi ümid edilməlidir. Göstərilməli olan münasibət hədsiz dərəcədə səbirsizlik ya da passiv bir gözləmə deyil, dinamik bir ümiddir".
   Əslində bu ümid bir paradoks ehtiva edir. Qurtuluşun dərhal, indi gerçəkləşəcəyini görən bir davranış olduğu kimi, onun bəlkə də bir insanın ömrü boyunca hətta bir neçə nəsil sonra belə gerçəkləşməyə biləcəyi gerçəyini də qəbul edir. Bütün paradokslar kimi, ümidin bu paradoksunu qəbul etmək də asan bir şey deyildir. Təbii olan meyl paradoksun bir-birilə ziddiyyət təşkil edən tərəflərini təhlil etməkdir. Ümidin burada və elə indicə gerçəkləşəcəyi gözləntisi olmadan gözləyiş passiv bir hala çevrilər, arzu edilən məqsəd irəli bir tarixə qədər təxirə salınaraq bütün gücünü itirir. Ümidin bu şəkildə passiv bir gözləntiyə çevrilməsi halı çox sayda dini və siyasi hərəkətdə qarşımıza çıxır. Etiqadı qüvvətli olan bir xristian üçün İsanın ikinci gəlişi hələ də ümid edilir. Ancaq xristianların çoxunun təcrübəsinə görə bu çox irəli bir tarixdə gerçəkləşəcək olan bir gözlənti halına çevrilmişdir. Babildə, ya da yirminci yüzilin əvvəllərində Almaniyada nisbi bir rahatlıq və rifah içində yaşayan Yəhudilər arasında da məsihin gəlişi ilə bağlı olaraq bənzər bir hal ortaya çıxmışdır. Ümid aktuallığını itirdiyi zaman yadlaşmağa başlayar. Gələcək tapındığım və boyun əydiyim bir tanrıça halına çevrilər. İnancım bir bütə, gələcək olan nəsillərə dönüşər. Ümidin özgələşməsi və gələcəyin büdləşdirilməsi hadisəsi Diderot və Robespierre’in düşüncələrində son dərəcə açıq şəkildə ifadə edilir. Bunun təsadüfi bir nümunəsi Robespierre’in Avstriya müharibəsi ilə bağlı olaraq Yakobin Klubunda etdiyi çıxışdır, çıxışını bu dua ilə bitirir:

 İnsanlığın şirin və həssas ümidi olan sevgili gənclik, siz bizə yad deyilsiniz; tiranlığın bütün zərbələrinə sizin üçün qəhrəmancasına sinə gəririk, acılarla dolu mübarizələrimizi sizin xoşbəxtliyiniz üçün aparırıq, ətrafımızı sarmış olan bütün əngəllərə rəğmən sizi təsəlli etmə ehtiyacını hiss edirik, mücadələmizi sizlər və insanoğlunun hələ doğulmamış olan nəsillərin taleyi üçün davam etdiririk!... Bizim yaddaşlarımızı qəsb etmiş olan saxtakar və aristokrat qəhrəmanların yerini sizin yaddaşlarınızda müstəqillik üçün mübarizə aparıb şəhid olmuş gerçək qəhramanlar alsın; ... İlk cavabınız xainləri alçaltmaq və tiranlardan nifrət etmək, düsturunuz; bədbəxt olanları qorumaq, onları sevmək və dəstəkləmək, təzyiq göstərənlərə qarşı davamlı şəkildə döyüşmək olsun! Ey gənclik, bərabərlik, ədalət və xoşbəxtliyə yol vermək üçün tələs.

   Robespierre’in gələcək nəsillərə bir növ tapınmağından, Stalinin sadəcə kiçik bir addımını məşhurlaşdırdığı Marksın təhrif olunmuş düşüncəsinə. Stalin üçün “tarixin qanunları” nədirsə Robespierre və Diderot üçün də “gələcək nəsillər” o anlama gəlirdi. Stalinin “Marksizmi” tarixin qanunları nəzəriyyəsini inkişaf etdirmişdir, bu qanunlar hər hansı bir hərəkətin doğru olub olmadığını və əxlaqi cəhətdən uyğun olub olmadığını müəyyənləşdirir. Tarixin qanunlarına siyasi olaraq uyğun olan bütün tədbirlər əxlaqi olaraq da təsdiqlənir, tarixin qanunlarına uyğun olmayan tədbirlərsə “mürtəce” və pisdir. On doqquzuncu yüzilin ortalarında Marks və Engels, 1917-1923-cü illər arasında Lenin, “Cənnət krallığının” böyük dünya inqilabının yaxınlaşdığına inanırdı.
   Böyük xəyal qırıqlığı nəticəsində həm dini, həm də siyasi mövzularda ortaya çıxan şeylər bir-birinə bənzəyir. Gözlənilən qurtuluş gerçəkləşmədikdə daha sonra gerçəkləşməsi ümidi açıq olaraq rədd edilməməklə birlikdə, qurtuluşun keçici mənada reallaşmış olduğu hesab edilir. Bu anlaşılmazlıqla birlikdə özü qurtuluşun daşıyıcısı olan bir təşkilat inşa edilməyə başlanmışdır. Xristianlığın inkişafında kilsə qurtuluşun vasitəsi halına gəlir, İsanın ikinci gəlişi bütövlükdə insanoğlunu təsirləndirməklə yanaşı kilsəyə bağlanan insanlar bu bağlılıq sayəsində fərdi şəkildə qurtuluşa nail olmuşlar. Leninin gözləntisi gerçəkləşmədikdə Stalinin  başçılığı altındakı Kommunist Partiya böyük təkamülü irəlicədən gördüyünü, partiya üzvü olmağın gerçəkləşməyən ümidin yerini aldığını iddia etmişdir. Ən sonunda da partiya belə bir şey reallaşmış olmasa da sosializmin gerçəkləşmiş olduğunu iddia etmək məcburiyyətində qalmışdır.
   “Ümid paradoksunun” mövqeyi bir “inanc” paradoksudur. Bu inanc hələ reallaşmamış olsa da, gerçəkləşəcəyi ilə bağlı hər hansı bir dəlil tapılmasa da, məqsədin daxili təcrübəsinə söykənmək mənasına gəlir. Belə bir inancın sadəcə “gözləyən və görən” bir izləyicidə tapılması heç bir zaman mümkün deyildir. Bu inanc yalnız bütün enerjisini məqsədə doğru istiqamətləndirmiş olan və inancı idealın canlanması gerçəyindən asılı olmayan insanlar üçün mümkündür. Bu səbəbdən inanc sahibi insanlar üçün məğlubiyyət inanclarının etibarsız olduğunun sübutu deyil, zəfər də məğlubiyyətin maskası olaraq istifadə oluna biləcəyi üçün hər zaman şübhə ilə yanaşılması lazım olan bir şeydir. Bu ümid paradoksu anlayışı Mişnada kiçik bir açıqlamada belə ifadə edilir: “Vəzifəni sonlandırmaq sənə bağlı deyil, ancaq ondan yayınmaq kimi bir haqqın da vardır”.

Tərcümə edən: Könül Bəndiyeva
Mənbə: Erix Fromm, "Tanrılar kimi olacaqsınız"

Yorumlar