"Detektiv kitabları niyə sevirəm?" - Rövşən Nəzərov


Bu yazıma ümumi bir giriş edim və deyim ki, burada niyə detektivləri sevdiyimi və ümumiyyətlə detektiv kitablarında olan bir çox maraqlı xüsusiyyətlərdən danışacam. Eləcə də, detektivlərlə təzə başlayanlara məsləhət verəcəm və artıq oxuyanların da faydalana biləcəyi bəzi yazarların adlarını çəkəcəm. Hansı yazıçıları oxumalı, hansılarından isə yayınmalıyıq?
Niyə məhz detektiv? (bu mövzuda ekspert olmadığm üçün bəzi məsələlərdə taftalogiyaya yol verəcəm)
“Detektiv” sözü eyni zamanda latın dilindən olan “detectio” sözündən “ifşa etmə” və ingilis dilinə də keçmiş “detect” sözündən (mənası “aşkar etmək”) meydana gəlib. Sadəcə olaraq detektiv özü də xəfiyyə deməkdir. Elə bu kitabların da əsas kökü buradan gəlib. Qısaca ifadə etsək. hər hansı bir sirli cinayət hadisəsi baş verir (əsasən qətl) və bunu araşdıran detektiv bir personaj sirri ortaya çıxarmaq istəyir. Bu qaydanı ümumi olaraq səsləndirirəm, amma çox detektiv oxumuş şəxslər mənimlə razılaşmaz, çünki elə olur ki, heç cinayət hadisəsi baş vermir və ya heç sirli bir şey olmur ortada. Bunlara aid misalları irəlidə detektivlərin tiplərindən danışanda verəcəm. Hələlik isə deyim ki, ilk detektiv kitabı Edqar Allan Ponun “Morq küçəsində qətl” kiçik həcmli hekayəsi hesab olunur. Bu barədə çox müzakirələr var, amma sualın əsl cavabı nə olur olsun, yazımda ilk məsləhət görəcəyim kitab da budur. Xüsusən də detektivlərlə yeni tanışlığa başlamısınızsa və istəyirdinizsə bu kitab sizə başqalarını da oxumağa həvəsləndirə bilər. Kitab həm kiçik həcmlidir, həm də çox maraqlı. Mən bu kitabı ilk dəfə telefondan PDF fayl kimi oxumuşdurm və elə bir eyforiyada idim ki, hər adama o kitabı məsləhət görürdüm.  Faylı telefonumda saxlayıb, hər adama istəyənə istəməyənə kitabı göndərirdim. Bir, əgər gec oxuyansınızsa iki gecə yuxuya dalana kimi oxuya biləcəyiniz kitabdır. Sonluuğunun necə olacağını demirəm. amma sırf sonluğuna görə oxumağa dəyər.
Bu kitabda ilk dəfə oxucu onun bu kitabında və sonrakı bəzi müxtəlif əsərlərində iştirak edəcək detektiv obrazla Ogüst Düpenlə tanış olur. Ümumiyyətlə Edqar Allan Ponun digər əsərlərini də oxumağı, həyatı ilə maraqlanmağı və əgər ingiliscə bilirsinizsə orijinal dildə şeirlərini oxumağı məsləhət görürəm. Təkcə detektivlərinə görə demirəm, Po ümumiyyətlə çox gözəl yazıçıdır.
Bundan əvvəl də detektiv kitablarına kimi inkişaf yolları və onun formalaşması izini aydın sezmək olar. Məsələn, formalaşma tarixində ilk kitablardan biri Sofoklun “Tiran Edip” kitabıdır. Orada detektiv olmasa da, analitik nəticələrə və faktlarla əsasən olmasa da müəyyən bir obraz qatil axtarır. Eləcə də Heredotun qələmə aldığı “Rampsinit və oğru” əfsanəsində də, “1001 gecə”-nin bəzi yerlərində də detektivlik xüsusiyyətlərinə xas olan əlamətlərə rast gəlmək olar. (yazı daha da uzun olmasın deyə, çox misal çəkmirəm və bir-bir hər adını çəkdiyim kitabda harada yazıldığını demirəm)
Eləcə də, Çində də detektivlərə daha yaxın olan, amma yenə də tam detektiv olmayan tam fəqli bir axın “qunan syaoşo” tərcümədə “nəsrdə məhkəmə” yaranmışdı. Əhvalatlar məhkəmədə hakimə danışılır və o detektiv rolunu oynamır. Burada hakimlər detektivləri əvəz edirdi. Məsələn oradan ən məşhur “detektiv” obrazlardan biri “Hakim Bao” (açar söz: Judge Bao) idi. Bundan əlavə niderlandlı şərqşünas, diplomat, musiqiçi və yazıçı Robert van Gulik “Hakim Di” haqda kitablarını tərcümə və adaptasiya etdirmişdir. Onun fikrincə, “nəsrdə məhkəmə”  ilə avropa detektivləri arasında əsas fərq bundan ibarətdir: (20-ci əsrin ortalarına kimi olan ədəbiyyat nümunələrini müqayisə edir.)
1.                      Detektiv obrazı bir qayda olaraq bir-biri ilə əlaqəli olmayan işlərdə eyni anda iştirak edən yerli hakimdir;

2.                      Cinayətkar əvvəldən məlumdur və onun niyyətləri və cinayətləri dəqiq izah olunur və bununla da "tapmacanın" əvəzinə tərs dedektiv hekayəsi yaranır;
3.                      Cinayətlərin araşdırılmasında hakim çox vaxt o biri dünyadakı qüvvələrin köməyinə (qatili göstərə biləcək ölülərin ruhlarına) müraciət edir.
4.                      Əhvalatlar fəlsəfi düşüncələrlə, rəsmi sənədlərin mətnləri ilə və başqa göndərmələrlə doludur.
5.                      Əsərlərdə bir qayda olaraq personajların sayına diqqət edilmir və sayları yüzə qədər çata bilir və hər birinin baş obrazla olan münasibətləri açılır.
Dostayevskinin “Cinayət və cəza”, “Karamazov qardaşları” əsərlərinə baxsaq orada da detektiv fabulası ilə rastlaraşarıq. Eləcə də Viktor Hüqonun “Səfillər”  epopeyasına diqqət yetirsək orada da həbsxanadan qaçmış cinayətkarın axtarıldığı elementini sezə bilərik. Bu əsərlər detektiv kitabları kimi məşhur olmasa da artıq yazılmağa başlayan dövrdə, yəni 19-cu əsrin ikinci yarısındasında yazılıb. Bu dövrdə hələ detektiv kitablarının dəqiq sərhədləri müəyyən olunmamışdı.
Ümumiyyətlə, biz detektivləri niyə sevirik? Detektivlər ən çox oxunan kitablar siyahısındadır və bunun həm bioloji, həm də psixoloji səsəbləri olmalıdır. Bunun müxtəlif səbəbləri var, amma mənim sezdiyim əsas səbəblər bunlardır:
Ø     Birinci səbəb “sirr”dir. Hər bir yazıçı detektiv kitabında bizə tapmalı olduğumuz tapmaca verir. İnsan isə təbiətcə maraqlanan canlıdır və onun inkişafına səbəb olan xüsusiyyətlərdən biri də elə budur. Yazıçı isə tapmacanı elə verməlidir ki, həm onun həllinin məntiqi izahı olsun, həm də oxucunun da onu tapmaq imkanı olsun.
Ø     İkinci səbəb oxucunun qan istəyidir. Ona görə də yazıçı müxtəlif üsullardan istifadə edərək oxucunun marağını cəlb edir. Hər dəfə detektivin tapdığı sıravi qatil oxucuya maraqsız gələcək, amma bir dəfə xüsusi amansızlıqla öldürən qatil, başqa bir dəfə seriyalı qatil və s. üsullarla oxucunun marağını saxlamaq olar. Hər yazıçı bir üsuldan istifadə edir, mən isə bu üsullardan birini dedim.
Ø     Üçüncü səbəb isə, baş obraz olan xəfiyyə obrazıdır. O, ağıllı, xarizmatik, məntiqli, izlənməsi maraqlı olan və fanatı olmaq istəyəcəyin biri olmalıdır. Məsələn, Artur Konan Doylun yaratdığı “Şerlok Holms” kimi.  Burada mən demirəm ki, yaxşı insan olmalıdır və hamıya ancaq kömək etməlidir, yox sadəcə insan olmalıdır. Yəni personaj kimi üzərində yaxşı işlənməlidir. Məsələn, Jö Nesbonun yaratdığı “Harri Hole” obrazı kimi. 


Detektivin formalaşmasında və məşhurlaşmasında əsas rolu olan yazıçı isə, məhz Artur Konan Doyl olmuşdur. Onun əsərləri dünyanın çox yerində oxunur və ümumiyyətlə detektiv deyəndə ağıla ilk gələn şəxs odur. Həqiqətən də yaxşı yazıçıdır. O tarixə ədəbiyyatın klassik dövründə detektiv kitablarının formalaşmasınsa əvəzsiz qatqısı olduğu üçün düşmüşdür. Doyl məşhur detektiv “Şerlok Holms”-un yaradıcısıdır. Onun əsərləri bütün dünyada məşhurlaşmağına və yazıçıya pul və şöhrət gətirməyinə baxmayaraq, Doyl ömrünün sonuna kimi Holms haqda yazdığı kitablara, ümumiyyətlə, yaratdığı obraza nifrət etmişdir. Bunun səbəbi çoxdur. Ən böyük səbəblərdən biri özündən çox obrazının tanınmasıdır. Onu yazıçı kimi yox “Şerlok Holms haqda kitab yazan” kimi tanıyırdılar...
Günü bu güc Artur Konan Doylu daha az adam tanıyır. Bunun bir səbəbi elə onun o qədər möhtəşəm kitab yazmasıdırsa, başqa bir səbəbi də Şerlok Holms haqda çəkilən ekranizasiyaların ondan daha məşhur olmasıdır. Təkcə film, serial, cizgi filmi və s. yox həm də onun haqda onlarla başqa yazıçı da kitablar yazıb. Bütün bu faktorlar Doylun yaddan çıxıb obrazının yadda qalmasına səbəb olmuşdu. Artur Konan Doyl çox maraqlı şəxs olmasına və onun həyatı haqda araşdırmağı, həm detektiv, həm də detektiv olmayan kitablarını oxumağı sizə çox məsəhət görsəm də mövzu təkcə o deyil və buna görə mövzumuza davam edək.
Hələ də o dövrlər detektivlərə ədəbiyyat aləmində ciddi baxılmırdı və o vaxtki detektiv hekayələr bu günkilər kimi geniş, detallı deyildi. Amma elə Artur Konan Doyldan sonra onu bəyənən və bəyənməyənlər kütləsi müəyyən cərəyanlar formalaşdırdı. Düzü hər iki tərəfin öz müsbət və mənfi tərəfləri var idi. Haqlı olaraq Doylu Vatsonun ayağının ağrıyan hissəsinin kitabdan kitaba dəyişməsində, induksiya sözünün deduksiya kimi başa düşməkdə və s. günahlandırmaq olar. Eləcə də nə qədər yanılmalar etsə də nəzərə almaq lazımdır ki, bu kitablar çox uzun illər ərzində yazılıb, yəni səhvin olması normaldır və elə müasir yazarlar da, hətta yaxşıları da az yanılmır. Hər halda nə qədər yanlışlarla dolu dünya yaratsa belə, yenə də hər dövrün oxucuları və tənqidçiləri tərəfindən bəyənilir. Onu bəyənənlər, yolunu davam etdirir və klassik xəfiyyə kitablarını formalaşdırırdı, bəyənməyənlər isə adətən daha irihəcmli əsərlər yazır, onun kitabının məşhurluğunu ötmək istəyirdilər. Düzdü bu alınmadı, amma elə az bir dövrdə bu  qədər inkişafa və detallaşmaya da bu səbəb oldu.
Ümumiyyətlə, bu dövrlər mənim üçün çox qarışıqdır və bu barədə biliklərim də azdır, ona görə kitablarla çox misallar verə bilməyəcəm. Amma o dövr haqda yazan araşdırmaçılardan Volskiyi məsləhət görərəm. Xüsusən də onun “Sirli məntiq” həm də fəlsəfi əsərdir, detektiv kitablara. (xüsusən də Doylun kitablarından misallar gətirir) dialektik baxış modelindən danışır. Başqa bir kitabı «“Sərhəsiz detektiv” haqda iş» ədərində isə detektivlər haqda mübahisələrdən danışır. Özünün də dediyi kimi “kitab detektiv haqda teoretik mübahisələr və onların praktiki nəticələri ilə bağlıdır.” Onun fikrincə klassik detektivlər hiperdeterminasiyaya uğrayıb, yəni oradakı hadisələr daha rasionaldır. Bir baxıma klassik detektivlər bir növ həyatı əks etdirmir, çünki orada təsadüflərə yer var. Yaxşı detektivdə isə təsadüfə yer olmamalıdır.
Ümumiyyətlə detektivlər haqda bir çox qaydalar, qadağalar və s. tapmaq olar Van Dayn da bu barədə yazır, Volskiy də, amma mən oxuduqlarımdan məni ən çox özünə cəlb edən qayda Ronald Noksun “Detektiv romanlar üçün 10 göstəriş”idir. Oradakı qaydalar belədir:
1) Cinayətkar romanın əvvəlində xatırlanan biri olmalıdır, ancaq oxucularının fikirləri izləməsinə icazə verilən şəxs olmamalıdır.
2) Əlbəttə ki, fövqəltəbii və ya başqa dünyadakı qüvvələrin hərəkəti istisna olunur.
3) Birdən çox gizli otağın və ya gizli keçidin istifadəsinə icazə verilmir.
4) İndiyə qədər bilinməyən zəhərlərdən, həmçinin kitabın sonunda uzun bir elmi izahat tələb edən cihazlardan istifadə etmək yolverilməzdir.
5) Çinlilər əsərdə görünməsinlər. (düzü bu qaydanın niyə burada olduğunu tam anlaya bilmədim, amma qalan qaydaları bəyəndiyim üçün olduğu kimi saxladım)
6) Bir detektivə heç vaxt xoşbəxt bir təsadüf kömək etməməlidir; onun da hesabat vermədən, intuisiya ilə hər şeyi düz tapmağı yolverilməzdir.
7) Detektiv özü cinayətkar olmamalıdır.
8) Detektiv tapmacanın həlli üçün bir açar tapdığı halda, ləngimədən onu oxucu ilə də bölüşməlidir.
9) Detektivin ağılsız dostu Watson (şərti addır), bu və ya digər şəkildə ağlına gələn mülahizələrin heç birini gizlətməməlidir; zehni qabiliyyətləri baxımından bir qədər ortalama oxucudan aşağı olmalıdır.
10) Oxucu buna yazıçı tərəfindən hazırlaşdırılmadığı təqdirdə, bir-birindən fərqlənməyən əkiz qardaşlar və ümumilikdə gizli bir birindən fərqlənməyən cüt personajlar əsərdə peydə ola bilməz.
Buradakı məsləhətlər, məncə yeni başlayan detektiv yazara həqiqətən yaxşı mayak ola bilər. (Bu fikrilər mənim yazıçı hə ədəbiyyatçı kimi yox, detektivləri sevən oxucu və həvəskar tənqidçi kimidir.) Mən də bu qaydalara bir neçə öz qaydamı əlavə edim. Detektiv yazarkən çalışın ki, əvvəl bütün əsas süjet xəttini fikirləşin, onun məntiqi doğruluğunu yoxlayın, sonra kitabı yazın. Düzdür, bəziləri var ki, qaydaya əməl etmədən də yaxşı kitab yazır, amma yenə də bu azlıqdır. Məsələn Artur Heyli bir detektiv kitabı yazmaq üçün bir neçə ilini sərf edirdi. O ilk mərhələdə məkan, ssenari, personajlar və s. barədə düşünürdü. Daha sonra ikinci mərhələdə seçdiyi məkan barədə güclü araşdırma edirdi, məsələn, o “Otel” əsərini yazanda mehmanxana biznesi haqda 27 kitab oxumuşdu. Bəzən bu ikinci mərhələ 3 il və daha artıq da çəkə bilirdi. Elə məhz bu ikinci ildə etdiklərinə görə onun kitabları sevilir. O bir kitab üçün məkanı o qədər dərin düşünürdü ki, bəlkə heç orada işləyən biri onun qədər mövzunun rutini barədə, həm də iqtisadi hissəsini bilmirdi. Üçüncü mərhələdə isə o kitabı hazırlayırdı. Bəziləri onu tənqid edirlər ki, bu qədər məlumat toplamağının səbəbi də özününü təbii ədəbi stili olmamasıdır. Amma bütün bu tənqidlərə baxmayaraq detektiv yazarlardan ilk onluğa salına bilən yazıçıdır.
Yeni başlayan yazıçılara ikinci məsləhətim budur ki, kitabda detektivin təsadüfən və ya hansısa sehrli və ya möcüzəvi üsulla qatilin tapması və s. kimi halların olmaması daha xoş olar. Ümumiyyətlə detektivlərdə bir qayda olaraq təsadüflərə yol verilmir. Düzdür elə bir yazıçılar var ki, kitabını məhz bunun üzərində qurur. Məsələn Duqlas Adams öz “Dirk Gentlys Holistic Detective Agency” əsərində (trillogiyasının birinci hissəsi) əsas yeri elə təsadüflərə verir. Amma buna baxmayaraq o detektivdən əlavə komediyadır və o təsadüflər belə əsasən xüsusi məna – ya göndərmə, ya ikinci alt məna, ya təsadüf deyil bizə elə gəlir və s. daşıyır. Bunu Duqlas kimi bacara biləcəksinizsə təsadüflərlə dolu detektiv yazın.
Detektivlərin özünün də müxtəlif növləri vardır:
1. Qapalı detektivlər – hadisələr qapalı yerdə baş verir. (həmişə belə deyil, amma yazıçı bizi əsasən müəyyən yerləri göstərir) Əsasən  klassikanın kanonlarına əməl edir. Detektivin əsas xüsusiyyətlərindən biri, burada yazıçı bizi başqa personajlardan əlavə qatillə də tanış edir və biz detektivlə birlikdə onu axtarırıq. Belə detektivlərdə personajlar elə də çox olmur və əsasən ən az ağıla gələn personaj sonda qatil olur. Qapalı detektiv dedikdə ağlıma həmişə Aqata Kristi gəlir. Onun ən sevdiyim iki əsəri “Şərq ekspresində qətl” və “10 zənci balası”  qapalı detektivlərə ən yaxşı nümunədir. Edqar Allan Ponun “Morq küçəsində qətl” əsəri də qapalı detektivdir.
2. Polis detektivi – belə detektiv kitablardan daha çox seriallar məşhur olur. Hətta bəzən belə detektivlərin serialı və ya filmi çəkilir və onlar daha məşhur olur. Adından da məlum olduğu kimi, belə detektivlər polislərə aid olur. Burada detektiv polis idarəsində işləyə bilər və ya hər hansısa polisə bir işi araşdırmaq həvalə oluna bilər. Belə detektivlərə xas olan xüsusiyyətlərdən biri də odur ki, burada çoxetaplı dedilsiya və ya mürəkkəb analitik bacarıqlardan çox həyat təcrübəsi, izləyib nəticə çıxarmaq kimi xüsusiyyətlər xasdır. Belə əhvalatlarda əsasən obraz çox adi olur, o nəinki ağıllı deyil, heç belə olmaq da istəmir. Eləcə də belə detektivlərdə polis obrazı müxtəlif ayrı ayrı ekspertlərdən – otopsiya edən həkim, kriminalist, ballistika və s. kömək alır. Belə yazıçılara Evan Hunter və Yulian Semenov kimi yazıçıları misal göstərmək olar.
3. Fantastik detektiv – bu detektivlər mənə xüsusən də maraqlı olur. Bəzi fantastik kitablar var ki, daha çox mistikdir, amma onu da bura daxil edirlər. Belə kitablarda hadisələr gələcəkdə, alternativ dünyada və ya təmamilə yenidən düşünülmüş dünyada baş verə bilər. Belə kitablarda ikili məntiqlə - həm detektiv, həm də alim kimi düşünməlisən. Belə kitablarda da əsasən detektiv, həm də alim olur.
Bu detektivlərin özünün 3 bir birinə oxşar olsa da asanlıqla ayrıla bilən cərəyanları vardır:


·          Elmi-fantastik detektiv – belə detektivlərdə elmin gələcəyinin gətirdiyi nəticələr və o dünyadakı qətllərdən söhbət gedir. Bəzən yazıçı belə kitabla bir fikir çatdırmaq istəyir ki, “insanlıq nə qədər inkişaf edir etsin, yenə də qətllər törədir.” Belə kitablara Stanislav Lemin “Araşdırma” romanı, Struqatski qardaşlarının «Ölmüş alpinistin yanında “Otel”», Ayzek Azimovun “Kosmik reyncer – Lakki Starr” və s. misal görmək olar.
·          Fantezi detektivləri – tamam ayrı bir dünyadan yaradılmış detektivlərdir. Yazıçı bu kitabda ya tamam yeni dünya yaratmaq istəyir, yada lduğumuz dünyanı çox dəyişir. Belə kitablara Boris Akuninin “Uşaqlar üçün kitab” və Maks Frayın “Exo labirinti” tsiklini məsləhət görmək olar.
·          Qorxulu detektivlər və ya “horror detektiv” – detektivlərin içində maraqlılarından biri də budur. Belə kitablara haqqında film çəkildiyi, amma çoxlarının ideyasının kitablardan götürüldüyünü bilmədiyi, Tomas Harrisin “Quzuların səssizliyi”, “Qırmızı əjdaha” kitablarıdır. (eləcə də Ponun “Morq küçəsində qətl” əsəri də horror detektivdir)
4. Tarixi detektiv – “retro detektivlər” adlanmdırılan bu tip kitablarda, əsasən detektiv keçmişdə yaşayır. O dövrdə hansısa qətl baş verir və o araşdırılır. Bəzən bu çox vacib tarixi hadisə də ola bilər. Bəzi hallarda araşdırma indiki dövrdən aparılır. Belə əsərlərdə tarixi düzgünlüyə və dəqiqliyə fikir verilməlidir və əsasən yazıçı tarixin həmim dövrünün təsvirinə, həyat tərzinin anladılmasına çox vaxt sərf edir. Belə kitablara misal olaraq, Umberto Ekonun “Qızılgülün adı” əsərini misal görmək olar.
5. Sərtsüjetli detektiv – Belə detektivlər son dövrlərdə çox məşhurlaşıblar və onların əsasən uğursuz alınan filmləri çəkilir. Fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, burada fokus olunan məsələ problem və onun həlli yox, personaj və onun hərəkətləri olur. 35-40 yaşlı detektiv bütün dünyaya – həm korrupsiyada batmış siyasətçilərə, həm satılmış və ya onun metodlarını bəyənməyən polislər, bir cinayətkar və ya təşkilatlanmış cinayətkar dəstəyə qarşıdır. Belə kitablara misal olaraq Li Çayldın “Cek Riçer” haqda olan detektiv seriyasını, Jö Nesbonun “Qar adamı” romanını oxuya bilərsiniz.
6. Kriminal detektiv – detektivlərin ən fərqli növlərindən biridir. Bu detektivlərdə hadisələr polisin nöqteyi nəzərindən yox, qatilin nöqteyi nəzərindən cərəyan edir. Bəzən yazıçı qatili elə təqdim edir ki, qatilə empatiya duymağa başlayırsan. Bu kitablara Ceyms Hedli Çeyzin “Bütün dünya cibimdə”, Stiven Kinqin “Mister Mersedes” əsərlərini misal göstərmək olar.
7. Rahat detektivlər (cozy mystery) – detektivlərin “qızıl dövr”-ünü (ilkin, başlanğıc dövr belə adlanır, daha sonra gümüş, bürünc və başqa dövrlər gəlir) diriltmək istəyərkən meydana gələn axındır. belə əhvalatlarda ərazi və əhali bir birini çox yaxşı tanıyan kiçik bir cəmiyyət şəklində çıxış edir. Belə detektivlərdə qətl pərdə arxasında qalır, qan, mərhumun yaraları və s. təsvir olunmu, heç bəzən yara belə olmur, kitab boyu hətta evli cütlüklər arasında belə seks səhnələri göstərilmir. Detektivlər adətən delitantlat, yəni sıravi şəxslər olur. Qatil isə manyak və ya seriyalı qatil olmur, tutulduqda isə müqavimət göstərmir. Eləcə də belə kitablar bir az komik xarakter daşıyır, belə ki, ikinci dərəcəli obrazlar çox qəribə olurlar və baş personaj onların fonunda normal görünür. Belə kitablara yaxşı misal kimi Aqata  Kristinin “Miss Marpl” personajı haqda yazdığı “13 sirli hadisə”, Donald Beynin “Cessika Fletcer” personajı haqda yazdığı kitab “O qətli yazdı” kitablarını göstərmək olar.
8. İronik detektiv – detektivlərin atipik qollarından biridir. Belə kitablarda əhvalat klassik detektivlərdəki kimi gedir, sadəcə hadisələr daha yumoristik çatdırılır və bilinən detektiv klişeləri ironiyaya məruz qalır. Düzü belə detektivlərdən çox oxumasam da bayaq da adını çəkdiyim Duqlas Adamsın “Dirk Centlinin Holestik Detektiv Agentliyi” kitab seriyası bu janrdan ümumiyyətlə eşitdiyim azsaylı yaxşı yazılardan biri kimi misaldır. Oxunmamalı olan yazıçılardan isə, bu janrda çox məşhur olan Darya Dançovadır.
9. Psixoloji detektiv – bu tip detektivlər daha fərqli olur. Bu hadisələrin əsas kökləndiyi məsələ şəxslərin psixologiyası, onların şəxsiyyət kimi açılması, qorxuları, istəkləri, keçmişləri olur. Bu mövzulardan yaxşı başı çıxan biri də sonunda qatili asanlıqla tapa bilir. Burada detektiv daha çox psixoloqdur. Bu tip romanları yazmaq həm də mətin işə çevrilir. Detektiv sevənlərə və özündən əmin olanlara bu tipdən maraqlı bir roman məsləhət görəcəm. “The Mystery of Edwin Drood” romanı Çarlz Dikkenzin sonuncu və tamamlanmamış romanıdır. Bu əsər natamam olsa da yazıçı əsərdən yetərincə yazmışdır. Oxuyub özünüz sirri açmağa cəht etməyiniz üçün yaxşı əsərdir.
10. Siyasi detektiv – burada hansısa politik hadisə ətrafında dolaşan intiriqalardan söhbət gedir. Bu da psixoloji detektivlər kimi janrdan uzaqlaşmış detektiv kitablardır. Hətta bu kitablarda elə ola bilər ki, detektiv siyasətdən çox uzaq adamdır, amma araşdırma zamanı hansısa “hakimiyyət sahibləri” tərəfindən haqsızlıq görsün. Belə kitablara misal biri kimi, eləcə də yazıçını da bəyəndiyim Boris Akuninin “Dövlət müşaviri” kitabını məsləhət görərdim. Bundan əlavə Aqata Kristinin də “Böyük dördlük” kitabı da bu növ detektivə aiddir. Çingiz Abdullayevin də belə kitabları çoxdur.
11. Cəsus detektivi – bu tip detektivlərə başqa sözlə “Ceyms Bond detektivləri” də demək olar. Bu həqiqətən də belədir. Çünki bu filmlərin strukturu (əslində novellaları da var. sadəcə onlar barədə məlumatım yoxdu deyə fikir bildirmirəm) əsl klassik cəsus detektivlərinin quruluşuna uyğundur. Belə detektivlərə misal kimi Con le Karr “Gecə adminstratoru”, Boris Akuninin “Türk qambiti”, Somest Moemin “Eşender və ya birtaniya agenti”, Stiven Kinqin “11 22 63”,(düzdür başlanğıc üçün böyük əsərdir, amma yenə də möhtəşəmdir) yenə də Aqata Kristini və s. başqa bir çox yazıçıları məsləhət görmək olar.
Mən burda təxmini olaraq detektivlərdə müəyyən axınları, onların əlamətlərini və oxumağa dəyər yaxşı kitabı misal kimi göstərdim. Düzdür orada təxmini olaraq onlardan hansının hansı janra aid olduğunu göstərmişən, amma o kitabları oxuyan anlayar ki, bir kitab bir neçəsinə aiddir. Məsələn, Stiven Kinqin “Mr Mersedes” əsəri həm polis detektivi, həm də kriminal detektivdir. Jo Nesbonun “Qar adamı” əsəri həm sərtsüjetli detektivdir, həm də polis detektivi. Ponun “Morq küçəsində qətl”-i həm qapalı detektivdir, həm də qorxulu detektiv. Hələ kitbın belə olmağı yaxşıdı, onun hələ də detektiv olduğunu müəyyən etmək olur. O vaxt müəyyən bir detektiv yazarların axını formalaşmamışdan qabaq hər şey çox dağınıq idi, amma güya indi müəyyən əsas əlamətlər olmağına baxmayaraq, bəzi yazarlar var ki, kitablarını elə yazırlar ki, onun detektiv olub olmadığını ayırd etmək çox çətin olur. Bunlardan biri elə Tomas Harrisin “Quzuların səssizliyi”, başqa biri isə Duqlas Adamsın “Dirk Centlinin Holestik Detektiv Agentliyi”-ni misal kimi göstərmək olar.


İndi isə verdiyim misallardan əlavə məsləhət gördüyüm detektiv yazarlar haqda yazacam. Bu siyahıda Duqlas Adams, Stanislav Lem, Ayzek Azimov, Stiven Kinq kimi yazıçılar olmayacaq, çünki onların detektiv əsərləri olsa belə əsas ixtisaslaşma sahəsi başqadır. Deməli məsləhət görülə biləcək detektivlərdən ilk öncə Edqar Allan po və Artur Konan Doylun adını çəkmək istəyərdim. Elə başlayanlar üçün yazıda dəfələrlə adını çəkdiyim “Morq küçəsində qətl” əsəri möhtəşəmdir. Bundan sonra əgər bu tipli kitablar maraqlı gəldisə Artur Konan Doylun Şerlok Holms haqda yazdığı əsərlərini də oxuya bilərsiniz. Ardıcıllığa ehtiyac yoxdur. “Baskervillərin iti” və “Al qırmızı edüt” kitabını xüsusilə məsləhət görərəm. Daha sonra daha irihəcmli kitablara da keçə bilərsiniz. Əgər tarixi ardıcıllıqla getmək istəyirsinizsə Aqata Kristini oxumaq üçün məsləhət görə bilərəm. Onun həm çox müxtəlif, həm də sayca çox detektiv kitabları var. Bir mənfi cəhət o olacaq ki, qətllərin çoxunda zəhər istifadə olunacaq (bu da Aqatanın tibb bacısı işlədiyindən, zəhərli və toksik maddələrə yaxşı bələd olması ilə əlaqədardır) və Herkül Puaronun detektiv olduğu hər əsərin sonunda onun qətli necə açdığına aid uzun danışıqları oxuyacaqsınız. Buna görə də onun kitablarını nisbətən tez və diqqətlə oxumağı məsləhət görürəm, əks halda oxucu kitabı anlamaya bilər. Xüsusən də, “10 zənci balası” və “Mavi qatarın sirri” əsərlərini məsləhət görərəm. Amma Aqata Kristi çox gözəl yazsa da bir yazıçı kimi məni darıxdırır. Bəlkə tərcümə problemidir, bəlkə qapalı detektivlər yazdığından...
Növbədə nisbətən ondan sonra yazan, amma elə eyni dövrün yazıçları hesab olunan yazıçılardan danışacam. Bu yazıçılar müxtəlif səbəblərdən nisbətən zəif tanınsa da, yetərincə yaxşı yazırlar. Bu yazıçılardan biri məşhur “Kommisar Meqre” personajanı yaradan Corc Simenondur. Onun əsərləri ilə çox tanış olmasam da, “Meqre hirslənir”, “Mənim dostum Meqre”, “Merqe, London və qanqsterlər” əsərlərini məsləhət görə bilərəm. Bundan başqa, Yulian Semenon adlı yazıçını xüsusən də onun “İsayev - Ştirliç” tsiklini məsləhət görərəm. Burada cəsus detektivi ilə yaxından tanış ola bilərsiniz. Əsərlərdən “Baharın 17 anı” ən məşhurudur. Başqa yazıçı kimi Sidni Şeldon (bu arada, kitablarındna biri artıq tərcümə olunub) maraqlı və diqqət yetirilməyə layiq olan yazıçılardandır. Onun əvvəlki yazıçılar kimi yaratdığı xüsusi bir personajı olmasa da, maraqlı bir çox əsəri var. Şeldon həm də ssenarist olduğu üçün əsərləri fərqli süjet xətləri və maraqlı təsvirləri ilə seçilir. Artur Heyli – haqqında çox maraqlı və bir-birindən fərqlənən tənqidlərlə dolu olan bir yazıçıdır. Onu həm idol kimi tutub oxuyurlar, həm də yaxşı yazmağının səbəbini çox oxumaqla onu kompensasiya edə bilməkdə görürlər. Buna baxmayaraq, əksər tənqidçilər, hətta onu bəyənməyənlər də onun yaxşı yazdığını qəbul edirlər. Onun elə də çox kitabı yoxdur, amma hər kitabı üzərində neçə illik əməyi var. Onu da sizə oxumağa məsləhət görürəm.
Və nəhayət son dövrlərdə yazan detektivlər, yəni hələ də sağ olanlardan, yazıçılıq fəaliyyətləri ən tezi 1990-lardan başlayan detektivlərdən, bu il də yeni kitabı çıxan detektivlərdən (2019) danışacam. Bu detektivlərdən bildiyim qədəri ilə ancaq Jö Nesbo tərcümə olunur. Bu norveçli yazarın kitabları təkcə Azərbaycanda yox, dünyanın 40 müxtəlif ölkəsində tərcümə olunaraq oxunur. Həqiqətən də diqqətəlayiq yazıçıdır. Onun yaratdığı başqa personajlar olsa da, fikrimcə ən yaxşı tsikli Harri Hole haqda olanıdır. Öz sərtsujetli romanları ilə, maraqlı süjet xətləri ilə, diri personajları ilə, cəmiyyətin həyat tərzini, mentalitetini, hətta mətbəxini belə yaxşı təsvir etmək bacarığı ilə oxucunu ələ almağı bacarır. onun xüsusən də, “Qar adamı” romanını oxumağı məsləhət görərəm. Sərtsüjetli detektivləri ondan da yaxşı yazmağı bacaran başqa bir Böyük Britaniya yazıçısı Li Çaylddır. Onu xüsusən də son illər Tom Kruz sayəsində məşhurlaşan “Cek Riçer” sayəsində tanıdılar. Əsərləri ilə də tanış olmağa dəyər. Adını çəkəcəyim ən gənc yazıçı isə Frenk Tilyedir. Cəmi 45 yaşı olmasına baxmayaraq o da artıq özünə dünya ədəbiyyat aləmində yer eləmiş, yetərincə yaxşı yazan biridir. O da bir baxıma Artur Konan Doyl kimi başqa əsərlər yazsa da əsasən detektivləri oxunur və Sidney Şeldon kimi ssenarist fəaliyyətləri də var.
Ümumilikdə yazıçılar və onların əsərləri haqda məsləhətlər verdim. Amma məncə Azərbaycan ədəbiyyatından da misallar verməliyəm. Düzünə qalsa Azərbaycan ədəbiyyatı detektivlərlə zəngin görünsə də əslində belə deyil. Müxtəlif yazıçılarla rastlaşmaq olsa da oxumağa gələndə az yazıçını misal çəkmək olar. Bu bəlkə də Azərbaycan ədəbiyyatını az oxumağımla əlaqəlidir, amma ən çox adı çəkilənləri - Elxan Elatlı, Müşviq Xan kimi yazıçılarını oxumuşam və oxuduğum ən bərbad 10 yazıçıdan biri hesab edirəm. Oxumağa gəldikdə isə, düzü Azərbaycan ədəbiyyatında yaxşı deyə biləcəyim detektiv yazar olmasa da, normal yazan biri kimi Çingiz Abdullayevi göstərə bilərəm, xüsusən də onun “Mavi mələklər” əsərini. Hərçənd o azərbaycanca yazmır, amma azərbaycanlı yazıçıdır. Bəlkə də onun kitablarını orijinaldan oxusaydım daha yüksək qiymətləndirərdim. Başqa bir adını çox eşitdiyim, amma oxumadığım bir kitab da Cəmşid Əmirovun “Qara Volqa” əsəridir. Bilmirəm necə yazır. amma çox ümid edirəm ki, heç olmasa onu yaxşı yazıçı hesab edərəm.
Detektivlər çox möhtəşəmdir və onları yazmaq da yetərincə məsuliyyətli işdir. Detektiv kitab yazmaq üçün ideya tapmaq çox asandır. Məqaləni bura kimi oxuyanlar gördü ki, nə qədər fərqli-fərqli simbiozları mümkünür. Amma onu yazmaq da asan deyil. Detektiv dünyası bizim dünyadan da saat mexanizmi kimi işləyən bir dünya kimi olmalıdır. Məhz bu dəqiqliyinə, maraqlı olmağına, fərqli-fərqli dünyaları içində daşıya, özündə birləşdirə bildiyi üçün detektivləri çox sevirəm.




Müəllif: Rövşən Nəzərov

Yorumlar