İoanna Kuçuradi - Etika və "etikalar"



“Etika” sözü son 15 ildə (Kuçuradi 2003 də yazıb) modaya çevrildi. “Etik” adlı kitabımı ilk nəşr etdiyim 70-lərdə etika ilə məşğul olmaq modası keçmiş hesab edilirdi. Amma, bir-birimizlə əlaqələrimizdə, hər işimizdə, hər qərarımızda etik dəyərlər məsələsi ortadadır.
Etikaya marağın canlanmasına müxtəlif amillər təsir etmişdir. Bu gün moda olan fəlsəfənin bir sahəsi, elmi bir sahə olan etika deyildir.
 Moda olan “peşə etikaları” adlandırılan etikalardır. Bunlardan ən qədimi bio-medikal etika və ya bioetika və mətbuat etikasıdır. İndi müxtəlif peşələr və xidmət sahələri öz etikalarını yaratmaq səyindədirlər.

“Etika” ilə əlaqədər gördüyümüz yeni bir cərəyan da bütün mədəniyyətlərə hörmət tələbinin və postmodernizmin norma problemlərinə relyativist yanaşmasının - “hər şey olar”(anything goes) baxışı - yaratdığı qarışıqlıq qarşısında bəzi ətraflarda “ümumi bir etika” və ya “ümumiləşdirilə biləcək bir etika”? ya da “global bir etika” formalaşdırma cəhdləridir.
Etika ilə əlaqədar bu cəhdlərdə müxtəlif epistemioloji qarışıqlıqlar olur. Bu qarışıqlıqlar da mənim görəbildiyim qədərilə, etikanı, bu gün gündəmə gətirən ehtiyaclara cavab verə biləcək şəkildə formalaşdırılmasına əngəl olur.
Bu səbəblə, etika termininin mənaca aydınlığa qovuşdurulması və etika sözünə bu gün aid edilən fərqli məzmunların ayırd edilməsi etikanın təkcə nəzəri olaraq inkişaf etdirilməsində ilk addım olaraq deyil, eyni zamanda, şəxsi, ictimai və peşə həyatımızda addım-başı qarşılaşdığımız etik problemlər qarşısında doğru, ya da dəyərli hərəkət edə bilməyimiz üçün zəruri görünür.
Bu ayrı-seçikliyi etmək üçün burda “etik problem” deyilən müxtəlif problemlər arasındakı bəzi epistemioloji və ontoloji fərqləri göstərməyə çalışacağam.
Bir mənada “etik problemlər” fəlsəfənin başlanğıclarından filosofların əlləşdikləri əsas bir sual və ya problemlər qrupunu təşkil edir. “Fəzilət nədir?” “Ədalət nədir?” və bunlara oxşar bir çox sual, Platonun bir çox dialoglarının və Aristotelesin Nixomatın Etikasının əsasını təşkil edir.
Başqa bir mənada “etik problemlər” fəaliyyətdə olmaq zərurətində olduğumuz gündəlik həyatla (fərqində olsaqda olmasaq da) birə-bir əlaqəli olan problemlərdir.
Bu, deməkdir ki, sizin, mənim, günlük həyatımızda və peşə həyatımızda hər an qarşılaşdığımız və fəaliyyət göstərmək üçün bu və ya digər şəkildə həll etmək zərurətində olduğumuz etik problemlər bir filosofun ələ aldığı və həll etməyə çalışdığı etik problemlərdən növcə fərqli problemlərdir: birincilər gerçək, bir dəfəlik problemlərdir. Belə bir problemlə müəyyən bir insan müəyyən bir anda və vəziyyətdə qarşılaşır və bilavasitə,  ona verilən və o insanın həmin vəziyyətdəki fəaliyyətini müəyyən edən cavab (müəyyən insanın tapdığı  həll) təkcə, o müəyyən problemə verilən cavabdır. Bu problemləri həll etməyin resepti yoxdur, cavabın hər vəziyyətdə tapılması gərəkir. Amma, ikinci növ etik problemlər ümumi, nəzəri problemlərdir. Onlara verilən cavab fəlsəfi bilik yaradır. Məsələn, “Doğru fəaliyyət nədir?” sualı ilə “Mən bu vəziyyətdə nə etməliyəm?” sualı epistemioloji baxımdan bir-birindən fərqli suallardır. Birinci (fəlsəfi) suala bir cavab “doğru” termininin konseptuallaşdırılmasıdır; amma ikinci suala cavab vermək üçün insan, o müəyyən, konkret, tək vəziyyətdə nəyi etmək lazım olduğunu tapmaq məcburiyyətindədir. Bunu da fəaliyyətin dəyəri üçün müxtəlif nəticələr yaradan fərqli formalarda edə bilər; bir “doğru fəaliyyət” konseptinə uyğun edə bilər və ya özü üçün keçərli bir normaya görə edə bilər, ya da sadəcə məqsədinə necə çatacağını hesab edərək fəaliyyətdə ola bilər. Məsələn, “başımı götürüb çıxıb getməliyəm” və ya “vəziyyəti bacımdan gizli saxlamalıyam” deyə bilər. Göründüyü kimi, bu iki cavabın fəlsəfə ilə əlaqəsi yoxdur. Bu axırıncı növ problemlərə “ahlaksal problemler” (əxlaqi problemlər) də deyilir.
Və lakin, müxtəlif peşə etikalarının bu an məşğul olduqları “etik problemlər” daha əvvəl bəhs etdiyim iki cür etik problemlərdən fərqlidir. Peşə etikalarının bu gün axtardıqları şey normalardır, amma xüsusi növ normalar. Bu normaların ixtiyari peşəni icra edənlərin bütün vəziyyətlərdə qərarlarını və fəaliyyətlərini müəyyən etməsi gözlənilir. Yəni, axtardıqları normalar insanların dünyagörüşündən, mədəniyyətindən, ideologiyasından və dinindən asılı olmayaraq tətbiq etmələri gözlənilən normalardır.   
“Universal bir etika” və ya “global bir etika” yaratmağa çalışanlar da normaların axtarışındadır. Axtardıqları davranış normaları da üstündə konsensusun mümkün olduğu normalardır. Amma axtardıqları ya da önə sürdükləri bu normaların epistomoloji xüsusiyyətlərinə heç diqqət etmirlər.
Bu gün “etika” adı altında qarşımıza çıxan əxlaqların və  əxlaqlılıq bildirişlərinin ya da “peşə etikaları”nın da həyatımızda əhəmiyyətli yeri vardır; amma fəlsəfi biliklə yaradıldıqları və dəyərləndirildikləri təqdirdə və özünə məxsus funksiyaları bilindiyi təqdirdə həyatımızda yerləri vardır.
İndi “etik problemlər” ifadəsinin mənalarının bu aydınlaşdırılması və bunların fərqli həlli yolları “etika” sözünün günümüzdəki müzakirələrdə istifadə olunan üç fərqli əsas mənasını ayırd etməyə imkan verir.
Belə ki:
a)                  “Etika” sözü bəzən əxlaq mənasında , yəni; müəyyən bir grupda, müəyyən bir zamanda, insanların bir-biri ilə əlaqələrində dəyərləndirmələrini və fəaliyyətlərini müəyyən etmələrinni təmin edən dəyərləndirmə və davranış normaları sistemləri mənasında istifadə olunur. Bunlar yazılı olmayan normalar sistemləri, ya da müəyyən bir zamanda, müəyyən bir mədəniyyətdə nəyin “yaxşı” nəyin “pis” olduğuna bağlı norma sistemləri, bilavasitə insanların ümumi olaraq nələri etmələri və nələri etməmələri gərəkdiyini ifadə edən müxtəlif və dəyişkən norma sistemləridir. Bu əxlaq normalarını , etik dəyərlərlə qarışdırmamaq lazımdır. (bu gün qarışdırıldığı kimi)
Bu qarışdırmayı və onun gündəlik həyatdakı  nəticələrinin qarşısını almaq  üçün bu yazılı olmayan norma sistemlərinə “əxlaq normaları” deyirəm.
b)                 Başqa bir tərəfdən “etika” sözü yazılı normalar cəmi, bir grup insanın müəyyən məqsədlərlə yaratdığı norma cəmləri mənasında istifadə edilir. Belə kodlar, o məqsəd üçün yaradılmış normalardan və ya mövcud normalar arasından seçilmiş, razılaşma ilə qərarlaşdırılmış və “universal” olaraq keçərli təqdir edilmək istənilən sənədlərdir. Amma, bu sənədlərdəki norma-lar  da çox vaxt fəlsəfi olaraq dəyərləndirilməmiş normalar olur, bilavasitə, universal ola biləcək və bilməyəcək normalardan ibarətdir.
Peşə etikası baxımından “etika” sözü ayrıca belə normalarla məşğul olan araşdırma sahələri mənasında da istifadə edilir; məsələn, biomedikal etika həm əlaqəli norma-lar cəmini, həm də bunlarla texniki olaraq məşğul olan sahəni dilə gətirmək üçün istifadə olunur.
Peşə etikaları və universal etika məsələlərində aparılan müzakirələrin göstərdiyi kimi “etika” sözünün bu ikinci mənası bu gün ən geniş yayılan mənasıdır.
Geniş qarışıqlıqlardan və bu qarışıqlıqların ictimai həyatda və qanunvericilikdə meydana çıxardığı nəticələrdən yan keçə bilməyi təmin etmək üçün “universal” olduğu hesab edilən bir növ yazılı norma kodlarına əxlaqlılıq bildirişləri deməyin tərəfdarıyam. Normaları xarakterizə etdiyi zaman da “universallıq”dan bir normanın dünya səviyyəsində keçərli olmasını deyil, onun epistomoloji-aksioloji xüsusiyyətini, yəni yaratdığı ilkin təməllərin bilik baxımından bir xüsusiyyətini anlayıram. Bu xüsusiyyətlərə görə bu cür normalar bütün insanların (çoxu belə davranmırsa da) başqa insanlara necə davranmaları və bütün o insanların necə rəftar görmələri gərəkdiyi ilə əlaqədar tələblər gətirən normalardır.
Beynəlxalq İnsan Hüquqları Bəyannaməsi bu cür etik normalar gətirmə niyəti ilə yaradılmışdır, bu baxımdan da bir universal əxlaqlılıq bəyannaməsi, ya da “universal etika” hesab edilə bilir.


c)                   “Etika” sözü  bir də, insani bir fenomen olan etika fenomeni haqqında iqrari-inkari bilik ortaya qoyan, ya da qoyması gözlənilən fəlsəfə budağını da ifadə etmək üçün istifadə edilir - hər nə qədər geniş yayılmış bir anlayışa görə bu fəlsəfə budağı əsasən (amma Aristotelesin “Nixomatın Etikası”-da, ya da N. Hartmannın “Etika” nümunələrində olduğu kimi həmişə deyilsə də) normativ bir budağ hesab edilsə də və bunun nəticəsində bu fəlsəfə budağına “normativ-deontoloji etika”, metaetika və b. adlarla xatırlanan müxtəlif yanaşmalar varsa da - yenə aydınlığı təmin etmək üçün, ad olaraq “etika” sözünü , yalnız əlaqəli fəlsəfə budağı üçün etika fenomenini predmetinə çevirən və bir bütöv olaraq aydınlaşdıran , insanlararası əlaqələrdə etik dəyərin və etik dəyərlərin məlumatını ortaya qoyan fəlsəfə budağı üçün istifadə etməyi üstün tuturam. 
Etik dəyər və etik dəyərlərə bağlı bu fəlsəfi bilik də, hər hansı bir əxlaqlılıq bildirişinin yaradılması və tətbiq edilməsi üçün onsuz mümkünsüz bir şərtdə olduğu kimi, gündəlik həyatda, müəyyən vəziyyətlərdə insan şərəfinə zərər vermədən fəaliyyət göstərə bilməyin də başlıca şərtidir.
“Əxlaqlılıq” dediyim, əsasən təcrübi yolla (bir növ induksiya ilə) yaradılan, yazılı olmayan norma sistemləri bir az əvvəl bəhs etdiyim şərtləri yerinə yetirdikləri təqdirdə - birliklərin ictimai həyatının gerçəklik şərtlərində insanların öz mənafeyini qoruma imkanını artdırır. 
Bu gün “etika” adı altında qarşılaşdığımız əxlaqların və əxlaqlılıq bildirişlərinin, ya da “peşə etikalarının” da həyatımızda əhəmiyyətli bir yeri vardır; amma fəlsəfi biliklə yaratdıqları və dəyərləndirdikləri təqdirdə və özlərinə xas funksiyaları məlum olduğu təqdirdə həyatımızda yerləri vardır.
Etik dəyər qoruyaraq yaşaya bilmək və peşəmizi etik dəyər qoruyaraq görə bilmək üçün, normalardan əlavə etik dəyərin və etik dəyərlərin fəlsəfi  məlumatına əsaslanan fəlsəfi bir təhislə ehityac vardır. Çünki, belə bir təhsil , üz-üzə gəldiyimiz vəziyyətlərdə , insan şərəfinin harada təhlükədə olduğunu görən bir göz əldə etməyimizə yardımçı ola bilər.
Yazılı olan bu universal əxlaqlılıq normaları, digər bəzi  faydaları yanında, yasaların yaradılmasında əhəmiyyətlidir İnsanlar fəaliyyət göstərmək məcburiyyətində olduqları, amma haqqında lazımi bilik sahibi olmadıqları hallarda, ictimai həyatda - milli və beynəlxalq səviyyədə - insan şərəfini qoruma imkanını artırır, amma insan şərəfini qorumağa qeyd-şərtsiz zəmanət vermir. Çünki normalar, etik dəyər qoruyucu qərarlar almağa və ya fəaliyyət göstərməyə yetmir. Bunun səbəbi də, fəliyyət göstərmək zorunda olduğumuz  hər halın tək-spesifik olmasıdır. Bir halda bir normaya uyğun davranmaq, amma etik baxmından dəyərsiz davranmaq mümkündür. Kantın “tapşırığa görə” və “tapşırığa uyğun” davranmaq ayırımı, iki insanın görünüşdə eyni davranışının, fəaliyyətlər olaraq dəyər fərqini açıqca göstərir. 
İnsanlar normalara uyğun davranmağa məcbur edilə bilərlər, amma etik dəyər qorumağa və qorumağı istəməyə məcbur edilə bilməzlər. Bununla belə, elə tədris edilə bilərlər ki, bəziləri belə bir istəməyə sahib ola bilər və həyatlarında - bu vaxt da peşə həyatında - belə fəaliyyətlərini göstərə bilmək üçün lazım olan fəlsəfi dəyər biliyiylə təmin ola bilərlər.  Çünki bu istəmə və bu bilik fəaliyyət göstəriləcək halın biliyiylə birlikdə, müəyyən-gerçək bir halda dəyər qoruyarq - və ya ən az dəyərə sərf edərək - fəaliyət göstərə bilməyin onlarsız mümkünsüz olan şərtlərdir.
Müəyyən bir halda insan şərəfini qorumaq imkanını artıran bir universal əxlaqlılıq bildirişi və bu vaxt “peşə etikaları” yarada bilməyin minimum şərtlərinə gəldikdə; bunlar - mənim görə bildiyim qədəriylə - fəlsəfi etik dəyər biliyi və normalara bağlı epistomoloji və aksioloji bilikdir. İndiki əlaqəli mübahisələrin belə biliklərə - yəni, bir bütöv olaraq etika fenomeninin biliyinə - yetərincə əsaslandığı görünmür.
Etik dəyər qoruyaraq yaşaya bilmək və peşəmizi etik dəyər qoruyaraq görə bilmək üçün, normalardan əlavə etik dəyərin və etik dəyərlərin fəlsəfi məlumatına əsaslanan fəlsəfi bir təhsilə ehtiyac vardır. Çünki, belə bir təhsil, üz-üzə gəldiyimiz vəziyyətlərdə, insan şərəfinin harada təhlükədə olduğunu görən bir göz əldə etməyimizə yardımçı ola bilər.
Platonun dialoglarındakı Sokratesin “heç kim istəyərək pis insan olmaz” prinsipinə və fəzilət ilə fəzilətlərin biliyinə olan ehtiyacı israrla vurğulamasıni daha çox dinləməyimiz faydalı olar. Bu da, ümumi olaraq təhsildə və peşə təhsilində fəlsəfi etik təhsilə daha əhəmiyyətli bir yer ayırmağımızın lazım olduğunu göstərir.
 

Tərcümə edən: Fərhad Seyfullazadə
İoanna Kuçuradi Professor, Dr. Hacettepe Üniversiteti, Fəlsəfə bölməsi, Ankara


Yorumlar