İlk seriyası 26 iyul 2019-cu ildə efirə
verilən və hal-hazırda (avqust 2019) bir sezonu və ya 8 seriyası efirə verilən
bir serialdır. Bu serial son zamanlar izlədiyim ən yaxşı super qəhrəman
serialdır. Hətta bu serialı super qəhrəman filmləri ilə də hərtərəfli
qarşı-qarşıya qoymaq olar. Bu möhtəşəmlik ilk öncə onun tam olaraq super qəhrəman yox başqa
nüansların qəşəng tort üzərindəki gözəl meyvə kimi durmasından alınıb, amma düzünü demək lazımdır ki, tort özü də qəşəng alınıb. Ümumilikdə məsələni anlatmaq üçün məsələyə uzaqdan yanaşacam və get-gedə özünüz də anlayacaqsınız ki, serial möhtəşəm olmaya bilməzdi.
nüansların qəşəng tort üzərindəki gözəl meyvə kimi durmasından alınıb, amma düzünü demək lazımdır ki, tort özü də qəşəng alınıb. Ümumilikdə məsələni anlatmaq üçün məsələyə uzaqdan yanaşacam və get-gedə özünüz də anlayacaqsınız ki, serial möhtəşəm olmaya bilməzdi.
Serialın əsası eyni adlı komiks
seriyasından götürülüb. Komiks - çox qısa mənasında şəkillər üzərində əhvalat
deməkdir. Daha yaxşı izah etmək üçün demək olar ki, indi gördüyünüz bir çox
superqəhrəman filmləri, serialları, cizgi filmləri və başqa növ
ekranizasiyalarının hamısı komikslərə, bu şəkilli əhvalatlara və ya “qrafik
roman”-lara əsaslanır. Bu qrafik romanların yazarları da, başqa sözlə desək
komiksistləri də Darik Robertson və Gart Ennis olmuşdur. Mən diqqəti ikinci
komiksistin üzərində yönəltmək istəyərdim, çünki hesab edirəm ki, o dahi şəxs
bu ölkə hüdudlarında yetərincə diqqət almır. Təkcə o yox, ümumiyyətlə komiks
industriyası yetərincə zəif diqqət görən spesifik və dar maraq dairələri hesab
olunur. Bunun Azərbaycanda təbliğatının da yetərincə aparılmaması da (rus
sektorların və rusdillilərin arasında az-çox yayılır, amma azərbaycan bölmələri
ümumiyyətlə məlumatsız qalır) böyük bir potensial oxucu kütləsinin mövzudan çox
kənar qalmasına səbəb olur. Ennis Qart, Amerika vətəndaşlığı almış Şimali
irlandiyalı bir komiksistdir və onun iş karyerasına diqqət yetirsək, yetərincə
səviyyətli komis şirkətləri ilə işəyib çox gözəl komikslər hazırlamışdır. Onun
işlədiyi komiks şirkətlərindən “DC Comics” və onun tabeliyində olan “Vertigo” və
“Wildstorm”, “Marvel Comics”, “Dark Horse Comics”, “Avatar Press” və s.-lərin
adlarını çəkmək olar. Onun ən məşhur komikslərindən isə “Preacher”, “Punisher”,
“Constantine” və yeni məşhurlaşan “The Boys” seriyasını misal çəkmək olar.
Ümumiyyətlə ilk üç komiks ilə olmasa da onun personajları və ya
ekranizasiyaları haqda anlayışınız varsa, təxmini olaraq bu serialın necə ola
biləcəyini artıq anlamısınız. Bu komiksistin elə yuxarıda sadaladığım komiksləri
ekranlaşdırılıb və onların içində orijinala ən çox sadiq qalan da elə sonuncu yəni
“The Boys” serialıdır. Qalanlarından isə “Punisher” filmi ümumiyyətlə bir
fiasko idi. Qalan ikisini də bir film və serial olaraq sevirəm, amma orada da
açıq aydın Ennis Qartın ideyası əsasında qurulduğu görülsə də, onun komiksdə
etdiklərindən az şey ekranizasiyada qalır. Məsləhət görərdim ki, orijinal
komiksləri internetdən tapıb oxuyasınız. Bu bir baxıma kitab əsasında çəkilən filmləri
oxumaq kimidir. Elə burada da çox vaxt “komiks daha yaxşıdır” ifadəsini səsləndirmək
olur. Ümumilikdə bu komiksistin stili ilə onun əsərlərinin misalı ilə tanış
olduq və yuxarıda yazılanlardan anlamayanlar, birbaşa serialın analizində hər
şeyi anlayacaqlar.
Ssenarini qısaca nağıl desək, superqəhrəmanlar
mövcuddurlar, amma onların arasında tək-tük yaxşı birini tapa bilərsən. Məsuliyyətsiz,
özündənrazı və eqoist superqəhrəmanlar istədiklərini edir və həmişə qanundan kənarda
qalırlar. Onlar bəzən kiməsə təcavüz edə, döyə, hətta öldürə bilər, amma buna cəmiyyət
və kütləvi informasiya vasitələri susur. Bunu heç cəmiyyət də nəinki bilmir,
heç bilmək də istəmir. Çünki, cəmiyyətə fantom da olsa, mehriban və hər şeyə qadir
qəhrəmanlar haqda inana biləcəyi bir nağıl lazımdır. Satıcı konsultant Hyui də
belə şəxslərdən biri idi. DC superqəhrəmanı “Flash” obrazının prototipi olan “A
train” personajının fanatıdır və s. hər şey normal insanlardakı kimidir həyatında.
Daha sonra isə Hyuinin başına gələn bəzi fors-major hadisələr və Billi Buçerlə
rastlaşması onun həyatını 180 dərəcə dəyişir. Beləcə də o artıq sistemə nifrət
edir və elə ilk növbədə süperqəhrəmanları yer üzərindən silmək istəyir.
Film Gart Ennisdən təkcə süjet xəttinin əsas hissələrini
yox, həm də Ennisin özünəməxsus sarkastik tonunu da götürüb. Onun personajları
Tarantinonun filmlərindəki personajlara bənzəyir, onlar da öz fikirlərini uzun,
vulqar, amma mənalı ifadələrlə izah edir. Bu filmdə həm də hər şey gözlənilməz
ola bilir. Film özünün yaratdığı qaydaları silir və həyata, personajlara olan
inamı insanda yox edir. Bu həm də Ennisin fikrincə həyata tətbiq edilməli olan
bir şeydir və bu fikri komikslərində oxucularına çatdırır. Filmdə darıxdırıcı səhnələr,
birdən-birə action səhnələri ilə əvəz olunub, izləyicinin beynində absurd bir səhnə
əmələ gətirə bilər. Burada baş personajın daxili əzablarından tutmuş, insan
ölümlərinə kimi hər şey qara yumor prizmasında verilir. Bu xüsusiyyətləri
serialı xüsusi və eyni zamanda hamıya uyğun olmayan edir. Çünki burada qara
yumor var, çünki burada qətl, şiddət səhnələri həddindən artıq çoxdur. Qəribə kəşfi
üsullarla düşünülmüş qətllər bu filmdə
ayıra biləcəyiniz cəhətlərdən biridir. Serialın gedişatı açıq aydın özündə
parodiya əlamətləri daşıyır. DC Justice League ilə tanış olanlar oxşar paralelləri
o saat görəcəklər. Amma bu yumoristik və bir az da o dünyanın absurdluğunu göstərən
parodiyaya oxşatmaq olar, amma bu parodiya elə aparılıb ki, heç elə bil
parodiya deyil. Başqa sözlə desək, serial parodiya ilə sərhəddədir. Serialın
özünün də fərqləndirici və hətta yenilikçi deyə biləcəyimiz bir çox xüsusiyyətləri
var. Bizim qarşımızda daha çox action elementləri nə qədər az olsa da keyfiyyətli
olan sosial satiradır. Filmin texniki realizasiyasına yetərincə diqqət yetirilib
və bu action səhnələri filmlərlə belə rahat şəkildə müqayisə oluna bilinər.
Uçuşlar, görünməzlik, gözün işıqlanması və gözdən lazer buraxma səhnələri, səs
sürəti ilə hərəkət “The CW” kanalının (“Arrow”, “Flash”, “Supergirl”, “Legends
of tomorrow” və s. kimi bir çox DC seriallarının və yetəricə məşhur olan “The
100”, “Supernatural”, “Vampire daires” kimi seriallarının efirə verildiyi
amerika kanalı) seriallarından qat-qat yaxşıdır. Eləcə də, super qəhrəmanların kostyumları
tam film səviyyəsində hazırlanıb.
Filmin möhtəşəmliyi bununla da bitmir. Filmi
hazırlayanlar eləcə də mövzu olaraq təkcə super qəhrəmanlarla kifayətlənməyib,
eləcə də başqa bir çox həyati, sosial və siyasi mövzulara toxunaraq onları tənqid
ediblər: Amerika hakimiyyəti, vətəndaşların qayğısız bir o qədər də
dezinformasiyada yaşadığı həyat tərzi, media korporasiyaları, səhnə arxasında
qalanlar, insanın gizli təbiəti. Serial göstərir ki, yaxşı reklam, düzgün PR və
düzgün çatdırılma vasitələri ilə, hər insan tragediyası, yaxşı satılan farsa
(teatrda ikiüzlülük və riyakarlıq) çevrilir. Hətta sistemdən çıxmaq cəhtləri
belə alınmır. Bu özü də sistemin bir parçasıymış kimi çatdırılır və “artıq cəmiyyət
öz ifrazatında o qədər batıb ki, öz yaratdığı bataqlıqdan istəsə belə çıxa
bilmir.”
Filmin başqa ən yaxşı cəhətlərindən biri də, gözəçarpan,
diqqətəlayiq və hərtərəfli işlənmiş personajlardır:
Billi Buçer - Britaniyalı, həyatın amansız davrandığı
amma buna rəğmən əzilməyən, hətta güclənən (Nitşe demiş, “Nə bizi öldürmürsə o
da güclü edir”) entuziazmlı gözləri və bitməyən qisas hissi olan personajdır.
Danışmaqdan çox iş görməyi sevir. Şübhəsiz ki, bu, Karl Urbanın qarşılaşdığım ən
parlaq roludur. İlk baxışdan inanırsan ki, o qarşısına çıxan hər super qəhrəmanı
elə öz plaşı ilə də boğub öldürər və bu zaman üzündəki o xazirmatik gülüşü heç
itməz də. Hətta heyifsləndim ki, niyə ona daha güclü personaj verilməyib.
Personajın hərəkətləri mənasız da deyil, hətta bu səbəblərdə tragizm də var. Onun
bəlkə də, hamıdan çox super qəhrəmanlara nifrət etmək üçün əsasları var.
Hyui - şərti olaraq yaxşı xasiyyəti olan, müsbət
personaj, artıq klişeyə dönmüş qətiyyətsiz obrazdır və post-travmatik sindromu
var. Amma zamanla özünün problemlərə morjinal yanaşmağını göstərir və xüsusən də
stress situasiyalarda çıxılmaz görünən problemlərdən çox yaxşı həll yolları
tapır. Yəni qətiyyətsizdir, amma çox fərasətlidir. Personaj seriyalar keçdikcə
inkişaf edir və bunu izləmək özü də ayrıca həzz verir.
Starlight - cavan idealist qız. Onun hekayəsində
valideynlərin öz ambisiyalarına uyğun olaraq “ulduz” kimi böyüdülən bütün
uşaqların hekayəsi əks olunub. Bitib-tükənməyən konkurslar, kastinqlər, yalançı
gülüşlər, həqiqi göz yaşları və çartlamış psixika. Bütün bunların səbəbi isə
ancaq ananın rəfiqələrinin paxıllıqdan partlaması üçündür.
Homelander - bu personajı Antony Starr canlandırıb və
serialın əsas bəzəyidir. Onun əvvəlki rol aldığı ekranizasiyalar arasında ən bəyəndiyim
seriallardan biri olan “Banshee” serialında yaratdığı Lucas Hood obrazıdır.
Komiksdə “Homelander” personajı kəskin şəkildə “Superman” obrazının parodiyası
idi. Serialda isə, son illərdə çəkilən seriallardan bəyəndiyim “Daredevil”
serialındakı pis baş personaj “Kingpin”-i oynayan Vincent D'Onofrionun siyahısına daha biri əlavə olundu. Bu
personaj seriallardakı ən xarizmatik pis obrazlardan biridir. Homelander gözlənilməz
və impulsiv hərəkətləri ilə gözəçarpan sosiopatdır. Onun iti ağlı dəliliyi ilə
vəhdət təşkil edir. Ssenaristlərin və elə aktyorun özünün səyləri ilə, onun mürəkkəb
və çoxqatlı obrazı izləyicidə simpatiya yaratdığı qədər də iyrəndirir.
Başqa personajlar da çox rəngarəngdir, yəni
personajlar monoton və eyni deyil, hərəsinin öz fərqləndirici xasiyyət və
xüsusiyyətləri var. Ümumilikdə ikili hissləri “Yeddilik”-in (“Justice league”-nin
serialdakı analoqu) bütün obrazlarına qarşı duyursan. “The Deep” burada
“Aquaman” personajının analoqudur və müəlliflər o personajla ən ağır
zarafatları edirlər. (Geeklər - burada, super qəhrəman komiks və seriallarının
fanatları - arasında belə bir zarafat var ki, “Aquaman” DC-nin ən lazımsız və
bacarıqsız personajıdır və onun haqda müxtəlif memlər və zarafatlar fikirləşirlər.
Hətta DC, bu personaj haqda filmində (2018)
bu tabunu qırmaq üçün çox xarizmatik və maskulin görünüşlü Havay adalarında
doğulmuş aktyor olan Jason Mamoanı baş rol olaraq seçmişdilər) “Quenn Maeve” isə
“Wonderwoman” personajının prototipidir. Bu personaj bədbəxt və ona görə də utanmazdır.
Düzü bunun “Wonderwoman” personajı ilə nəsə əlaqəsi olub olmadığını dəqiq
anlaya bilmədim. Bu personajlar serialda ancaq pislik etməklə məşğul olan
obrazlar kimi yox, daha çox onları böyüdən sistemin qurbanlarıdır. Onlar üçün cəmiyyətin
müsbət rəyini almaq, gəlir, populyarlıq və reytinqdə olmaq kiminsə xoşbəxliyindən
daha vacibdir ki, bunu indiki cəmiyyətimizdə təkcə diqqət mərkəzində olan şəxlərə
yox, elə özümüzə də şamil etmək olar.
Serialın xüsusi gözə dəyən çatışmayan cəhətini görmədim.
Təkcə serialın ortasına hadisələrin gedişatı tempinin bir az yavaşladığını və
personajların eyni mövzu barədə bir neçə dəfə danışdığını qeyd etmək olar. Bir
də birinci sezonun sonluğu gözlənilməz olsa da, bir növ artıq klişeyə çevrilən
konsepsiya kimi göründü mənə. Buna baxmayaraq çox təsirli sonluq idi.
Bu serial çox parlaq və yetərincə aktual mövzulara
toxunan serialdır. Marvel və DC-nin son il çəkdikləri ilə müqayisədə bu
serialdan daha möhtəşəm bir şey alınacağının potensialını görürəm. Ümid edirəm
elə belə də davam edər, daha yaxşı halda isə ikinci sezon birincidən daha da
möhtəşəm olar.
Rövşən Nəzərov
Yorumlar
Yorum Gönder