Death infeksiya


İnsanın insana canavar olmasını vurğulayan hər kəs statistika olaraq bəşəriyyətin yarandığından günümüzə qədər yalnız bir neçə yüz il müharibəsiz dövr olduğunu deyirlər. Müharibələr insanların kütləvi ölümünə səbəb olur. Ancaq yalnız müharibələr mi? XX əsrin əvvəllərində 2 Dünya müharibəsi milyonlarla insanın həyatını aparsa da, lakin İspan qripi heç də az ölümə səbəb olmamışdır. 
Lakin İspan qripi özü də kütləvi ölümlərə səbəb olan yeganə hal olmamışdır. Zika, ebola virusları qara taunvərəqs taunu və s. hadisələr də milyonlarla insanın tələfinə səbəb olmuşdur. Ancaq bu ölüm yoluxduruculuğu nəyinki kütləvi,bir çox fərdi hallarda da müşahidə olunur ki, bura da GİCS, narkomaniya və s. aiddir.Necə adlandırılmasından asılı olmayaraq, ölümü epidemik infeksiya halına gətirən bu halların simptomları görəsən nələrdi? Və kütlənin fəlsəfi fikirləri ilə bu halların əlaqəsi və qarşılıqlı təsiri varmı?

Özəl yanaşma ilə baxsaq, əslində epidemiya – məyyus olmuş bəşərin bəşəriyyətdən aldığı qisasdır. Kinematoqrafiya dili ilə danışsaq, V for virus da deyə bilərik.Epidemiyanın qisasçılıq nəticəsi olmasını isə elə əsatirlərdə dəgörə bilərik. Litva əsatirlərində deyilir ki, Qiltene adlı gözəl bir qız ərə gedəndə, aldadılıb, diri-diri basdırılmışdır. 7 il qəbirdə qalan Qiltene, sonrada torpağın altından çıxmağı bacarsa da, cəsədi artıq ölüb, skeletə çevrilmişdir. Ruhu narahat olduğundan tələf olmuş bədəni tərk etmədi. Qəbirdən çıxan skelet özünün kapüşonlu balaxonunu (kəndlilərin geyindiyi üst geyim) geyinib, əlinə dəryaz götürərək, qəbirsanlıqda olan digər meyitlərin bədənlərinə dəryazı sürtərək, dəryaza vəba infeksiyasını keçirdi. Sonra isə həmin dəryaz ilə kapüşonlu skelet dünyanı gəzməyə başladı və yolunda kimi görürdüsə ya bu dəryazla öldürürdü və ya boynunu sındırırdı. (1) Beləcə əvvəllər gözəl bir qız olmuş Qiltene, ölüm və vəba tanrısına çevrildi. Qilteneni diri-diri gömməsəydilər, yenə də Qiltene ölüm tanrısına çevrilərdi mi? Əslinə baxsaq, bu hadisə adi bir kəndli qızın aldadılmasına görə çıxdığı qisasdır. Bu hadisə sadəcə mif olsa da, hər bir mifin söykəndiyi bir həqiqət olmuşdur.
Tarixdə ən böyük epidemiya sayılan taunlar da sadəcə xəstəliyə yoluxmuş insanların digərlərini yoluxdurmaları ilə artırdı. Rəvayətdə deyilir ki, ortaəsr Avropa kilsələri cadugər qadınların köməkçilərinin pişiklər olduğunu deyib, pişiklərin kütləvi məhvinə başladılar. Pişiklərin olmadığı yerlərdə isə artıq siçanlar sərbəst gəzişə bilirdilər ki, kanalizasiyasız küçələrdə çirkablardakı viruslardan xəstələnən siçanlar çox rahatlıqla insanları yoluxdura bilirdilər. Tauna yoluxmuş insanlar isə kilsə rahiblərinin yanına gedib, dərdlərinə dərman tapmayanda, artıq bu rahiblərə inam da azalırdı. Belə inam azalmaları isə tədricən kilsə fəlsəfəsi olan sxolastikanın tənqidlərinə və son olaraq devrilməsinə gətirib çıxarmışdır. İronik bir fakt ondan ibarətdir ki, sonuncu sxolast-filosof sayılan Uilyam Okkam özü də taundan vəfat etmişdir. Lakin sxolast filosoflara heç də mənfi bir insanlar kimi yanaşmaq lazım deyil. Elə sonuncu sxolast sayılan Okkam özü əslində elmin inkişafının tərəfdarı olaraq, Allaha inamla xurafatı qarışdırmamağı deyirdi və təbiəti, dünyanı dərk etmək üçün elmin inkişaf etməli olduğunu qabardırdı. Hətda filosofun təklif etdiyi “qənayət prinsipi” tarixə “Okkam ülgücü” adı altında düşərək, daha çox ateistik tərəfdən şərh edilir (Bir şeyi az olanın vasitəsi ilə izah etmək olursa, çox olandan istifadə etmək lazım deyil). Taun zamankı insanların çöküşü, egoizmə qapılmaları, yadlaşmaları və epidemiya ötdükdən sonra artıq əvvəlki həyat tərzinə qayıda bilməmələri tarix boyu müşahidə olunan hallardan olub. İnsanın varlıqla yaşadığı bu problemləri isə Albert Kamyu özünün “Taun” əsərində təsvir etmişdir. Əsərdə tauna yoluxan birinin qəsdən eyvandan tüpürməsi, digərinin yoldan keçən sağlam insanları möhkəm qucaqlayıb, “Mən taun xəstəsiyəm” qışqırması və sair səhnələr insanların “Mən əzabla öləcəmsə, qoy digərləri də ölsün” fikirlərini görsədirdi. Taun əsərində səhnələrdən birində Kamyu söz oyunu edərək, keçən əsrin əvvəllərində milyonlarla insan öldürmüş digər epidemiyaya da işarə verirdi. Əsərdə səhnələrin birində bir turist karantin olmuş Oran şəhərindən qaçmaq istəyirdi. Bu zaman ona qoca qadın dedi ki, sən qorxmursan mı yaxınlarının ölümünə səbəb olacaqsan xəstəliyinlə? Həmin qadın İspaniyadan idi ki, burada da müəllif İspan qripi epidemiyasına da allyuziya verirdi.
İspan qripi I Dünya müharibəsindən sonra milyonlarla insanın həyatını almış bir pandemiyadır. İspan qripinin özünə qədər olan epidemiyalara nisbətən daha çox faciyəvi olmasına əsas səbəblərdən biri nəqliyyat sisteminin inkişafı olmuşdur. Əvvəllər müharibələr daha lokal olurdularsa, indi müharibədə iştirak etmək üçün digər qitələrdən gəlirdilər. Səngərlərdə qeyri-insani şəraitdə virusa yoluxan əsgərlər isə, geriyə vətənlərinə qayıdanda digər insanları da yoluxdururdular.Bu isə insanların daha da miskinləşməsinə, nihilisləşməsinə gətirmişdir ki, nəticədə ekzistensializm daha da güclənmiş, bundan başqa incəsənətdə dadaizm cəryanı da yaranmışdır. Bunun səbəblərindən biri isə İspan qripinin tibb sistemini çökdürməsi ilə bərabər, cəmiyyətdə mövcud olan etika-estetika normalarını da sirkələtmişdir. Buna misal kimi, bəzi ölkələrdə hərbi rejimin tədbiq edilməsi, məktəblərin bağlanması, meyitlərin tabutsuz, bir başa eksqavatorla, kütləvi şəkildə dəfn olunması, bəzi yerlərdə meyitləri basdırmağa yerin olmaması, bəzi yerlərdə dükanlarda insanlara heç nə satılmaması kimi halları demək olar. Hətda ABŞda bir ara əl-ələ görüşmək belə qadağa olunmuşdur. Mövcud olmağı mənasızlıq kimi görən dadaizm cəryanı, bəzi tədqiqatçıların fikrincə, postmodernizmin sələfidir. İspan qripinin daha bir nəticəsi isə yevqenika nəzəriyyəsinə vurduğu güclü zərbə idi. Bu nəzəriyyəyə görə, seleksiyanı keçmiş insanlar həm də fiziki olaraq daha sağlam idilər ki, bu insanlar artıq xəstəliklərə yoluxmamalı idilər. İspan qripi isə heç kimə acımadan, rast gəldiyi əksər insanları xəstəlikdən öldürürdü.
XX əsrin sonlarına doğru tibbdə aşkarlanmış qlobal təhlükəli xəstəliklər arasında əsas yerlərdən birini də hal hazırda Dünyadakı insanların 1 %-nın yoluxduğu qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) tutur. QİÇSin statisrikası barədə onu deyə bilərik ki, QİÇSə yoluxmayan ölkə yoxdur, QİÇSə yoluxduğunu bilməyən ölkə var. Bu cinsi xarakterli xəstəlik olub, tam seksual sərbəstlik verən ölkələrdə də var, olduqca konservator ölkələrdə də. QİÇSin digər öncəki viruslardan əsas fərqi – dünya səhiyyəsinə və sosiologiyasına vurulmuş möhkəm sillə təsiri verməsindədir. Belə ki, QİÇSin artıq qlobal problem olduğunu qəbul edən ölkələr, öz daxillərində ailə-uşaq məsələlərinə daha çox fikir verməyə başladılar. Artıq ölkələrdə nigah öncəsi tibbi müayinə, insanların periodik müayinəsi və s. profilaktik xarakter daşıyan tədbirlər keçirilir.Bu tədbirlər sağlamlığın artması ilə bərabər, cəmiyyətdə əxlaq normalarının da möhkəmləndirilməsinə gətirir. Bu virusa yoluxmuş insanlar isə cəmiyyətdən daha da ağır qisas çıxmağa çalışırlar. Bir neçə il qərb ölkələrində yayılmış bir sub-hərəkətin üzvləri QİÇSə yoluxmuş adamlar idi. Onlar isə kinoteatrlara, binaların pilləkənlərində tutacaqlara və digər ictimai yerlərdəki tutacaqlara öz qanlarını sürtürdülər ki, yoluxma daha da qlobal hal alsın. Onların etdiyi çox amasızcasına görünsə də, onda bu suala səmimi cavab verək – həkim bizə yaxın müddətdə əzabla öləcəyimizi desə, biz nə edərdik? Buna görə də QİÇS ümumilikdə cəmiyyəti insanlara laqeyid və neqativ münasibətini müsbət tərəfə dəyişdirməyə vadar etdi, çünki QİÇSin inkişaf etməsi üçün ən yaxşı mühit – laeyid cəmiyyətdir.
Narkotik maddələrin insanı zombiləşdirməsiheç də yeni fakt deyil. Bunun tarixi misalını isə haşhaşilər görsədiblər. Onlar insanları narkotik alüdəcisi edərək, onlara başqalarının qətlini və ya digər terror əməlini sifariş verirdilər və yalnız cinayət törədildikdən sonra mükafat olaraq yenidən narkotik doza verirdilər. Digər tarixi misalda Asiya dövlətlərini siyasi-iqtisadi mənada çökdürən tiryək müharibələrini demək olar.Bundan başqa bir çox qida şirkətlərinin, aşbazların satışdan daha çox gəlir əldə etmək məqsədi ilə yeməklərə, içkilərə tiryək qatmaları faktı məlumdur. Belə ki, artıq asılılıq yaranmış müştərilər, özlərin də səbəbini bilmədən yenidən və yenidən həmin qida məhsullarını alırdılar.Narkotik maddələr, arzuların rekviyemi olaraq, məyyus olmuş insanları istəmədikləri əməlləri törətməyəməcbur edərək, onları ölümə aparırlar. Bu rekviyem əsrlər boyu insanları yadlaşmaya aparsa da, bunu ilk görən ekzistensialistlər olmuşdur. Lakin ekzistensialistlər sadəcə yadlaşmanın mövcudluğunu demişdilər. Bəzi tədqiqatçılarisə Şopenhauerin iradə azadlığına istinad edərək, alüdəçiliyin səbəbi insanların fərdi hedonizmə meyl etmələrində görürlər.
Vəba və İspan qripindən sonra tibb güclü inkişaf etsə də, 2014 – 2015-ci illərdə Ebola və Zika epidemiyaları, onlardan əvvəl quş və donuz qriplləri öncəki pandemiyalardan kifayət qədər yaxşı nəticə çıxarılmadığını görsətdilər. Quş və donuz qripləri inslarlara müvafiq canlının məhsullarının istifadəsindən keçirdi. Bununsa səbəbi bir çox ölkələrdə qida sənayesinə nazərətin formal xarakter daşıması idi ki, xəstə olan heyvan ətləri kütləvi satışa keçə bilmişdir. Ebola və Zika virusları isə müvafiq olaraq Afrikanın və Braziliyanın kasıb rayonlarında pandemiya halını almışdılar. Daha yüksək xəstəxanaların daha yüksək ödəniş istədiklərindən, bu viruslardan xəstəxanala edilən ilk müraciyətlərə də barmaqarası baxılaraq, əslində infeksiyanın yayılmasına süni şərait yaradılırdı.
İnsanları kütləvi və fərdi şəkildə ölümə sürükləyən daha minlərlə problem var. Bu ölüm infeksiyalarının əksəri bioloji mənşəlli olsa da, belə yoluxduruculuqdan başqa ölümün ideoloji yoluxduruculuğu da var ki, bura kütləvi intiharlar, Verter sindromu, mavi balina və s. aiddir.Əslində bu infeksiyalar cəmiyyətdə tək halda olmur və biri digərinə gətirib çıxarır. Məsələn QİÇSə tutulan biri bəzi hallarda narko-asılılıqdan da əziyyıt çəkə bilər. Ən sonda isə özünü tam məyyus hiss edib intihar da edə bilər. Həmin intihar isə böyük səs-küy doğursa, Verter effektinə də gətirə bilər. Bu effekt zamanı oxşar məyyusluğu yaşayan digər insanlar, başqasının intiharından cəsarətlənərək, özləri də intihar edə bilər. Əslində fikir versək, Roma imperiyasında Yustinian vəbası və ötən günlərimizdə ən azı şərqi Avropanı titrədən mavi balınanın hər ikisi cəmiyyətin diqqətindən kənarda qalan insanlarla baş verir. Roma küçələrində evsiz eşiksiz qalan insanlar, xüsusi ilə də lupanar sakinləri küçədəki heyvanlardan viruslara  yoluxub onu digər şəxslərə təsadüfən,çox vaxt isə qəsdən ötürürdülər.Mavi balinada da ən çox özünü valideyinlərinə sübut edə bilməyən, valideyinlərinin önəmsəmədiyi yeniyetmələr öz həyatlarına tam laqeyidləşib #oyunda olduqlarını bəyan edirlər.
Əslində cəmiyyətimizin əsas problemi bizim bir birimizi önəmsizləşdirmək, görməməzlikdən gəlməyimizdir. Bunun nəticəsidir ki, kütlə içində yalqız qalan fərdlər bəzən bütün bəşəriyyətdən qisaslarını çıxmağa çalışırlar. Cəmiyyətsə bunları yüzilliklərdi görür və yüzilliklərdir daha ağır fəsadlarınıyaşayır, lakin hələ də yadları görməzlikdən gəlir. Bu özlüyündə insanlarda nihilism, tənhalaşma, yadlaşma yaratmaqla birgə, həmçinin ictimai normaların, institutların da dəyərsizləşməsinə gətirib çıxarır. Məsələn, əvvəllər intihar, boşanma hadisəsiləri insanlar arasında böyük rezonans yaratsa da, dövrümüzdə bu hadisələr insanların gözündə də olduqca adiləşib və yalnız formal statistika xarakterini alıb.Kamyu kimi biz də analogiya aparsaq, cəmiyyət Sizif kimi daşın qayadan aşdığını görüb, onu yenə qayaya gətirir, yenə və yenə. Hər dəfə də yeni bir bəla olsa da. Bəlkə də epidemiyalar gələcəkdə də olacaq, daha ağır, daha dəhşətli. Bu death infeksiyaları dezinfeksiya etmək olar – onunçün ilk öncə insan təfəkküründən başlayıb, cəmiyyətdə heç kimin bioloji tullantı olmadığını, hamının bir fərd olduğunu və bu səbəbdən fərdi xoşbəxtlik hüququ olduğunu dərk etməliyik. Bax bu zaman biz görsədə bilərik ki, somasız da hamı xoşbəxtdir (6).




Cavidan Hacıyev




Ədəbiyyat:
  1. Death (personification)/wikipedia.org
  2. Уильям Оккам (1280 – 1349) http://www.solecity.ru
  3. How the 1918 Flu Pandemic Revolutionized Public Health https://www.smithsonianmag.com
  4. Философские и правовые обоснования проблемы смерти и умирания при СПИДе.Умирание и смерть:философия, психология, хоспис. http://vsem-mirom.narod.ru
  5. Философские аспекты причин наркомании. Никитин Ю. А. / Известия Российского государственного педагогического университета им. А.И. Герцена, 2008. səh, 261 – 264
  6. O. Hakslinin “Cəsur yeni dünya” distopiyasında, gələcəkdə hamının soma narkotikinin alüdəcisi olacağı və hər bir problemin soma qəbulu ilə həll olunacağı deyilir. İstənilən problemdən çıxışı soma qəbulundə görən insanların yeni həyat lozunqu isə “İndi hamı xoşbəxtdir” kimi səslənir. Biz bu sitata allyuziya verərək, onu demək istəyirdik ki, əgər cəmiyyətdə insan varlığı daha dəyərsizləşdirilməsə, onda narkotik olmadan da insanlar əsl xoşbəxtliyi duyarlar. Cəsur yeni dünya/Vikipedia.az


Yorumlar