Dilin formalaşmasının ilkin əsasları

Dil  müasir fəlsəfənin ayrılmaz tədqiqat obyekti kimi olduqca xüsusi önəmə malikdir. Dil şüurlu varlıq olan insanın yaşamında həyati önəmə malik olduğu kimi onun düşüncə tərzinin formalaşmasında da aparıcı olandır. İlkin olaraq Humbolt qeyd edirdi ki, dil insanın düşünmə bacarığının əsasıdır. Dilin formalaşması düşüncənin inkişafı ilə eyni zamanda baş
verən və bir birini şərtləndirən prosesdir. Daha sonralar isə Vitgenşteyn dili düşüncənin sərhədlərini müəyyən edən amil kimi qeyd edirdi. Lakin qəti olaraq demək olar ki, dil və onun sərhədləri doğrudan da Vitgenşteynin qeyd etdiyi kimi insan düşüncəsinin sərhədlərini müəyyənləşdirən bir amildir. Çünki sadə bir səbəb, düşünmək üçün bir dilə ehtiyac var. Düşüncələrimiz və fikirlərimiz ancaq istifadə etdiyimiz sözlərlə ifadə oluna bilər. İstifadə etdiyimiz sözlər düşüncələrimizin sərhədləridir.

 Dil haqqında danışarkən təbii olaraq onun meydana çıxma şərtləri və yaranması üçün lazımlı olan mühit xüsusilə nəzərə alınmalıdır. Bu məsələ ətrafında bir neçə ideya və nəzəriyyələr mövcuddur. Bu nəzəriyyələrə qısa şəkildə nəzərə sala bilərik.
İlkin nəzər salacağımız nəzəriyyə təbii olaraq mifoloji-teoloji nəzəriyyələrdir. İstər mifologiyalar istərsə də dinlər dilin yaranmadığını, onun insana Tanrı tərəfindən bəxş edilmiş olduğunu önə sürür. Mifoloji təsəvvürlər içərisində xüsusi  nümunə Babil qülləsi əfsanəsidir. Əfsanədə Tanrının onunla rəqabət etmək kimi bir hissə qapılaraq ona çatmaq üçün “göylərə çatan” qüllə tikmiş olan Babilliləri cəzalandırması və bir-birini başa düşməsinlər deyə fərqli dillərdə danışan qövmlərə ayırmasından bəhs olunur(1).
 Dil məfumu bütün yaradılışlarda Tanrını danışan bir varlıq kimi təsəvvür edir. Onun “ol” deməsi və bütün aləmlərin yaranması buna uyğun misal ola bilər.
Eyni zamanda dinlərdə Tanrının ilk insan olan Adəmi yaratması, Adəmin ilk olaraq Tanrının adını çəkməsi xüsusi önəmə malikdir. Kabbala sistemində Yehovanın dünyanı 22 hərfdən meydana gətirməsi də dil və Tanrı əlaqələrinin teoloji baxışına nümunədir(1).
 Dilin ilkin formalaşması haqqında fikirlər  dünyavi dinlərdən Xristianlıq və İslamda da özünə yer tapır. Hər iki din də dilin ilkin əsasını Tanrıda olduğunu qəbul edir. Əgər Xristianlıq yaradılışında Tanrı Adəmə bütün yaradılanları adlandırmaq vəzifəsi verirsə, İslamda isə əksinə Tanrı Adəmə bütün yaradılanların adını çəkərək tanıdır. Hər iki halda da dil insana mifik-teoloji başlanğıc tərəfindən
bəxş edilir. Bəqərə sürəsi 2:31-də: “(Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün şeylərin adlarını (ismlərini) öyrətdi. Sonra onları (həmin şeyləri) mələklərə göstərərək: "(İddianızda) doğrusunuzsa, bunların adlarını Mənə bildirin!"- dedi.
 Digər bir nəzəriyyə spekulyativ baxışdır. Bu baxışın tərəfdarları (W. Oehl) qeyd edir ki, əslində bir dili başa düşmək üçün sadəcə onun lüğət tərkibinə baxmaq yetərlidir. Sözlər sadəcə olaraq təbiət hadisələri və predmetlərinin səslərinə uyğun olaraq yaranmışdır və onlarla birbaşa bağlıdır. Burda əsas aparıcı amil təqlid edilmədir. Bu nəzəriyyə ilə əlaqədar bəzi radikal fikirlər də meydana gəlmişdir. Məsələn, P. Hardsdörffer bu nəzəriyyəyə əsaslanaraq əslində təbiətin xüsusi bir dil ilə danışdığını və bu danışıq dilinin də Alman dili olduğunu qeyd edirdi(1).
 Mədəni-Antropoloji nəzəriyyə. Bu nəzəriyyənin tərəfdarları arasında iki şəxs xüsusi önəmə malikdir. E. Cassirer və W.von Humbolt. Cassirerə görə dil 3 mərhələdə meydana gəlir. Mimikalar, anoloji eyniliklər və simvollaşdırma. Birinci mərhələ olan mimika mərhələsində insanlar müxtəlif səslərə yiyələnir təbiətən onlara verilmiş jestlərə uyğun olaraq hadisələrə reaksiya kimi xüsusi səslər çıxarırlar. İkinci mərhələdə əvvəlki mərhələdən yadda qalan və mövcud situasiyaya uyğun ola biləcək səslər analoji olaraq təkrar olunur. Hansı ki, artıq bu səslər müəyyən bir hadisə ilə bağlı olaraq yaddaşa həkk olunub. Üçüncü mərhələdə isə bu səslər artıq qavrayışa çevrilir və bu simvolik qavrama prosesinin nəticəsində dil yaranmağa başlayır(1).
 Humbolt isə daha çox dilin formalaşmasını dilin özü ilə həmin dili daşıyan millətin mədəniyyəti arasında dialektik əlaqələrin olması ilə izah edirdi. O dili “nəsildən nəsilə keçən bir fəaliyyət” adlandırırdı. Humbolta görə bir xalqın dili onun mədəni dünyagörüşü ilə qarşılıqlı olaraq bağlı idi. Dilin inkişafı uyğun olaraq ikincinin də inkişafı demək idi. Bu baxımdan dil bir anda yaranan bir fəaliyyət deyil, insanların yaşantıları nəticəsində formalaşan, daim dəyişən və inkişaf edən
fəaliyyətdir.
 Humbolt qeyd edir ki, dil özü bir “nəticə, son məhsul”(ergon) yox, daha çox bir fəaliyyətdir(energeia). “Dil, səsi düşüncənin ifadəsi halına gətirmək üçün ruhun davamlı hərəkətidir”(4, səh. 20). Humbolt  düşüncəni formalaşdıran “səs” dedikdə müəyyən bir qəlibə salınmış səsləri nəzərdə tuturdu. Ona görə ilkin olan təbii səslərə forma verilməklə onu düşüncənin başladığı yer  və “dilin ilk ünsürü” adlandırdığı “səs”-ə çevirir(6).
 Humboltla yanaşı C. Viko da dilin tarixi bir proses içərisində dəyişib inkişaf etdiyini qeyd edir. O yazır ki, “necə ki, dünyanın iqlimləri fərqlidir və bu iqlimlər ayrı-ayrı məkanlarda fərqli xüsusiyyətlərə, adət ənənələrə səbəb olursa, eyni zamanda bu xüsusiyyət və adət-ənənələr də onlar arasında fərqli dillərin formalaşmasına gətirib çıxarır”(5, səh. 98).                                                                                      
 C. Lokk və B. Skinner tərəfindən dəstəklənən başqa bir nəzəriyyə isə empirik nəzəriyyədir. Lokka görə insan beyni “tabula rasa”-dır və ətrafında baş verən hər şey təcrübə olaraq burda qeyd olunur. Daha sonra insan bu təcrübələrdən istifadə edir. Bu baxımdan Lokk dilin inkişafını insanın öz daxilində keçənləri ifadə üçün  təcrübədən qazandıqlarına müraciət etməsi kimi qeyd edir(1).
 Skinner isə dilin formalaşmasını təsir-reaksiya amili kimi nəzərdən keçirirdi. Skinnerə görə biz hələ danışmayan bir uşağa işarələr və səslərlə nəyisə izah edə bilərik və buna uyğun davranış formaları yarada bilərik. Bu izah bir müddət təkrar olunduğundan sonra isə uşaqda həmin davranış formalarının öz-özünə cavab reaksiyası kimi formalaşdığını görəcəyik. Burdan da Skinner belə nəticəyə gəlir ki, dil uyğun anda uyğun təsirlərin yaranması və bu təsirlərin  duyğularla birləşməsi nəticəsində meydana gəlir(1).
 Rasionalist yanaşmanın nümayəndələri olan Dekart və N. Chomsky isə dilin ancaq insana aid olduğu fikrində razılığa gəlirlər. Dekarta görə başqa heyvanlar sadəcə olaraq səslər çıxara bilir və tutuquşularda olduğu kimi bu səslər sadəcə olar
təqliddən başqa bir şey deyil. Çünki heyvanlar öz aralarındakı əlaqə zamanı
tamamilə şüursuz şəkildə hərəkət edirlər, insanların ünsiyyət vasitəsi olan dildə isə şüur və düşüncə elemetləri əsas amildir. Dil ancaq insan nəslinə məxsus olan,sonradan qazanılmayan və doğuşdan gələn bir şeydir(1).
 Chomsky isə dil haqqında danışarkən insanların hamısında ortaq olan, ümumi olandan bəhs edir. Ona görə hər insanda doğuşdan gələn “universal qrammatika” mövcuddur. Bu hamıda olan bir anlayışdır və dillərin ümumi səthi qrammatikasından fərqlidir. Bütün dillər üçün ortaq olan “dərin təbəqə” mövcuddur. Məhz bu anlayışa görə insanlar dilləri öyrənmədə xüsusi bacarığa malikdirlər(3, səh. 132).
 Sonuncu danışacağımız nəzəriyyə isə biloji-təkamül nəzəriyyəsidir. Bu nəzəriyyə dilin inkişafını tamamilə insanın fiziki təkamülü ilə əlaqələndirir. Belə ki, insanın iki ayaq üzərində yeriməsi və digər homini növlərindən fərqlənməyə başlaması, xüsusilə də qırtlaq və nəfəs borusunun fərqli inkişafı daha çox səs çıxarma bacarığına sahib olmasına imkan yaradıb. Bu da öz növbəsində dilin inkişafında əvəzolunmaz rola malikdir. Bu nəzəriyə dilin sadəcə insan növünə aid olmadığını bir sıra başqa heyvanların da sözlərlə olmasa da öz aralarında ünsiyyət vasitəsi formalaşdırdıqlarını qeyd edir(1).
 Dil haqqında öz növbəsində geniş araşdırma aparmış şəxslərdən olan Herderə görə isə hər insanın daxilində bir qanun vardır. Bu qanun “ancaq özün üçün hisslərin danışsın” şəklindədir və buna əsalanaraq da Herder bu səsin dil  olduğunu qeyd edir. Herder dilin birbaşa olaraq bizim fiziki quruluşumuzla bağlı olmadığını qeyd edir. Ona görə ətraf mühit, təbiət bizə müəyyən reaksiyalar(“səs” kimi) bəxş etmişdir. Təbiət məhz səslərlə bizim ilk müəllimiz olmuşdur.
Bütün yuxarıda sadaladığımız nəzəriyyələrdən yola çıxaraq bir az fərqli, lakin daha yeni bir nəzəriyyədən danışmalı olsaq şübhəsiz ki, Mişel Fukoya müraciət
etməli olacağıq. Mişel Fuko özünü “Kəlimələr və şeylər” əsərində ümumi dil
problemi ilə yanaşı dilin meydana gəlməsi haqqında da öz fikirlərini ifadə edir.
 Mişel Fukoya əsaslansaq ilkin dövrlərdə hələ təbiətin insana jestlərlə davranış imkanı verdiyi vaxtlarda adi bir “qışqırıq” və ya “bağırtı” daha çox işarə kimi istifadə olunurdu. Bu “bağırtı” və “qışqırığın” tez-tez uyğun situasiyalarda təkrarlanması onların istifadə olunduğu şəraitə və ya predmetin işarəsi kimi qəbul edilməsi ilə nəticələnmişdi. Bir səsi bir işarə kimi qəbul etmək anlamağın başlanğıcıdır deyir Fuko. Bir səs artıq bir necə subyekt tərəfindən hər hansı bir hadisəni ifadə edən işarə kimi qəbul edildiyi zaman isə artıq ilkin ifadə yaranır, ifadə özlüyündə daha təkmil dilin formalaşmasının əsasıdır. Fuko bu nöqtədə artıq dilin doğulmağa başladığını qeyd edir.
“Bağırmaq” və “qışqırmaq” kimi anlayışlar özlüyündə bir fiziki akt-hərəkət, bədənə bağlı olan bir anlayışı ifadə edir. “Bağırmaq”-ın bir ifadəyə çevrilməsi üçün isə onun hərəkət aktı olmaq-dan azad olması gərəklidir. Fuko Condillac və Destyut de Trasy kimi bu barədə ortaq fikirə gələrək qeyd edir ki, “Hadisə bədənin sadəcə bir uzantısı kimi qaldığı müddətcə heç bir danışıq gücünə sahib deyildir”(2, səh 160)
 Eyni zamanda Fukoya görə jestlər və səslər işarə edildikləri hər hansı hadisə və predmetin tam olaraq təbiətini ifadə edə bilmirdi. “Bağırmaq” və “Qışqırmaq” hardasa qorxunun işarəsidir. Lakin bu işarə bir qədər ümumidir və tam olaraq “nədən qorxulmalı olduğunu” ifadə etmir. Yəni onun təbiətini müəyyən etmir. Bu halda daha fərqli bir izah üsuluna ehtiyac vardır ki, bu da kəlimələr və daha sonra sözlərlə birlikdə dilə çevrilir.
 Fuko qeyd edir ki, insanlar ən birinci təbiətdən işarə edəcəkləri şeyləri alırlar və öz aralarında ortaq bir şəkildə onları işarəyə çevirirlər. Bu işarələr insanları bir-birini başa düşəcək şəkilə gətirir. Eyni zamanda bu ilkin işarələr, daha sonrakı  işarələrin yaranması üçün zəmin rolunu oynayır. Bu baxımdan birinci razılıq daha çox səslər, uzaqdan səslənmə ilə bağlı olur. Çünki gecə vaxtı adi jestlər işə yaramır. Qorxu və həyəcanı adi çağırışdan ayırd etmək məhz işarələrlə daha asan vəziyyətə gəlir. İkinci razılaşmada isə artıq yeni və özlərində olan başqa şeylərə oxşar olanları işarələrə çevirmə mərhələsidir. Artıq ortaq razılığa gəlinmiş bir səs məsələn bir ağacı işarə edirsə, başqa lakin ondan fərqli olan ağacı işarə etmək üçün yenə bu səsdən istifadə olunacaq, lakin fərqli tərzdə. Çünki artıq cari səsin “ağac” anlayışını ifadə etməsi ilə bağlı razılığa gəlinib.
 Burada başqa bir amil “kök (söz)” amili ortaya çıxır. Fukoya görə hər dilin əsasında müəyyən sayda olan kök(əsas) söz mövcuddur. Bu həmin sözlər kəlimələrdir ki, öz varlıqlarını ilkin işarələrdən alırlar, onlardan meydana gəlirlər. Bu baxımdan dillər arasında qohumluğun meydana çıxması və əksər dillər arasında ortaq kök sözlərin mövcud olması tezisi özünü doğruldur. Artıq kök sözlərin meydana gəlməsi ilə işarə ilə onun işarə etdiyi arasında da bir əlaqə qurulur. Beləki, sözlər artıq işarə edilənin mahiyyətini ifadə edir. Mahiyyət onun hər hansı səsi və yaxud da çıxardığı, yaratdığı bir təsirlə ifadə oluna bilər. Əgər ümumi razılıqla “təhlükə” anlayışını hər hansı müəyyən səs ilə ifadə edilibsə, təhlükənin növ fərqliliyi olaraq ortaya çıxan situasiyalarda bu səsdən mütləq şəkildə istifadə olunacaq və ortaya çıxan səs hecalı kombinasiya artıq yeni təhlükənin mahiyyətini də ifadə edəcək. Bunu Fuko “təmsiletmə” ilə qeyd edir. Artıq bir işarə sadəcə olaarq əşyanı yox, onun hər hansı başqa keyfiyyətini də ifadə edərək onun haqqında dolğun və ətraflı məlumat ehtiva edir. Məsələn, “süd” kəliməsi təmsiletmə ilə, isti, içilən, dadlı, ağ və s. mənaların başa düşülməsini təmin edir.
 Fuko bütün bunlarla yanaşı “təhlükə” anlayışını ifadə edən səs məsələsini də izah edir. Belə ki, bu səsin hər hansı bir səsmi, yoxsa zəruri seçilməli olan bir səsmi olması məsələsi müzakirə olunarsa burda artıq təbiət qanunlarına əsaslanılır.
Belə ki, təbiət canlı orqanizm kimi insanda da təhlükəyə qarşı reaksiya amilini eyni
cür müəyyən etmişdir. Uyğun səs və mimikalarla.
 Təmsiletmədən sonrakı mərhələdə artıq Fuko “ümumi qrammatika”-nı qeyd edir. Bu yuxarıda bəhs etdiyimiz anlayışdan fərqli olaraq hər dil üçün xüsusi olması ilə fərqlənir(2,səh 143). Ümumi qarammatika ilkin , unitar şəkildə mövcud olan və danışıq zamanı sözlər-kəlimələr arasında ibtidai uyğunluğu müəyyən edən amildir. Artıq təmsiletmə vasitəsilə ilə adlandırılmış kəlimələrin qarşılıqlı əlaqədə işlədilməsi məhz bu “ümumi qrammatikanın” nəticəsidir.
 Fuko həm də insanların jest olaraq istifadə etdikləri ilkin səslərin heç də dili tam formalaşdıran şeylər olmadığını, dilin “ifadələrin deyil də danışığın meydana gəldiyi andan başladığını” qeyd edir. Dilin təbii əsası düşüncəni daha təkmil ifadə etməsi baxımından önəmli olan cümlə-dir. cümlə ayrı-ayrı sözlərdən təşkil olunur və bu sözlər arasında xüsusi əlaqə ilə dilin bir hissəsinə çevrilir. Əgər əlaqə yoxdursa cümlə sadəcə söz yığınıdır və düşüncənin məhdud ifadəsi ilə bağlı olaraq dil anlayışına daxil ola bilmir. Əgər bir ibtidai insan  hələ də danışa bilmirsə, bu onun beynində kəlimələrin hələ də hansısa bir predmetin səsli işarəsi olaraq qalmasındadır. Onun qarşısına bir qabda süd qoyduğumuz zaman, onun “süd” kəliməsində başa düşdüyü sadəcə olaraq bir maye və bir qabdan ibarət olacaqdır. Çünki, yuxarıda da dediyimiz kimi kəlimə “verilənin” təmsili işarəsinə çevrilməmişdir.
 Hər cümlənin əsası mübtəda, xəbər və onlar arasındakı uzlaşmadan ibarətdir. Mübtəda və xəbər eynicinsli olduqda isə bəzi natamamlıqlar ortaya çıxır. Bu baxımdan feyllərin ortaya çıxması xüsusi əhəmiyyətə malikdir. Çünki “feyllər işarələrin dil halına keçdikləri nöqtədir”(2, səh 139). Fukoya görə məhz feyllər ilk dəfə işarələr və işarə edənlər arasındakı uyğun münasibəti ortaya qoymuşdur. Daha sonrada feyllər(Fuko ilkin əsas kimi “olmaq” feylini nəzərdə tutur) müxtəlif  əlavələr və zamana görə  dəyişmələrə məruz qalmışdır. Hətta aydın şəkildə mövcud olmadıqda belə feyllərin oynadığı “əlaqə” rolu gizli şəkildə mövcud olmuşdur(adlıq cümlə). Bunu daha sadə dildə belə izah edə bilərik. Əgər ilkin olaraq ifadələr və sözlərdən təşkil olunmuş dil vardısa “mən mahnı oxuyanam” ifadəsi meydana gəlirdi, feyllərin olması isə artıq cümləni “mən mahnı oxuyuram” formasına salır. Beləliklə də qarşılıqlı münasibətlər zəminin də ilkin təkmil cümlə formalaşır. Feyllərin cümlə formalaşmasındakı xüsusi rolu eyni mahiyyətdə olan kəlimələr arasında münasibət yaratmasından ibarətdir. Məsələn “ağac” və “yaşıl”, yalnız feylin daxil olması “ağac yaşıldır” cümləsini formalaşdırır. Burdakı feyl isə Fukonun nəzərdə tutduğu “olmaq” feylidir. Hansı ki, təməl feyl hesab olunur. Feyllərin meydana gəlməsi eyni zamanda ilkin , unitar olan “ümumi qrammatikanın” da aradan çıxamasına gətirib çıxarır.
 Ancaq kəlimə(söz) hələ də işarə edən mövqeyindədir. O sadəcə olaraq hər hansı bir hadisəyə verilən ad-dır. Onun ayrı ayrı hissələrini ayrılıqda ifadə etmir. Adların verilməsi adlandırılacaq nəsnələr çoxaldıqca daha da artır. Bu labüd edir ki, nə qədər gözlə görünən və adlandırılması lazım olan nəsnə varsa xüsusi bir ad verilsin. Nəticədə adlar  predmeti işarə edən, bildirən kimi xüsusi əhəmiyyətlidir. Adların bu qədər çox olması ilk növbədə onu yadda saxlamağı və düzgün işlətməyi mümkünsüz edir. Bu baxımdan da başqa bir yönəlmə, ümumiləşdirmə və keyfiyyət kateqoriyalarına görə bölgü anlayışı yaranır. Artıq bu bölgü prinsipinə görə bir birinə oxşar olan predmetlər eyni adla adlandırılır, ümumi olan adlardan isə sadəcə keyfiyyətə yönəlmiş fərqlər nəzərə alınaraq yeniləri meydana gəlir.
Daha sonra Fuko dildə istifadə olunan bu günə qədər gəlib çıxmış törəmə anlayışları və mənaları da izah edir. Əslində bir çox sözün öz ilkin mənasından uzaqlaşaraq törəmə məna qəbul etməsi və dəyişilməsini Fuko, ilkin əlifbaların meydana gəlməsi, bununla da insanların predmet və hadisələri deyil, məhz onların
 işarəsi olan səsləri yazıya alması baxımından səslərin təmsili mənaları ilə aralarındakı əlaqənin qırılması ilə izah edir. Bu artıq irəliləyən dövrdə dilin istər lüğət tərkibi, istərsə də məna baxınından inkişafının əsasını təşkil edir.
Sonda dediklərimizə əlavə olaraq dilin formalaşması üçün gərəkli olan şərtlərə iki fərqli amili də daxil edə bilərik. 1. Sosial mühit(sürü, icma, qəbilə, adi bir insan və s.) 2. Daha geniş ətraf mühitin mövcud olması.
 Birinci şərti ona görə nəzərə alırıq ki, dilin formalaşması üçün və xüsusilə də ilkin işarə mərhələsində insanı ancaq başqa bir şüurlu varlıq olan insan anlaya, başa düşə bilər. Bu baxımdan əvvəldə də bəhs etdiyimiz Humbolta qayıtmalı oluruq. Onun fikrincə dil cəmiyyətin məhsuludur. Dil fərdi deyil məhz icma və cəmiyyətin kollektiv mühitində formalaşmış, sonrakı nəsillər tərəfindən də mənimsənilmiş bir fəaliyyət növüdür. Humbolt hətta düşüncənin qaynağını da cəmiyyət amilinə gətirərək qeyd edir ki, “mən”-in düşünməsi üçün, labüd bir şəkildə ayrıca “sən”-in də mövcud olması lazımdır.

 İkinci şərti nəzərdən keçirdiyimizdə isə işarə ediləcək və daha sonra da adlandırılacaq şeylərin çox olması dilin sonrakı inkişafında da olduqca önəmli olmasını görürük. Xüsusilə də bu kənar ünsürlər qismində insan cəmiyətlərinin həyat məkanları və həyati vasitələri daha müəyyən formadadır. Məsələn, Ernst Rennan başqa bir filoloqun  “Das Kamel” adlı məqaləsinə istinad edərək bildirir ki, ərəb icmasında dəvə ilə bağlı 574 müxtəlif ifadə mövcuddur. Eyni məsələ lapland dillərində maralları adlandırmaq üçün 30-a yaxın ifadənin olmasında da özünü göstərir. Göründüyü kimi, dil insan və onu əhatə edən ətraf mühit arasındakı münasibətləri adlandırmaqda və yaşayış formasını müəyyən etməkdə xüsusi rola malikdir.



                                                                                                                           Araz Əliyev


Ədəbiyyat
  1. Hasan Çavuş “Dilin ortaya çıkışı ile ilgili teoriler”, İstanbul, 1996.
  2. Mişel Fuko “Kelimeler və Şeylər”, M.A. Kılıçbay, İstanbul, 2015
  3. Noam Chomsky,Mişel Fuko “İnsan Doğası: İktidara Karşı Adalet” T.Birkan, İstanbul, 2005.
  4. Rabia Topkaya,“Humbolt felsefesinde dil-kültür ilişkisi”, ViraVerita E-Dergi,2016.
  5. Umberto Eco, “Avrupa Kültüründe Kusursuz Dil Arayışı”, K.Atakay, İstanbul, 2011
  6. Wilhelm von  Humboldt, On Language, Peter Heath, Cambridge: Cambridge University Press, 1988.






Yorumlar